Rusiya–Ukrayna müharibəsi davam etdikcə cəbhədəki hərbi-siyasi vəziyyət, tərəflərin resurs imkanları və beynəlxalq güclərin mövqeyi diqqət mərkəzində qalır. Müharibənin mümkün sülh perspektivləri, Qərbin Ukraynaya dəstəyinin gələcəyi və Rusiyanın regiondakı geosiyasi mövqeyi beynəlxalq münasibətlər sisteminə ciddi təsir göstərir.
Bu proseslər təkcə Avropanın deyil, post-sovet məkanının, xüsusilə Cənubi Qafqazın təhlükəsizlik mühitini də dəyişdirir. Qarşıdurmanın uzanması regional güc balansına, nəqliyyat və enerji marşrutlarına yeni təsirlər yaradır.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Herbiand.az-a açıqlamasında bildirib ki, hazırda Rusiyanın cəbhə xəttindəki hücumları, xüsusilə Pokrovsk istiqamətində mütəmadi hücumlar həyata keçirilməsi istər cəbhədə, istərsə də diplomatik masada real vəziyyəti ortaya qoyur:
“Rusiya danışıqlar prosesində tələb edir ki, Ukrayna Rusiyanın işğal etdiyi Donetsk, Luqansk, Zaporojye və Xersonu de-yure Rusiyanın ərazisi kimi tanımalı, eyni zamanda Donbasın qalan hissəsini də boşaltmalıdır. Təbii ki, Ukrayna bununla razı deyil və ona görə də Rusiya Donbasın boşaldılması ilə bağlı diplomatik masada tələbini cəbhədə reallaşdırmağa çalışır. Atəşkəsə və real sülh perspektivlərinə gəldikdə isə, hazırda bunun üçün heç bir real zəmin görünmür.
Çünki Rusiyanın irəli sürdüyü maksimalist tələblərin yumşaldılması istiqamətində hər hansı addım müşahidə olunmur.
Eyni zamanda, ABŞ və Avropa İttifaqı arasında ziddiyyətlərin dərinləşməsi Ukrayna ətrafındakı vəziyyətə birbaşa təsir göstərir. Hazırda geosiyasi qarşıdurma elə bir mərhələyə çatıb ki, Ukrayna məsələsində Qərb tərəfdaşlarının vahid mövqedən çıxış etməməsi Kiyev üçün əlavə çətinliklər yaradır və mənfi tendensiyaları gücləndirir. Bu səbəbdən yaxın perspektivdə münaqişənin dondurulması və ya atəşkəsə nail olunması real görünmür”.
Siyasi şərhçinin fikrincə, Avropa İttifaqı Ukraynaya hərbi və maliyyə yardımlarını davam etdirəcək. Onun sözlərinə görə, Brüsselin hazırkı şəraitdə bundan başqa real alternativi yoxdur: “Bir neçə gün əvvəl Avropa İttifaqı tərəfindən Ukraynaya 1 milyard avro həcmində yardım ayrılması da bu dəstəyin davamlı olacağını göstərir. Avropa İttifaqı Ukraynanın, xüsusilə də Prezident Volodimir Zelenskinin Rusiyanın hərbi və ABŞ-ın siyasi təzyiqləri qarşısında ərazi güzəştlərinə getməsindən narahatdır.
Əgər bu baş verərsə, Avropa İttifaqı bunu özünün birbaşa strateji məğlubiyyəti sayır. Bu baxımdan hesab edirəm ki, Ukraynanın müəyyən ərazi güzəştləri müqabilində atəşkəsə razılaşması yaxın perspektivdə gözlənilən deyil. Çünki belə bir addım Ukrayna üçün ciddi siyasi və strateji məğlubiyyət anlamına gələ bilər. Eyni zamanda, müharibə Bayden administrasiyası dövründə başladığı üçün belə nəticə təkcə Avropa İttifaqının deyil, ABŞ-da demokratların da strateji məğlubiyyəti kimi qiymətləndirilə bilər.
Bu mənada Avropa İttifaqının Ukraynaya yardımı gözləniləndir və bunun birinci mərhələsi artıq daha doğrusu növbəti mərhələsi reallaşıb. Birləşmiş Ştatlar xüsusilə, Tramp administrasiyası fərqli siyasət yürütdü, Rusiya ilə münasibətləri normallaşdırmaq istiqamətində addımlar atdı və beləliklə də Ukraynaya təzyiqlərini artırdı. Son dövrlər Starlink xidmətindən istifadənin məhdudlaşdırılması və ya Ukraynanın bu texnologiyadan yararlanmaq imkanlarının daraldılması da Kiyevə qarşı təzyiq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Açıq müstəvidə ABŞ administrasiyası Ukraynaya ciddi siyasi təzyiqlər göstərir və Kiyevi Rusiyanın maraqlarını da nəzərə alan hər hansı razılaşmaya imza atmağa sövq etməyə çalışır. Bununla yanaşı, Avropa İttifaqı və Böyük Britaniyanın Ukraynaya hərtərəfli dəstəyini davam etdirəcəyi gözlənilir.
Qarşıda ABŞ-da növbəti iki illik siyasi mərhələ var. Xüsusilə İranla bağlı müharibənin nəticələri fonunda demokratların həm Nümayəndələr Palatasında, həm də Senatda üstünlüyü ələ alması Tramp administrasiyasının siyasi manevr imkanlarına təsir göstərə bilər.
