Advertisment

Seçkinin nəticəsi Ermənistan cəmiyyətinin mahiyyətini göstərəcək

7 iyun seçkisi Ermənistan üçün həlledici sınaq olacaq. Ukraynada başı müharibəyə qarışan Rusiyanın Cənubi Qafqazdan səssiz əl çəkəcəyi inandırıcı deyil. Bəzi ekspertlər bildirirlər ki, Paşinyan Rusiya üçün hələki işləyə biləcəyi, çox məqbul siyasi fiqurdur. Qənaətimcə, bu yanlış yanaşmadır. İqtisadi sanksiyaların qismən qarşısını almaq və həmçinin bəzi ixrac-idxal əməliyyatlarını gerçəkləşdirmək üçün Rusiya Ermənistandan yararlandığı şübhə doğurmur. Təbii ki, bu taktiki məsələdir.

Amma strateji baxımdan rəsmi Moskva Cənubi Qafqazı və uzun müddət əlində alət etdiyi erməniləri əldən vermək istəməyəcək. Hazırda ev dustaqlığında olan, ciddi maliyyə imkanlarına malik Samvel Karapetyanın timsalında Rusiya Ermənistandakı seçkiyə dəstək verir. Putinin 1 aprel tarixində Kremldə Paşinyanla görüşündə Rusiya vətəndaşının həbsdən azad olunmasını diplomatik şəkildə işarə etmişdi. Rusiya prezidenti adını çəkməsə də, həmin şəxsin Samvel Karapetyan olduğu məlum idi. Amma Paşinyanda öz növbəsində Ermənistan vətəndaşı olmayan şəxsin seçkidə iştirakının mümkün olmadığını bildirmişdi. Nikol Paşinyanın cavabı “qulağının dalın görəndə Samvel Karapetyanın seçkidə iştirakını görərsən” anlamını vermişdi.

Əlqərəz, 7 iyun seçkisindən sonra və yaxud digər yollarla Kremlin Ermənistandan və ümumilikdə Cənubi Qafqazdan əl çəkəcəyi qəliz məsələdir. Regionda vəziyyətin daha da kəskinləşəcəyi gözləniləndir. Ermənistan cəmiyyəti sülhpərvər mövqeyə, yoxsa müharibə tərəfdarlarına, revanşistlərə səs verəcəyi həmin gün bəlli olacaq.

Müşahidələrimizə əsasən onu deyə bilərik ki, Rusiya qonşularla, xüsüsilə, Cənubi Qafqaz respublikaları ilə imperiya iddialarından əl çəkib, normal qonşuluq etmək fikrində deyil. Ortada isə çox konfiqurasiyalı məkrli planlar dolaşmaqdadır.

Əkrəm Bəydəmirli