Dövlət Sərhəd Xidmətinin “Şəmkir” sərhəd dəstəsində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) nümayəndələri ilə şəxsi heyətin görüşü təşkil olunub.
DSX-nin Mətbuat Mərkəzindən Herbiand.az-a verilən məlumata görə, görüşün keçirilməsində əsas məqsəd hərbi qulluqçular arasında hüquqi maarifləndirmə işinin gücləndirilməsi, onların hüquq və vəzifələri barədə məlumatlılığın artırılması olub.
Çıxışlarda belə görüşlərin şəxsi heyətin hüquqi biliklərinin inkişafında mühüm rol oynadığı, dövlət tərəfindən insan hüquqlarının qorunmasına xüsusi önəm verildiyi xüsusi vurğulanıb.
Ombudsman Aparatının nümayəndələri şəxsi heyətə qurumun fəaliyyəti, əsas funksiyaları və vətəndaş müraciətlərinə baxılması mexanizmləri barədə ətraflı məlumat verib, Ombudsman institutunun ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mühüm rol oynadığını, eyni zamanda hərbi qulluqçuların hüquqlarının təmin olunması məsələlərini daim diqqət mərkəzində saxladığını qeyd ediblər.
Tədbir çərçivəsində hərbi qulluqçulara onların hüquq və vəzifələri, xidmətdə qarşılaşa biləcəkləri hüquqi məsələlər, müraciət etmək imkanları və hüquqlarının müdafiə mexanizmləri izah edilib. Həmçinin nizam-intizam qaydalarına riayət olunmasının əhəmiyyəti, etik davranış normaları və xidmət zamanı qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi xüsusi qeyd olunub.
Sonda şəxsi heyəti maraqlandıran suallar cavablandırıb, ombudsman nümayəndələri tərəfindən tövsiyələr verilib.