Advertisment

Xocalı soyqırımının 34-cü ildönümü İstanbulda keçirilən konfransla anıldı

Xocalı Soyqırımının 34-cü ildönümü anım günü münasibətilə, “KİAMP-Karabakh is Azerbaijan Milli Platforması T.R. Baş Koordinasiyası” və onun nəzdindəki “Qarabağ Azərbaycandır Koordinasiya Etmə Dərnəyi”, İstanbul Türk Ocaqlarının ev sahibliyi ilə genişmiqyaslı anım konfransı təşkil edib.

"İki Dövlət, Tək Millət" Ruhu ilə Başladı

Türkiyədə təhsil alan İsa Quluzadə və Elnarə Məmmədrzayevanın aparıcılıq etdiyi tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Mərasimin açılışında “Qarabağ Azərbaycandır” Dərnəyi tərəfindən koordinasiya edilən və 18 fərqli ölkədə yaşayan gənclərin Xocalı Soyqırımını Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələri çərçivəsində dünyaya çatdırdığı xüsusi videoçarx nümayiş olunub.

Açılış Nitqi Dr. Elvin Abdurahmanlıdan

Konfransın açılış nitqi ilə çıxış edən KİAMP-Karabakh is Azerbaijan Milli Platforması T.R. Baş Koordinatoru Dr. Elvin Abdurahmanlı, Xocalıda yaşanan ağrıların unudulmaması və beynəlxalq hüquq müstəvisində haqlı mübarizənin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Protokol çıxışları çərçivəsində; Qazaxıstanın İstanbuldakı ilk Baş konsulu və TÜRKSOY-un İstanbul nümayəndəsi Yerjan Uasis, TOYŞAD Dərnəyinin sədri Gökalp Şentürk və tədqiqatçı-jurnalist Cihan Fulser Türk dünyasının həmrəyliyi və Xocalı həqiqətlərinin qlobal ictimaiyyətə çatdırılmasının əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Strateji Əməkdaşlıq Üçün İmzalar Atıldı

Günün ən mühüm hadisələrindən biri də vətəndaş cəmiyyəti ilə akademiya dünyası arasında körpüləri gücləndirən imzalama mərasimi olub. “Qarabağ Azərbaycandır Koordinasiya Etmə Dərnəyi” ilə Türk Akademiklər Birliyi arasında qarşılıqlı strateji razılaşma və əməkdaşlıq memorandumu imzalanıb. Bu əməkdaşlığın Qarabağ davasının akademik və strateji platformalarda daha güclü təmsil olunmasına töhfə verəcəyi hədəflənir.

Ekspert Paneli və Bağlanış

Konfransın panel hissəsində, moderator Dr. Caner Karakuşun rəhbərliyi ilə, ehtiyatda olan briqada generalı, Prof. Dr. Esat Arslan və Dr. Elvin Abdurahmanlı hərbi, siyasi və hüquqi perspektivlərdən Xocalı və Qarabağ prosesini müzakirə ediblər.

Tədbir iştirakçılara plaketlərin təqdim edilməsi və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.