Advertisment

Zəfərin strateji coğrafiyasından dirçəlişin iqtisadi üfüqlərinə - Kəlbəcər

Kəlbəcər Azərbaycanın o nadir bölgələrindəndir, burada dağların ucalığı bir relyef (tə­biət) hadisəsi olmaqdan başqa, dövlətçilik iradəsinin də ölçüsünə çevrilib.

O baxımdan 25 Noyabr – Kəlbəcər Şəhəri Günü bir yaşayış məntəqəsinin azadlığına həsr olunmuş təqvim hadisəsi olmaqdan çıxaraq ölkəmizin hərbi qüdrətinin siyasi sonuca, həmin sonucun isə iqtisadi və ictimai quruculuğa çevrilməsinin rəmzidir. – Rəhmətlik Cəfər Cabbarlı demiş:
“Şiş ucları buludlarla döyüşən,
Dağlarında buzları var ölkəmin.
Göy otlardan ipək paltar geyinən
Tarlaları, düzləri var ölkəmin.” – Bax, bu mənzərə ölkəmin Kəlbəcərində də eynən belədir...
Deyir, bəzən coğrafiya bəzənib-düzənib tarixə yön verir, bəzən də tarix coğrafiyanın siyasi taleyini yenidən müəyyənləşdirir.
1993-cü il aprelin 2-də Kəlbəcərin işğalı Azərbaycan üçün böyük ərazi itkisi olmaqdan daha ağır, daha dərin itkiydi.

Bu, ölkənin önəmli dağlıq (təbii) müdafiə mövqelərindən, təbii sərvətlərindən, su ehtiyatlarından, daşımaçılıq imkanlarından və bütöv bir bölgənin inkişaf perspektivindən məhrum edilməsi demək idi. – On minlərlə insan doğma yurdundan didərgin düşdü, sosial infrastruktur dağıdıldı, tarixi-mədəni irsə ağır zərbələr vuruldu.

BMT Təhlü­kə­sizlik Şurasının 822 saylı qətnaməsi Kəlbəcərdən və digər işğal olunmuş ərazilərdən işğalçı qüvvələrin çıxarılması tələbini beynəlxalq hüquq müstəvisində təsbit etsə də, bu tələb uzun illər yerinə yetirilmədi. – Daha doğrusu, qərar qəbul edənlər və digər beynəlxalq quruluşlarca yerinə yetirilmədi; yerinə yetirən özümüz olduq – Dəmir Yumruqla!..
Burada tariximizin önəmli bir dərsi var: beynəlxalq hüququn mövcudluğu ilə onun təmin edilməsi eyni anlayış deyil.

Hüquqi mövqenin siyasi iradə, diplomatik ardıcıllıq, iqtisadi dayanıqlılıq və hərbi qüdrətlə tamamlanması zəruridir. Azərbaycanın 2020-ci ildə qazandığı Zəfər bu amillərin qarşılıqlı təsirinin parlaq sonucu oldu.
44 günlük müharibədə Ömər aşırımı səmtində, ümumən Kəlbəcər yönündə əldə edilən önəmli hərbi üstünlüklər xüsusi strateji anlam daşıyırdı. Şanlı Azərbaycan Ordusunun vacib yüksəkliklərə nəzarəti ələ keçirməsi qarşı tərəfin manevr və təchizat imkanlarını daraltdı.

Mu­rovdağ istiqamətindəki uğurlar ümumi əməliyyat şəraitinə təsir göstərməklə yanaşı, Kəlbəcərin sonrakı taleyini müəyyən edən hərbi-siyasi şərtlərin formalaşmasına da xidmət etdi.

Sonucda 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəlli Bəyanata uyğun olaraq, noyabrın 25-də Kəlbəcər öz bayrağımıza qaytarıldı. Beləliklə, hərbi qələbə əlavə genişmiqyaslı şəhər döyüşləri aparıl­ma­dan əlçatmaz ərazinin geri alınması ilə tamamlandı.

Həmin hadisə çağdaş Azərbaycan hərb və diplomatiya tarixində ayrıca öyrənilməyə layiqdir. – Kəlbəcərin qaytarılması döyüş meyda­nın­da yaranmış üstünlüyün danışıqlar masasında konkret ərazi-siyasi sonuca çevrilməsinin bariz örnəyidir; bununla belə, dövlətçilik baxımından ərazini azad etmək qədər, onu güvənli müdafiə və davamlı inkişaf məkanına çevirmək də vacibdir.
Kəlbəcərin geostrateji mövqeyi onun Azərbaycan təhlükəsizlik sistemindəki önəmini artırır. Yüksək dağ silsilələri, mürəkkəb relyef, sərhəd bölgəsi və bağlantılar imkanı burada çağdaş hərbi infrastrukturun, güvənli logistikin, kəsintisiz rabitənin və dayanıqlı enerji təmi­natının xüsusi önəm daşıdığını göstərir.

Bu anlamda Kəlbəcərdə aparılan yol-tunel tikintisini təkcə daşımaçılıq layihəsi kimi dəyərləndirmək yetərli olmaz. Toğanalı–Kəlbəcər–İstisu avto­mobil yolu və Murovdağ tuneli iqtisadi inteqrasiya ilə təhlükəsizlik maraqlarının qovuşduğu strateji infrastrukturdur. Bu layihələr bölgənin ölkənin digər regionları ilə ilboyu bağlantısını yaxşılaşdırmağa xidmət edir. Beləliklə, yolçu və yük daşımaları asanlaşır, fövqəladə hallarda operativ hərəkət imkanları genişləndirilmiş olur.

