Son illər hava şəraitində müşahidə olunan kəskin dəyişikliklər şəhər həyatına da ciddi təsir göstərir. Xüsusilə qısa müddətdə yağan intensiv yağışlar bir sıra ərazilərdə su basmalarına və digər fəsadlara səbəb olur. Mütəxəssislər hesab edirlər ki, iqlim dəyişiklikləri fonunda belə hava hadisələrinin qarşısının alınması üçün əvvəlcədən hazırlıq görülməsi vacibdir. Bununla yanaşı, həm dövlət qurumlarının, həm də vətəndaşların məsuliyyəti artırılmalıdır.
Bəs güclü yağışların yaratdığı problemlərin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Sosial Hüquqların Müdafiəsi Mərkəzi İctimai Birliyinin sədri Xəzər Teyyublu Herbiand.az-a açıqlamasında deyib ki, Bakıda subasmaların yaranmasının əsas səbəblərindən biri yağış sularının idarə olunması üçün nəzərdə tutulan kanalizasiya xətlərinin ərazinin real yükünə uyğun layihələndirilməməsidir:
“Mövcud xətlərin köhnəlməsi, boruların zədələnməsi və tutulması, eləcə də onların texniki vəziyyətinə vaxtında nəzarət edilməməsi də problemin dərinləşməsinə səbəb olur.

Digər mühüm amil yeni yaşayış massivlərinin təbii su axınlarının keçdiyi və ya yağıntı zamanı suyun toplandığı ərazilərdə salınmasıdır. Bir sıra ərazilərdə drenaj sisteminin ümumiyyətlə olmaması, mövcud sistemlərin isə kifayət qədər ötürücülük qabiliyyətinə malik olmaması güclü yağışlar zamanı vəziyyəti daha da ağırlaşdırır.
Şəhərdə asfalt və beton örtüklərin genişlənməsi isə yağış suyunun torpağa hopmasını məhdudlaşdıraraq səthi su axınını artırır. Eyni zamanda, yağış sularının toplanması üçün nəzərdə tutulan barmaqlıqların və suötürücü qurğuların tutulması və ya düzgün yerləşdirilməməsi də subasmaların yaranmasına şərait yaradır. Buna görə də problemin həlli yalnız yağış zamanı suyun çəkilməsi ilə məhdudlaşmamalı, şəhər infrastrukturunun uzunmüddətli və kompleks şəkildə yenilənməsini əhatə etməlidir”.
QHT sədri hesab edir ki, yağıntıların yaratdığı ekoloji riskləri azaltmaq üçün şəhər ərazisində yaşıllıq sahələrinin artırılması və suyun torpağa hopmasını təmin edən təbii sahələrin qorunması vacibdir. “Şəhərsalma zamanı beton və asfalt örtüklərin həddindən artıq genişləndirilməsinə yol verilməməlidir. Çünki bu cür örtüklər yağış suyunun torpağa süzülməsini məhdudlaşdırır və səthi su axınlarını artırır.
Əvəzində parkların, yaşıllıq zolaqlarının və su keçirən səthlərin genişləndirilməsi yağış sularının təbii şəkildə torpağa hopmasına imkan yarada bilər. Bununla yanaşı, intensiv yağıntıların yalnız mənfi deyil, müəyyən ekoloji üstünlükləri də var. Belə yağışlar torpağın nəmlik ehtiyatını artırır, ağac və digər yaşıllıqların təbii şəkildə su ilə təmin olunmasına şərait yaradır.
Əsas məsələ yağıntı suyunu fəsad mənbəyinə çevirmədən səmərəli idarə etmək və ondan şəhərin yaşıllıq sisteminin qorunması üçün istifadə etməkdir.
Yağıntı sularından səmərəli istifadə üçün ilk növbədə onların toplanması və xüsusi çənlərdə və ya su anbarlarında saxlanılması mümkündür. Toplanan sudan parkların, bağların və digər yaşıllıq sahələrinin suvarılmasında istifadə etmək olar. Bununla yanaşı, yağış sularının torpağa hopmasını təmin edən xüsusi drenaj və filtrasiya sahələrinin yaradılması vacibdir.
Suyun bir hissəsinin yeraltı su ehtiyatlarının bərpasına yönəldilməsi də ekoloji baxımdan faydalı ola bilər. Şəhərlərdə yağış bağlarının, su keçirən örtüklərin və kiçik su toplama məntəqələrinin yaradılması həm subasma riskini azaldar, həm də sudan səmərəli istifadəyə imkan verər. Beləliklə, düzgün idarə olunan yağıntı suyu problem yaratmaq əvəzinə şəhərin su və yaşıllıq təsərrüfatı üçün əlavə resursa çevrilə bilər. ”-deyə, o bildirib.
Aydın
Herbiand.az