Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) qlobal ekoloji problemlərin müzakirəsi baxımından mühüm beynəlxalq platforma olub.
Noyabrın 9-dan 22-dək davam edən konfransda iqlim dəyişikliyinin fəsadları, qlobal istiləşmə, ekoloji təhlükəsizlik və yaşıl enerji keçidi əsas müzakirə mövzuları sırasında yer alıb. Bununla belə, fosil yanacaqlardan mərhələli imtina və iqlim maliyyələşdirilməsi məsələlərində ölkələr arasında fikir ayrılıqları qalıb.
Konfransın yekunları beynəlxalq iqlim siyasətində öhdəliklərin konkret əməli addımlarla dəstəklənməsinin vacibliyini bir daha gündəmə gətirib.
COP31-də iştirakçı olmuş “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova Herbiand.az-a açıqlamasında bildirib ki, sessiyanın nəticələri qlobal iqlim böhranı ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, ekoloji öhdəliklərin real fəaliyyətə çevrilməsinin və fosil yanacaqlardan mərhələli imtina istiqamətində konkret addımların atılmasının vacibliyini bir daha ortaya qoyub: “COP31-in müzakirələri iqlim böhranının ətraf mühitlə yanaşı, iqtisadi inkişaf, sosial rifah və qlobal təhlükəsizlik üçün də ciddi çağırışlar yaratdığını bir daha nümayiş etdirdi.
Qlobal istiləşmənin sürətlənməsi, ekstremal hava hadisələrinin artması və biomüxtəlifliyin azalması dövlətlərdən daha çevik və məsuliyyətli siyasət tələb edir.
Konfrans çərçivəsində yaşıl enerji keçidi, ekoloji təhlükəsizlik və iqlim maliyyələşdirilməsi məsələlərinin müzakirəsi mühüm əhəmiyyət daşıyır. Lakin fosil yanacaqlardan mərhələli imtina ilə bağlı yekun razılığın əldə olunmaması beynəlxalq iqlim siyasətində mövcud ziddiyyətlərin hələ də aradan qalxmadığını göstərir.
Enerji təhlükəsizliyi ilə iqlim öhdəlikləri arasında balansın yaradılması bəhanəyə deyil, konkret fəaliyyətə əsaslanmalıdır”.
QHT sədəri hesab edir ki, inkişaf etmiş ölkələr iqlim dəyişikliyinin nəticələrindən daha çox zərər çəkən dövlətlərə maliyyə və texnoloji dəstəyi artırmalıdırlar: “Xüsusilə inkişaf etməkdə olan ölkələrin yaşıl texnologiyalara çıxış imkanlarının genişləndirilməsi vacibdir.
İqlim maliyyələşdirilməsi yalnız vədlər səviyyəsində qalmamalı, real layihələrə, ekoloji infrastrukturun qurulmasına və bərpa olunan enerji mənbələrinin inkişafına yönəldilməlidir.
Digər mühüm məsələ su ehtiyatlarının qorunması, torpaq deqradasiyasının qarşısının alınması və meşə fondunun genişləndirilməsidir.
Azərbaycan üçün də iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşma, su ehtiyatlarının səmərəli idarə olunması və alternativ enerji potensialından istifadə strateji əhəmiyyət daşıyır.
İqlim böhranı ilə mübarizədə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının, ekoloji təşkilatların və ictimaiyyətin fəal iştirakı təmin edilməlidir.
COP31-in nəticələri göstərir ki, beynəlxalq iqlim öhdəliklərinin real nəticələrə çevrilməsi üçün siyasi iradə, qarşılıqlı etimad və konkret fəaliyyət mexanizmləri vacibdir”.
Aydın