Advertisment

Akkreditasiya edilmiş inspeksiya orqanları ilə maarifləndirici görüş baş tutub

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində akkreditasiya edilmiş inspeksiya orqanları ilə Keyfiyyət informasiya sistemindən (E-keyfiyyet.gov.az) istifadəyə dair növbəti maarifləndirici görüş keçirilib.

Dövlət Agentliyindən Herbiand.az-a verilən məlumata görə, görüşdə inspeksiya fəaliyyətini həyata keçirən 16 inspeksiya orqanının 25-ə yaxın nümayəndəsi iştirak edib.

Görüş zamanı agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev açılış nitqi ilə çıxış edib. Bildirilib ki, qanunvericilikdə edilmiş dəyişikliyə əsasən, akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən uyğunluğun qiymətləndirilməsi fəaliyyəti, o cümlədən də inspeksiya orqanları tərəfindən inspeksiya fəaliyyətinin yerinə yetirilməsi nəticələrinin rəsmiləşdirilməsi Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirilməlidir.

Tədbirdə sözügedən informasiya sistemi vasitəsilə yaradılmış və rəsmiləşdirilmiş sənədlər barədə statistik məlumatları əks etdirən təqdimat nümayiş olunub. İnspeksiya orqanlarının “ASAN İmza” və ya elektron imzadan istifadə etməklə Keyfiyyət informasiya sistemi vasitəsilə fəaliyyətin nəticəsinə dair sifarişçilərə təqdim olunan inspeksiya rəylərini elektron qaydada yaratması, elektron formada yaradılan sənədlərin eyniləşdirilməsinə imkan verən QR kodlarla təqdim edilməsi və həmin sənədlərin tanınmasının vətəndaşların müvafiq qurumlara etimadının artırılmasına xidmət etdiyi vurğulanıb. Eyni zamanda, bu informasiya sistemindən istifadənin uyğunluğu qiymətləndirən qurumların qanunvericiliyə uyğun fəaliyyət göstərməsinə və akkreditasiya sahəsində qüvvədə olan tələblərə riayət edilməsinə töhfə verdiyi qeyd edilib.

Sonda inspeksiya orqanları nümayəndələrinin təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.