Belə bir şəraitdə Tramp hökuməti qarşıdakı iki il ərzində xarici siyasətdə müəyyən uğurlar əldə etməyə ehtiyac duyacaq. Lakin istər İran məsələsində, istərsə də Ukrayna müharibəsinin nizamlanması istiqamətində hazırkı mürəkkəb vəziyyət fonunda belə nəticələrə nail olmaq ciddi çətinliklərlə müşayiət oluna bilər. Avropa İttifaqı və Böyük Britaniya çalışacaqlar ki, Ukraynaya dəstək davam etsin və Kiyev heç bir halda mövqelərindən geri çəkilməsin. Hesab edirəm ki, Qərbin strategiyasında ABŞ-da keçiriləcək növbəti prezident seçkiləri də mühüm amil kimi nəzərə alınır.
Əgər iki ildən sonra demokratlar yenidən Ağ Evə qayıtsalar, Ukraynaya daha genişmiqyaslı və qətiyyətli dəstəyin göstərilməsi mümkündür. Fikrimcə, Qərbin hesablamalarında bu amil də mühüm yer tutur. Belə bir ssenari Rusiyanın qarşısında ciddi problemlər yarada bilər. Buna görə də Moskva çalışacaq ki, müharibənin nəticəsini diplomatik müstəvidən daha çox, döyüş meydanında həll etsin və hərbi qələbə qazansın.
Təbii ki, Ukrayna da Avropa İttifaqı və Böyük Britaniyanın dəstəyi ilə müqavimətini davam etdirəcək. Son dövrlər Ukraynanın hərbi müqavimətində müəyyən keyfiyyət dəyişiklikləri də müşahidə olunur. Bütün bunları nəzərə alaraq, yaxın perspektivdə atəşkəsə nail olunmasını real hesab etmirəm. Əksinə, xüsusilə qış mövsümünə doğru Ukraynanın daha ciddi problemlərlə üzləşəcəyi gözlənilir.
Rusiyanın Ukraynanın mülki infrastrukturunu, xüsusilə enerji obyektlərini hədəfə alması nəticəsində əhalinin elektrik enerjisi və istilik təminatında ciddi çətinliklər yarana bilər. Moskvanın bu strategiyasının əsas məqsədlərindən biri enerji böhranı fonunda əhali arasında pessimizm və narazılıq yaratmaq, cəmiyyətlə ordu arasındakı mənəvi bağlılığı zəiflətməkdir. Bununla Rusiyanın Ukraynanın müqavimət iradəsini sarsıtmağa çalışacağı istisna edilmir. Təbii ki, Ukrayna tərəfi də bu təhlükələri nəzərə alır və müvafiq hazırlıq görür. Bütün bunları nəzərə alaraq, qarşıdakı dövrdə Rusiya-Ukrayna cəbhəsində hərbi əməliyyatların daha da şiddətlənəcəyini gözləmək mümkündür”.
Ə.Zülfüqaroğlu hesab edir ki, həm Rusiya-Ukrayna müharibəsi, həm də İran-ABŞ arasındakı gərginlik qlobal nəqliyyat və logistika dəhlizlərinin fəaliyyətinə ciddi təsir göstərir: “Hörmüz boğazı ətrafında yaranan problemlər, Bab əl-Məndəb boğazında mümkün təhlükəsizlik riskləri, eləcə də Qara dənizdəki hərbi gərginlik Orta Dəhlizin əhəmiyyətini əhəmiyyətli dərəcədə artırıb. Hazırkı şəraitdə Orta Dəhliz alternativ və nisbətən təhlükəsiz beynəlxalq nəqliyyat marşrutu kimi daha çox ön plana çıxır.
Bu kontekstdə Azərbaycanın mövqeyi xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin əlverişli coğrafi mövqeyi, tranzit potensialı və mövcud nəqliyyat infrastrukturu Azərbaycanı Orta Dəhlizin inkişafında əsas iştirakçı və açar ölkələrdən birinə çevirir. Hesab edirəm ki, Orta Dəhlizin genişləndirilməsi və beynəlxalq logistika sistemində daha mühüm mövqe qazanması baxımından Azərbaycanın alternativi olmayan strateji üstünlükləri var.
Məhz buna görə də həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada böyük dövlətlər, beynəlxalq şirkətlər və investorlar Orta Dəhlizin imkanlarından yararlanmağa ciddi maraq göstərirlər. Təbii ki, bu maraqlar regionda geosiyasi rəqabəti gücləndirir və müəyyən təhlükəsizlik riskləri yaradır. Bununla yanaşı, Azərbaycan üçün əlavə iqtisadi dividendlər və yeni strateji imkanlar da formalaşdırır.
Hesab edirəm ki, Azərbaycan mövcud geosiyasi reallıqları düzgün qiymətləndirir. Son illərdə ölkəmizin həyata keçirdiyi siyasət, xüsusilə nəqliyyat və logistika infrastrukturunun inkişafı istiqamətində atılan addımlar məqsədyönlü və hesablanmış strategiyanın tərkib hissəsidir. Orta Dəhliz üzrə Azərbaycanın tranzit imkanları getdikcə genişlənir, ölkəmizin regional və beynəlxalq nəqliyyat sistemindəki rolu daha çox qəbul olunur. Bu isə Azərbaycanın geosiyasi və iqtisadi mövqelərinin möhkəmlənməsi baxımından olduqca əhəmiyyətlidir”.
Məhəmməd Əliyev
Herbiand.az