Dosye: Hafiz Əsgərov 1973-cü ildə Ağdamın Quzanlı kəndində doğulub. O, 1990-cı ildə orta məktəbi başa vurub, növbəti il isə sovet ordusu sıralarına çağırılıb. Bir müddət Ukraynanın Zaporojye vilayətində xidmət etdikdən sonra, 1992-ci ilin əvvəlində Vətənə qayıdıb. Milli Ordu sıralarına qoşulan döyüşçü Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin komandanlıq etdiyi hərbi hissədə tərkibində xidmətini davam etdirib. Onun döyüş yolu Ağdam və Ağdərənin ən qaynar nöqtələrindən keçərək Vəngə qədər uzanıb.
1992-ci il iyunun 16-da Sırxavənd ətrafındakı döyüşlərdə şəhid olub. Quzanlı qəsəbəsində dəfn olunub. 1994-cü ildə isə vaxtı ilə təhsil aldığı Quzanlı orta məktəbinə şəhid Hafiz Əsgərovun adı verilib.
Hafizin sinif yoldaşları onu istiqanlı və səmimi insan kimi xatırlayırlar. Onun ən səciyyəvi cəhətlərindən biri ətrafındakı haqsızlıqlara heç vaxt səssiz qalmaması, hər zaman ədalətsizliyə qarşı çıxması olub.
Hafizin uşaqlıq illərindən bəri ən yaxın dostu və sinif yoldaşı Teymur Hüseyn oğlu Quliyev də onunla bir parta arxasında oxuduğu illəri məhz bu xatirələrlə yad edir. Yeri gəlmişkən Quzanlı kəndinin “Kommunist” tirəsinin uşaqları usta pedaqoq Şərqiyyə Firidunovanın rəhbərlik etdiyi 8 illik məktəbdə oxuyur, bizim məktəbə 9-cu sinifdə qoşulurdurlar. Həmin məktəbdə təcrübəli və savadlı müəllimlər var idi. Riyaziyyat müəllimi Tofiq Cəfərovun şöhrəti Quzanlını çoxdan aşmışdı. Bəhs etdiyim Teymur Quliyev də onun şagirdi olmuşdu. 1990-cı ilin qəbul imtahanları zamanı o zaman bütün SSRİ-nin ən nüfuzlu ali məktəblərindən olan Kiyev Aviasiya Mühəndisləri İnsitituna sənəd vermis və riyaziyyat, fizika üzrə yüksək nəticə göstərmişdi. Olduqca istedadlı və intellektual bir gənc olan Teymur orta təhsilini kənddə yox, Bakıda alsaydı, ittifaqın ən nüfuzlu ali məktəblərindən birində təhsil alar, bəlkə də indi elm mərkəzlərində birində çalışardı. Amma müharibə Teymurun da planlarını pozdu.
Onların sinifində oxuyanların çoxu ali təhsil almadı, lakin əksəriyyəti birinci Qarabağ müharibəsinin ən qaynar nöqtələrində oldu, ağır döyüş yolu keçdi.
“Hafizlə 1-ci sinifdən 11-ci sinfə qədər bir yerdə oxumuşuq”-deyir, Teymur. O Hafizi sakit təbiətli bir insan kimi səciyyələndirir: “Nadinc deyildi Hafiz. Nümunəvi bir şagird idi. Sakit olsa da, qətiyyən darıxdırıcı insan deyildi. Üzündə hər zaman kiminsə gördüyü yaxşı bir işə görə səmimi təbəssüm olardı. Sanki o, həmin işi hamımızın adından bəyəndiyini bildirirdi. Ailədə də çox zəhmətkeş bir insan idi. O zaman hər ailənin geniş təsərrüfatı olardı. Ailədə təsərrüfat işləri ilə ən çox o maraqlanardı. Dərslərinə bir o qədər həvəs göstərməsə də, zəhmətdən əsla qaçmazdı”.
Teymurun yadında qorxmaz bir insan kimi qalıb Hafiz: “Atası kollektiv təsərrüfatda briqadir işləyirdi. Quzanlı qəbristanlığının yaxınlığında bir bostan əkmişdilər. O zaman uşaq idik və əksəriyyətimiz o əraziyə getməyə çəkinərdik. O isə 4–5-ci sinifdə oxuyarkən çəkinmədən həmin ərazidə bostana qarovul çəkərdi…
İnsanlarla münasibətində hər zaman səmimi idi. Hirsini büruzə verməz, kin saxlamazdı. Ən çox nifrət etdiyi şey isə saxtakarlıq və yaltaqlıq idi. Yaltaq insanlara heç vaxt dözümü yox idi”.
Ağrı işdən səhhətini bəhanə edib yayınanlardan olmayıb Hafiz.
“Yadımdadır, 11-ci sinifdə oxuyarkən əməliyyat olunmuşdu. Həmin vaxt hərbi oyunlar üzrə məktəblərarası yarışa hazırlaşır, məşqlərə başlamışdıq. Yaraları hələ tam sağalmasa də, o, bunu hər kəsdən gizlədib təlimlərə qatıldı və qrupun ən aktiv, seçilən iştirakçılarından biri oldu. Sinifdə hamıdan güclü və fiziki cəhətdən dözümlü olmasına baxmayaraq, o, bu üstünlüyünü əsla nümayiş etdirməz, hər zaman təmkinli davranardı. Onun əsl gücünün nə qədər böyük olduğunu məhz o günlərdə anladım”-deyir Teymur.
Həyatın sonrakı mərhələsində də tale iki dostu bir-birindən ayırmayıb. Sovet ordusunda da bir yerdə xidmət ediblər.
