22 apreldə ABŞ prezidenti Donald Tramp, İranın onun xahişindən sonra səkkiz qadının edamından imtina etdiyini açıqladı.
Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, rəsmi Tehran ABŞ prezidentinin yalan məlumat yaydığını iddia edib.
ABŞ lideri Truth Social-dakı paylaşımında edam cəzasına məhkum olan səkkiz qadından dördünün dərhal azad ediləcəyini, qalan dördünün isə bir ay həbsdə qalacağını yazıb: "Tezliklə nümayəndələrimlə danışıqlar aparacaq İran liderlərinə: bu qadınların azad edilməsinə çox minnətdar olaram".
Bir neçə gün əvvəl o, səkkiz qadının şəklini paylaşaraq, onların İranda edam ediləcəyini iddia etmiş və Tehranı qərarı ləğv etməyə çağırmışdı. İran səkkiz qadının edam edilməsi ilə bağlı xəbərləri uydurma adlandırıb. İran məhkəmə sistemi ilə əlaqəli olan Mizan xəbər agentliyi "Trampın bir daha yalan məlumatlarla yanıldığını" bildirib. Mizan bildirib ki, bir qrup qadın artıq azadlığa buraxılıb, bir neçə qadın isə hökm gözləyir və bu hökmlər ölüm cəzası əvəzinə həbs cəzası nəzərdə tutur.