Başqa sözlə, Kəlbəcərdə çəkilən yol həm də dövlətin bölgədəki davamlı iştirakının maddi ifadəsidir. Əlbəttə, Yeni Kəlbəcərin iqtisadi fəlsəfəsi yalnız təbii sərvətlərdən istifadə ilə sınırlanmamalıdır. – Başlıca məsələ təbii üstünlükləri insan rifahına, dayanıqlı məşğulluğa və uzunmüddətli iqtisadi dəyərə çevirməkdir.

Kəlbəcərin hidroenerji qaynaqları bu baxımdan cid­di imkanlar açır. Kiçik su elektrik stansiyalarının tikilməsi, yenidən qurulması bölgənin enerji təminatını gücləndirməklə yanaşı, Azərbaycanın yaşıl enerji siyasətinə də töhfə verir. Bununla belə, dağ çaylarının ekoloji tarazlığının qorunması, su hövzələrinin elmi əsaslarla idarə olun­ması və biomüxtəlifliyin mühafizəsi Böyük Qayıdışın iqtisadi əsaslarına çox yaraşacaqdır.

Kəlbəcərin digər üstünlüyü mineral suları, sağlamlıq turizmi, dağ turizmi, arıçılıq və kənd təsərrüfatının spesifik sahələri ilə bağlıdır. Yenidən fəaliyyətə başlayan “İstisu” mineral su zavodu bunun konkret örnəyidir. İllik istehsal gücü 100 milyon şüşədən artıq olan müəssisə yerli məşğulluğun və regional istehsalın genişləndirilməsi baxımından önəm daşıyır.

Layihələr yerli əhalinin yaşam keyfiyyətini yüksəltdikcə, gənclərə peşə və işqurma imkanları yaradıl­dıqca, iqtisadi yetərlilik möhkəmləndikcə Kəlbəcərin üzü daha aydın güləcək.
Kəlbəcərin 2040-cı ilədək inkişafına dair Baş planı bu hədəflərin şəhərsalma müstə­vi­sində gerçəkləşməsinə cavab verir. Təxminən 17 min nəfərlik əhali üçün nəzərdə tutulan gə­ləcək şəhər yaşayış, təhsil, səhiyyə, istirahət və ictimai xidmətlərin qarşılıqlı əlaqədə qurulduğu çağdaş məkan kimi layihələndirilir.

2025-ci ildə Kəlbəcərə ilk ailələrin qayıdışı, bu il, bu ayın ilk günlərinə olan bilgilərə görə, orada 162 ailənin – 681 nəfərin məskunlaşması Böyük Qayıdışın artıq real insan tale­lə­rində ifadə olunduğunu göstərir.
Bəli, Qayıdış ərazinin sosial-iqtisadi yaşamının, yaşarlılığının bərpası prosesidir. Ev tikmək başlanğıcdır; iş yeri, məktəb, sağlamlıq ocağı, mədəniyyət ocağı, xidmət sektoru və yerli sahibkarlıq mühiti yaratmaq isə qayıdışın davamlılığını təmin edən əsas şərtlərdir.
Kəlbəcərin gələcək inkişaf modelində dövlət yatırımı ilə özəl təşəbbüs arasında sağlam tarazlıq qurulması, turizm potensialının ekoloji həssaslıqla uzlaşdırılması, yerli icmaların qərarvermə prosesində iştirakının genişləndirilməsi də önəm daşıyır.

Bütün bunların fonunda Kəlbəcər həm də savaşsonrası dönəmin vacib siyasi göstə­ri­cilərindən biridir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi Güney Qafqazda yeni münasibətlər sisteminin formalaşması üçün hüquqi-siyasi zəmin yaradıb.

Bu zəminin dayanıqlı sülhə çevrilməsi isə qarşı tərəfin sərhədlərə sayğısından, təhlükəsizlik öh­dəliklərindən və iqtisadi işbirliyi imkanlarının gerçəkləşdirilməsindən asılıdır.

Kəlbəcər bu anlamda gələcək regional münasibətlərin də mühüm məkanıdır.
Zəfərin tarixi dəyəri onun yaratdığı gələcək imkanlarla daha da böyüyür. – 25 Noyabr bunu bizə bir daha xatırladır. Azərbaycan əsgərinin fədakarlığı ilə qurtulmuş torpaqlarda qurulan hər ev, çəkilən hər yol, açılan hər iş yeri həmin Zəfərin sülh dönəmindəki davamıdır.

Kəlbəcər artıq xəritədə bərpa edilmiş ərazi bütövlüyünün göstəricisi olmaqla yetinmir. O, dövlətin müdafiə qüdrətinin, iqtisadi imkanlarının, quruculuq iradəsinin bir-birini tamamladığı yeni inkişaf məkanına çevrilir.

Dövlətin gücü torpağı azad etməkdə, dövlətçilik müdrikliyi isə azad edilmiş torpaqda təhlükəsiz, firavan və ləyaqətli həyatı davamlı etməkdə görünür. – Kəlbəcərin dünəni birin­cinin, bugünü və sabahı isə ikincinin tarixi sınağıdır...
 
Şəhidlər ölmədi, Vətən bölünmədi!
 
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
 
Əkbər Qoşalı