Sumqayıt Dövlət Dram Teatrında Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun quruluşunda Xalq şairi, “Şöhrət” və “Şərəf” ordenli görkəmli xadim Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə dövlət sifarişi əsasında yazıçının "Sürgün sevgi" əsəri əsasında eyniadlı iki hissəli milli faciə janrında yeni tamaşa hazırlanır.
XX əsrdə Azərbaycan xalqının üzləşdiyi repressiyalar, sürgünlər, milli faciələr və insan talelərindən bəhs edən təsirli səhnə əsərində 1930–1940-cı illərin repressiyaları, 20 Yanvar faciəsi, 1987–1993-cü illərdə ölkədə hökm sürən ictimai-siyasi gərginlik, xaos, vətəndaş qarşıdurması və həmin dövrün ağır ictimai reallıqları bədii müstəvidə əks olunur. Müəllif sovet hakimiyyəti illərində baş vermiş repressiyaları, ziyalıların təqibini, ailələrin parçalanmasını, sürgün və faciələrlə müşayiət olunan insan talelərini bədii dillə tamaşaçıya çatdırır.
Əsərdə vurğulanır ki, sovet totalitar rejimi dövründə minlərlə günahsız insan həbs olunub, güllələnib və ya sürgünə göndərilib. Repressiyalar yalnız həmin şəxsləri deyil, onların ailə üzvlərini, övladlarını və yaxın qohumlarını da əhatə edib. Tamaşa bu ağrılı tarixi hadisələrin insanların taleyində buraxdığı dərin izləri emosional və təsirli səhnələrlə canlandırır.
Səhnə əsərində eyni zamanda 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı, ölkədə vətəndaş qarşıdurmasının qarşısının alınması, dövlətçiliyin qorunması istiqamətində atdığı addımlar, eləcə də Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan və çətin dövrlərdə xalqın yanında olan ziyalıların fəaliyyəti bədii şəkildə təqdim edilir.
Müəllif Sabir Rüstəmxanlı və quruluşçu rejissor Ağalar İdrisoğlu tarixi hadisələri dərin məzmunlu dialoqlar, kəskin dramatik qarşıdurmalar və təsirli səhnə həlləri vasitəsilə tamaşaçıya təqdim edirlər. Tamaşada vətən sevgisi, azadlıq uğrunda mübarizə, insan ləyaqəti, sevgi və sədaqət kimi ali dəyərlər ön plana çəkilir.
Tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, xormeysteri Əməkdar müəllim Firəngiz Xəlilova, quruluşçu rəssamı Osman Osmanov, tərtibatçı rəssamı Nizami Dadaşov, plastik hərəkətlər üzrə quruluşçusu Kamil Ağazadə, videoqrafı Rais Bəhrami, rejissor assistenti isə Fazilə Rzayevadır.
Zəngin səhnə tərtibatı, maraqlı mizanlar və kütləvi səhnələrlə seçilən tamaşada Xalq artisti Valeh Kərimov, Əməkdar artistlər Rauf Ağakişiyev, Cəlal Məmmədov, İlahə Səfərova, Xatirə Süleymanova, Elmira Kərimova, Fəranə Musayeva, Sədaqət Nuriyeva, aktyorlar Vəfa Qurbanova, Mətanət Əmirullayeva, Yeganə Məmmədova, Əjdər Zeynalov, Habil Xanlarov, Elay Xasıyev, Rövşən Əsgərov, Məryəm Hüseynli, Aysel Hümbətova, Emil Həmidov, Şəhriyar Aşkari, Günəş Bağırsoy, Cavanşir Eyyubzadə, Şəms Abdullayeva, Elmir Mehdiyev, Ramazan Xanlarov, İlham Səfərli, Dağlar Rüstəmov, Şəhla Məmmədova, Akif Mirzəyev, Rövşad İlyasov, Səyavuş Mahmudov, Kamran Muradlı və digər aktyorlar müxtəlif xarakterli obrazlar yaradırlar. Kütləvi səhnələrdə isə teatrın bütün yaradıcı kollektivi iştirak edir.
“Sürgün sevgi” tamaşasının premyerasının növbəti teatr mövsümündə - sentyabr ayının sonlarında keçirilməsi nəzərdə tutulur. Tarixi hadisələrə fərqli bədii prizmadan yanaşan bu səhnə əsərinin tamaşaçılar tərəfindən maraqla qarşılanacağı gözlənilir. Tamaşa yalnız bir sevgi hekayəsini deyil, həm də bütöv bir xalqın yaddaşında silinməz iz qoymuş hadisələri, milli-mənəvi dəyərləri və azadlıq uğrunda mübarizə ruhunu səhnədə əks etdirir.

İlhamə Məhəmmədqızı