“Taleyimiz elə gətirdi ki, birlikdə Ukraynanın Zaporojye vilayətinə hərbi xidmətə yola düşdük. Karantin dövrünü bir yerdə keçirdik. O, hər addımı ilə məni heyran qoyurdu. Bir yerdə böyüdüyümz bu bu gənci sanki yenidən kəşf edirdim. Karantin müddəti başa çatan gün hərbi hissədə yarış keçirildi. Yaxşı xatırlayıram, avtomat söküb-yığmaqda, atəş təlimində ən yüksək nəticəni məhz Hafiz qazanmışdı.
Sonralar müxtəlif bölüklərdə xidmət etsək də, SSRİ dağılanadək mütəmadi olaraq görüşürdük. Lakin imperiyanın süqutu ilə vəziyyət dəyişdi. Bizdən hərbi and içərək Ukrayna ordusunda xidməti davam etdirməyi təklif etdilər. Lakin biz doğma Vətənimizə dönərək milli orduda xidmət üstün tutduq. 1992-ci ilin martında Azərbaycana qayıtdıq və hərbi komissarlığa gedərək yenidən qeydiyyata alındıq”-deyir Teymur.
İki dost yeni formalaşan Milli Ordunun 836 nömrəli batalyonunda hərbi xidmətə başlayırlar. Teymur o günləri belə xatırlayır:
“Sərt, şaxtalı mart günləri idi. Soyuq külək iliyə işləyir, sərt hava şəraiti mövqelərdə dayanmağı daha da çətinləşdirirdi. Lakin bütün çətinliklərə baxmayaraq, xidmətimizi əzmlə davam etdirir, Umudluda, Yeni Qaralarda və Ağdam istiqamətində yerləşən digər postlarda növbə ilə mövqelərimizi qoruyurduq. Hər günümüz ayıq-sayıqlıq, dözüm və məsuliyyət tələb edirdi. Qarşımızda duran əsas vəzifə torpaqlarımızı qorumaq, döyüş yoldaşlarımıza arxa olmaq və istənilən anda baş verə biləcək hadisələrə hazır dayanmaq idi. Bir neçə ay bir yerdə döyüş əməliyyatlarında iştirak etdik. Hafiz döyüşlərdə hər zaman xüsusi fəallığı ilə seçilər, ən qaynar nöqtələrə getməkdən çəkinməzdi. O, təhlükənin böyüklüyündən asılı olmayaraq, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırdı. Döyüş yoldaşları onun cəsarətinə, iradəsinə və çətin anlarda özünü itirməməsinə böyük hörmət bəsləyirdilər. Hafiz üçün silahdaşlarını tək qoymamaq, onların yanında olmaq və Vətən torpağını qorumaq hər şeydən üstün idi. Onun bu xüsusiyyətləri döyüş şəraitində bir daha üzə çıxır, ətrafındakı insanlara da mənəvi güc verirdi. Nəhayət, 1992-ci il iyunun 15-də Şirin Mirzəyevin komandanlığı altında Sırxavənd istiqamətində böyük bir hücum əməliyyatına başlanıldı. Ordumuzun qətiyyətli həmlələri nəticəsində düşmən geri oturduldu və səkkiz kənd-Yeni Qaralar, Sırxavənd, Qazançı, Canyataq, Maniklu, Mehmanə və digər ərazilər işğaldan azad edildi. Lakin ordumuzun hələ tam formalaşmaması və azad edilmiş ərazilərdə mövqelərimizin yetərincə möhkəmləndirilməməsi səbəbindən düşmən kəskin əks-hücuma keçdi. Ağır itkilər verən hissələrimiz geri çəkilməyə məcbur oldu. Düşmənin bu həmləsi günortaya yaxın başladı. Şiddətli döyüşün tən ortasında Hafizlə bir yerdə idik. Ətrafda güllə səsləri bir-birinə qarışır, döyüşün gərginliyi getdikcə artırdı. Belə ağır anlarda hər kəs öz həyatını düşünərkən Hafiz soyuqqanlılığını qorumağa və döyüş mövqeyini tərk etməməyə çalışırdı.Mövqeyimizi dəyişərkən mən artıq tamamilə taqətdən düşmüşdüm. O, yanımızdan keçən hərbi dartıcıya-“tyaqaç” adlanan zirehli texnikaya tərəf işarə edərək: “Gəl, buna minək”-dedi. Texnika onun “Saxla” işarəsini görüb sürətini azaltdı. Mən isə dönüb ona: -Belə gərgin vəziyyətdə texnikaya minmək daha təhlükəlidir, deyə, xəbərdarlıq etdim. O, mənim xəbərdarlığımı eşitsə də, yavaşıyan həmin zirehli texnikanın üzərinə atıldı. Lakin hərbi texnika təhlükəsiz mövqeyə çatmağa macal tapmadı və ermənilərin yola basdırdığı minaya düşdü. Hafiz də orada şəhid oldu”.
Beləcə həyat dolu, ədəbli və cəsur bir gəncin ömür yolu yarıda qaldı. O, məktəb illərində bəlkə də əlaçı şagird deyildi, amma doğma məktəbini, elm ocağını çox sevirdi. Xüsusilə də hərbi idman oyunlarında böyük fəallıq göstərən Hafiz sanki özünü qarşıdakı sınaqları hazırlayırdı. Bu gün Hafizin xatirəsi Quzanlı məktəbinin adında əbədiləşdirilib. Onun qısa, amma şərəfli həyat yolu və göstərdiyi şücaətlər heç vaxt unudulmayacaq.
Elman Cəfərli