“Böyük Qayıdış Proqramının birinci mərhələsinin yekunları” mövzusunda dəyirmi Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyinin təşkilatçılığı ilə iyunun 19-da “Böyük Qayıdış Proqramının birinci mərhələsinin yekunları” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirin əsas məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdış prosesinin birinci mərhələsinin nəticələrini, ərazilərdə yaradılan müasir yaşayış və sosial infrastrukturun vəziyyətini müzakirə etmək, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparmaq olub.
Tədbiri giriş sözü ilə açan Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyinin sədri, fəlsəfə doktoru Hüseyn İbrahimov bildirib ki, Böyük Qayıdış Azərbaycanın müstəqillik tarixinin ən mühüm sosial və humanitar layihələrindən biridir. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpası ilə yanaşı, insanların öz doğma torpaqlarına təhlükəsiz, layiqli və davamlı şəkildə qayıtmasının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.
Hüseyn İbrahimov qeyd edib ki, Böyük Qayıdış yalnız yaşayış məntəqələrinin yenidən qurulması ilə məhdudlaşmır. Bu proses insanların sosial rifahının təmin olunmasını, təhsil və səhiyyə xidmətlərinin əlçatanlığını, məşğulluq imkanlarının yaradılmasını, sahibkarlığın inkişafını və regionlarda dayanıqlı iqtisadi fəaliyyətin formalaşdırılmasını da əhatə edir. O vurğulayıb ki, qayıdış prosesinin uğurlu şəkildə davam etdirilməsi Qarabağ və Şərqi Zəngəzurun ölkənin sosial-iqtisadi həyatına reinteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Dəyirmi masada çıxış edən professor Əyyub Kərimov Böyük Qayıdışın sosial və tarixi əhəmiyyətindən danışıb. O qeyd edib ki, uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yaşayış məntəqələrinə qayıtması tarixi ədalətin bərpası baxımından mühüm hadisədir. Professor, eyni zamanda, yeni yaşayış məntəqələrinin müasir şəhərsalma prinsipləri əsasında qurulmasının və əhalinin sosial ehtiyaclarının nəzərə alınmasının əhəmiyyətini vurğulayıb.
Professor Əyyub Kərimov bildirib ki, azad edilmiş ərazilərdə yaradılan yeni infrastruktur gələcəkdə həmin bölgələrin iqtisadi potensialının daha səmərəli istifadəsinə imkan verə bilər. Onun fikrincə, qayıdış prosesində insan amili əsas prioritetlərdən biri olmalı, sakinlərin sosial adaptasiyası və məşğulluğunun təmin edilməsi diqqətdə saxlanılmalıdır.
Dosent Mahir İbrahimov çıxışında Böyük Qayıdışın demoqrafik, sosial və mədəni aspektlərinə toxunub. O qeyd edib ki, insanların öz doğma yurdlarına qayıtması ilə yanaşı, həmin ərazilərdə məktəblərin, tibb müəssisələrinin, mədəniyyət obyektlərinin və digər sosial infrastrukturların fəaliyyət göstərməsi mühüm əhəmiyyət kəsb edir.
Dosent vurğulayıb ki, qayıdış prosesi həm də Qarabağ və Şərqi Zəngəzurun zəngin mədəni irsinin bərpası və qorunması üçün yeni imkanlar yaradır. Tarixi-mədəni abidələrin bərpası, milli-mədəni ənənələrin yaşadılması və bölgənin turizm potensialının inkişaf etdirilməsi gələcək mərhələlərdə mühüm istiqamətlərdən biri kimi nəzərdən keçirilməlidir.
Dəyirmi masa zamanı Böyük Qayıdış Proqramının birinci mərhələsində görülən işlər, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq layihələri, yeni yaşayış məntəqələrinin salınması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, sosial infrastrukturun yaradılması, məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.
Tədbirdə həmçinin qayıdış prosesində qarşıya çıxan məsələlər, məskunlaşan ailələrin sosial təminatı, gənclər üçün təhsil və məşğulluq imkanları, regionlarda iqtisadi fəallığın artırılması, kənd təsərrüfatı və turizmin inkişaf etdirilməsi, habelə Qarabağ və Şərqi Zəngəzurun ölkənin iqtisadi və sosial həyatına inteqrasiyası ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Dəyirmi masa iştirakçıları bildiriblər ki, Böyük Qayıdışın uğurla həyata keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra qarşıda duran əsas strateji vəzifələrdən biridir. Proqram çərçivəsində həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzurun yenidən dirçəldilməsinə, əhalinin doğma torpaqları ilə əlaqələrinin bərpasına və regionların ölkənin vahid sosial-iqtisadi məkanına tam inteqrasiyasına xidmət edir.
Sonda Böyük Qayıdışın növbəti mərhələlərində görüləcək işlərin daha da sürətləndirilməsinin, qayıdan vətəndaşların sosial rifahının yüksəldilməsinin və azad edilmiş ərazilərdə dayanıqlı inkişafın təmin olunmasının vacibliyi qeyd edilib.