Aprelin 14-də Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyinin təşkilatçılığı ilə “Qlobal çağırışlar fonunda mədəni dəyişikliklərin xüsusiyyətləri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada müasir dünyada baş verən qlobal proseslərin cəmiyyətlərin mədəni inkişafına təsiri, sosial və mədəni dəyişikliklərin əsas xüsusiyyətləri, qloballaşma şəraitində milli-mədəni dəyərlərin qorunması, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı əlaqələrin genişlənməsi, mədəni həyata təsiri, gənc nəslin dünyagörüşündə baş verən dəyişikliklər və milli kimliyin qorunması məsələləri geniş müzakirə olunub.
Dəyirmi masanı giriş sözü ilə açan Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyinin sədri, fəlsəfə doktoru Hüsey İbrahimov tədbir iştirakçılarını salamlayaraq mövzunun müasir dövr üçün aktuallığını vurğulayıb. Hüsey İbrahimov bildirib ki, XXI əsrdə dünyada sürətlə baş verən siyasi, iqtisadi, texnoloji və sosial proseslər insanların həyat tərzinə, dünyagörüşünə və mədəni davranışlarına ciddi təsir göstərir. Onun sözlərinə görə, qloballaşma müxtəlif cəmiyyətlər arasında əlaqələrin genişlənməsinə, mədəniyyətlərarası dialoqun inkişafına və yeni imkanların yaranmasına şərait yaratsa da, eyni zamanda milli-mədəni dəyərlərin qorunması baxımından müəyyən çağırışlar meydana çıxarır.O qeyd edib ki, Azərbaycan öz tarixi-mədəni irsi, zəngin adət-ənənələri və multikultural dəyərləri ilə seçilən ölkələrdən biridir. Bu baxımdan müasir dəyişikliklər fonunda milli kimliyin və mədəni irsin qorunması, eyni zamanda müasir dünyanın inkişaf tendensiyalarına uyğunlaşmaq xüsusi əhəmiyyət daşıyır.
Dəyirmi masada çıxış edən professor Əyyub Kərimov müasir dövrdə qloballaşma prosesinin mədəniyyətlərə təsiri barədə məruzə ilə çıxış edib. Professor Əyyub Kərimov bildirib ki, qloballaşma yalnız iqtisadi və siyasi münasibətlərin inkişafı ilə məhdudlaşmır, eyni zamanda cəmiyyətlərin mədəni həyatında ciddi dəyişikliklərə səbəb olur. İnformasiya texnologiyalarının inkişafı, beynəlxalq əlaqələrin genişlənməsi və sosial şəbəkələrin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi müxtəlif xalqların mədəniyyətlərinin bir-birinə daha sürətlə təsir göstərməsinə şərait yaradır. Onun sözlərinə görə, müasir dövrdə mədəni dəyişikliklərin əsas xüsusiyyətlərindən biri müxtəlif mədəni təsirlərin eyni vaxtda və sürətli şəkildə yayılmasıdır. Bu proses bir tərəfdən xalqlar arasında qarşılıqlı anlaşmanı və mədəni əməkdaşlığı gücləndirir, digər tərəfdən isə milli-mədəni xüsusiyyətlərin zəifləməsi riskini artırır. Professor milli mədəniyyətin qorunmasının qlobal dünyadan təcrid olunmaq anlamına gəlmədiyini vurğulayıb. O qeyd edib ki, əsas məqsəd milli dəyərləri qorumaqla yanaşı, dünya mədəniyyətinin müsbət nümunələrindən yararlanmaq, müxtəlif mədəniyyətlər arasında dialoq və əməkdaşlığı inkişaf etdirməkdir.
Dosent Mahir İbrahimov çıxışında son dövrlərdə geniş yayılan sosial şəbəkələrin təsiri, yeni kommunikasiya vasitələrinin cəmiyyətin sosial və mədəni davranışlarına təsiri kimi aktual məsələlərə diqqət çəkib. Dosent Mahir İbrahimov bildirib ki, informasiya texnologiyalarının inkişafı insanların bir-biri ilə ünsiyyət formasını, informasiya əldə etmək imkanlarını və mədəni davranışlarını əhəmiyyətli dərəcədə dəyişdirib. Xüsusilə sosial media platformaları mədəni tendensiyaların sürətlə yayılmasına, müxtəlif ölkələrin həyat tərzi və mədəni nümunələrinin geniş auditoriyaya çatmasına imkan verir. Onun sözlərinə görə, bu proses gənclərin dünyagörüşünün formalaşmasına da ciddi təsir göstərir. Gənc nəslin müxtəlif mədəniyyətlərlə daha asan tanış olması müsbət hal olsa da, xarici mədəni təsirlərin düşünülmədən və seçilmədən mənimsənilməsi milli-mədəni dəyərlərin zəifləməsinə səbəb ola bilər.
Dəyirmi masada çıxış edən dosent Zenəddin Şabanov isə qlobal dəyişikliklər şəraitində milli kimliyin və mədəni irsin qorunması məsələlərinə toxunub. O bildirib ki, hər bir xalqın gələcəyi onun tarixi yaddaşını, milli-mədəni dəyərlərini və mənəvi irsini necə qoruyub inkişaf etdirməsindən əhəmiyyətli dərəcədə asılıdır. Zenəddin Şabanov milli-mədəni dəyərlərin yalnız keçmişin mirası kimi deyil, müasir cəmiyyətin inkişafında mühüm resurs kimi qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, milli mədəniyyət müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməli, yeni nəsillərin maraq və ehtiyaclarına uyğun təqdim olunmalıdır. Zenəddin Şabanov çıxış zamanı həmçinin mədəni irsin, milli incəsənət və ədəbiyyat nümunələrinin müasir informasiya texnologiyaları vasitəsilə təbliği, gənclərin mədəni layihələrə cəlb olunması və Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması məsələləri də diqqətə çatdırıb.
Dəyirmi masa qloballaşma və müasir sosial transformasiyalar şəraitində mədəni dəyişikliklərin xüsusiyyətlərinin müzakirə edilməsi, milli-mədəni dəyərlərin qorunmasının əhəmiyyətinin diqqətə çatdırılması və cəmiyyətdə mədəni məsələlərlə bağlı ictimai maarifləndirmənin gücləndirilməsi baxımından əhəmiyyətli olub.