1501-ci ildə Təbrizdə taxta çıxaraq Səfəvilər dövlətini yaratmış və bununla da Azərbaycan tarixində yeni siyasi mərhələnin başlanğıcını qoymuş Şah İsmayıl Xətai haqqında müzakirələr diqqət mərkəzindədir.
Bakı və Regionların Birgə İnkişafı Platforması İctimai Birliyinin sədri Təbriz Ağayev açıqlmasında bildirib ki, Şah İsmayıl Xətainin Azərbaycan tarixində müstəsna yeri var: "O, qısa müddət ərzində geniş əraziləri öz hakimiyyəti altında birləşdirərək güclü və mərkəzləşdirilmiş dövlət qurub. Şah İsmayılın rəhbərliyi ilə Azərbaycan torpaqlarının böyük hissəsi vahid siyasi hakimiyyət ətrafında birləşdirildi və dövlətin idarəçilik sistemi möhkəmləndirildi. Səfəvilər dövlətinin yaranması Azərbaycanın siyasi və mədəni tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, regionun sonrakı geosiyasi mənzərəsinə də ciddi təsir göstərdi. Şah İsmayıl Xətai həm dövlət xadimi, həm də böyük şair kimi Azərbaycan tarixində dərin iz qoyaraq milli dövlətçilik və ədəbiyyat tariximizin görkəmli şəxsiyyətlərindən birinə çevrildi.
Şah İsmayıl Xətai Azərbaycan türkcəsini Səfəvi dövlətində mühüm siyasi və ictimai ünsiyyət vasitəsinə çevirərək dövlətçilik tariximizdə ana dilinin mövqeyinin möhkəmlənməsinə böyük töhfə verdi. Bu dil sarayda, orduda və dövlət idarəçiliyində geniş şəkildə işlədilir, Xətainin siyasi iradəsi ilə dövlətin əsas ünsiyyət dillərindən birinə çevrilirdi. Şah İsmayılın xarici hökmdarlarla və dövlətlərlə yazışmalarında da Azərbaycan türkcəsindən istifadə etməsi dilin siyasi və diplomatik nüfuzunu artırırdı. O, yalnız qüdrətli hökmdar və sərkərdə deyil, həm də klassik Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri idi. Xətai təxəllüsü ilə yazdığı əsərlərində ana dilinin zəngin ifadə imkanlarını nümayiş etdirərək Azərbaycan ədəbi dilinin inkişafına mühüm təsir göstərdi. Onun məşhur "Dəhnamə" məsnəvisi və ana dilində qələmə aldığı Divanı Azərbaycan poeziyasının qiymətli nümunələri sırasında xüsusi yer tutur. Şair yaradıcılığında klassik əruz vəzninin imkanlarını xalq şeiri ənənələri ilə uzlaşdıraraq heca vəznində də yaddaqalan nümunələr yaratmış, ədəbi irsimizin zənginləşməsinə xidmət etmişdir. Bu baxımdan Şah İsmayıl Xətainin irsi Azərbaycan dövlətçilik tarixində olduğu kimi, milli ədəbiyyatımızın və ana dilimizin inkişaf tarixində də mühüm və silinməz yer tutur".
T.Ağayev deyib ki, İsmayıl şah bu gün aktual olan ideoloji sistemin əsasını qoymuş liderdir:
"Şah İsmayıl Xətai şiəlik və Qızılbaşlıq ideologiyasına söykənən siyasi-dini sistemi dövlət səviyyəsinə yüksəldərək Səfəvi dövlətinin ideoloji və siyasi əsaslarını möhkəmləndirdi. Onun rəhbərliyi ilə Qızılbaş hərəkatı güclü siyasi qüvvəyə çevrildi və Səfəvilər Yaxın və Orta Şərqin siyasi mənzərəsinin formalaşmasına ciddi təsir göstərdilər. 1501-ci ildə Təbrizdə hakimiyyətə gələn Şah İsmayıl qısa müddət ərzində ərazilərini genişləndirərək güclü və mərkəzləşdirilmiş dövlət yaratdı. Səfəvilər dövləti onun hakimiyyəti dövründə Cənubi Qafqazın, İran yaylasının və İraqın mühüm hissələrini əhatə edən böyük regional gücə çevrildi. Bu genişlənmə Səfəviləri Osmanlı və digər regional siyasi güclərlə rəqabət aparan əsas dövlətlərdən birinə gətirdi. Şah İsmayılın hərbi-siyasi fəaliyyəti nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqdə uzunmüddətli siyasi proseslərin əsas iştirakçılarından biri oldu. Onun qurduğu dövlət sonrakı əsrlərdə regionun siyasi, dini və mədəni həyatına mühüm təsir göstərərək Səfəvilər irsinin formalaşmasına zəmin yaratdı".
Təbriz Ağayev bildirib ki, Şah İsmayıl və digər tarixi şəxsiyyətlərin irsinin, şərəf və ləyaqətinin qorunması ilə bağlı ayrıca qanun qəbul edilməlidir: "Böyük dövlət adamı və söz sənətkarı olan İsmayıl şahın dövlətçilik, mədəniyyət və ədəbiyyat sahəsindəki xidmətləri gələcək nəsillərə düzgün şəkildə çatdırılmalıdır. Tarixi şəxsiyyətlərin irsinə hörmət milli-mənəvi dəyərlərin və tarixi yaddaşın qorunmasının mühüm şərtlərindən biridir. Bu baxımdan onların adının və irsinin təhrif olunmasının qarşısının alınması, tarixi xidmətlərinin obyektiv şəkildə təbliği xüsusi əhəmiyyət daşıyır".