Advertisment

Fransada kütləvi etiraz aksiyalarıyla əlaqədar 565 nəfər saxlanılıb

Fransada ardıcıl üçüncü şənbə günü keçirilən kütləvi etiraz aksiyaları zamanı 565 nəfər saxlanılıb.

Bu barədə AFP agentliyi Fransa Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Hakimiyyət orqanlarının məlumatına görə, ölkənin müxtəlif şəhərlərində keçirilən aksiyalarda 320 min nəfər iştirak edib. Onlardan 70 mini Parisdə küçələrə çıxıb. Nümayişlərin təşkilatçıları isə aksiyalarda iştirak edənlərin sayının təxminən 500 min nəfər olduğunu hesab edirlər. Etirazçılar, digər məsələlərlə yanaşı, yaşayış xərclərinin artmasından və təhsil sahəsindəki problemlərdən narazılıqlarını bildirirlər.

Parisdə beş polis əməkdaşı xəsarət alıb

Fransanın bütün ərazisində təhlükəsizliyin təmin olunması üçün 70 min polis əməkdaşı səfərbər edilib.

Hakimiyyət orqanlarının məlumatına görə, Parisdə bir neçə yüz etirazçı ilə baş verən toqquşmalar zamanı beş hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb. Onlardan üçü “Molotov kokteyli” atılması nəticəsində yaralanıb. Polis əməkdaşlarından birinin paltarı alışıb və ona ayaq nahiyəsinin yanığı diaqnozu qoyulub.

Paytaxtda etirazçılar polislərə səki daşları və daşlar da atıblar. Buna cavab olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə ediblər.