ABŞ-da daxili siyasi gərginliyin kəskinləşdiyi bir vaxtda qarşıdan gələn Konqres seçkiləri həm Respublikaçılar Partiyası, həm də Prezident Donald Tramp üçün taleyüklü sınağa çevrilib. Ölkədə bahalaşmanın sürətlənməsi, yaşayış xərclərinin artması, dizel yanacağının qiymətinin yüksəlməsi və mübahisəli miqrasiya siyasəti cəmiyyətdə narazılığı artıran əsas amillər sırasındadır. Bununla yanaşı, xüsusilə İranla bağlı xarici siyasətdə üzə çıxan problemlər də Ağ Ev rəhbərinin siyasi mövqelərinə mənfi təsir göstərir. Rəy sorğularında demokratların mövqelərinin güclənməsi və Nümayəndələr Palatasında çoxluğun müxalifətin nəzarətinə keçə biləcəyi ilə bağlı gözləntilər Tramp administrasiyasının qarşısında ciddi siyasi çətinliklər yaradır. Belə bir ssenari prezidentin fəaliyyətinin Konqresdə daha sərt nəzarətlə üzləşməsinə, qanunvericilik təşəbbüslərinin əngəllənməsinə və impiçment məsələsinin yenidən gündəmə gəlməsinə səbəb ola bilər. Mövcud şəraitdə Trampın seçki kampaniyasını sərtləşdirməsi və seçicilərin dəstəyini səfərbər etməyə çalışması həm Respublikaçılar Partiyasının gələcək mövqeləri, həm də prezidentin siyasi nüfuzu baxımından xüsusi əhəmiyyət daşıyır.

AMİP Mərkəzi Şurasının üzvü, siyasi şərhçi Əli Orucov Herbiand.az-a açıqlamasında bildirib ki, ABŞ-da Konqres seçkiləri ərəfəsində Respublikaçılar və Demokrat partiyaları arasında ciddi siyasi mübarizə gedir. Onun sözlərinə görə, seçkilərin nəticələri ölkədə siyasi qüvvələr nisbətinə təsir etməklə yanaşı, Prezident Donald Trampın gələcək siyasi mövqeyinin müəyyənləşməsində də mühüm rol oynayacaq: “Seçkilərin nəticələri yalnız partiyaların parlamentdəki təmsilçiliyinə deyil, həm də ABŞ-ın daxili və xarici siyasətinin gələcək istiqamətlərinə təsir göstərəcək. Prezident Donald Tramp həm özünü, həm partiyasını xilas etmək üçün özü də fəal seçki kampaniyası aparır. İlk rəy sorğularına görə respublikaçılar uduzur, prezidentin reytinqi də ABŞ-da bahalaşma, aparılan miqrant siyasəti, dizel yanacağının və yaşayış xərclərinin artması, həmçinin xarici siyasətdəki uğursuzluq, İran müharibəsində məqsədlərə çatılmaması fonunda minimuma düşüb. Artıq Nümayəndələr Palatasında demokratların üstünlük qazanacağına inananlar daha çoxdur. Əgər hər iki palata respublikaçıların əlinə keçsə Trampın prezidentliyinin növbəti dönəmi çox çətin keçəcək. Onun verdiyi qərarlar və atdığı addımlar konqresdə müqavimətlə üzləşəcək. Ehtimallardan biri də ondan ibarətdir ki, balans dəyişərsə Trampın impiçment məsələsi də qoyula bilər. Konkretləşdirsək, prezidentin gələcək siyasi karyerası da 3 noyabr seçkilərindən birbaşa asılı olacaq”.
Bəs Konqres seçkilərinin nəticələri Ağ Evin Cənubi Qafqaz siyasətinə, xüsusilə Azərbaycanla münasibətlərinə necə təsir göstərə bilər? Respublikaçıların və ya demokratların Konqresdə mövqelərinin dəyişməsi ABŞ-ın regionda təhlükəsizlik, enerji, nəqliyyat dəhlizləri və Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı siyasətində hansı dəyişikliklərə yol aça bilər?
Siyasi şərhçi deyib ki, qanunvericilik orqanında güc nisbətinin demokratların xeyrinə dəyişməsi ABŞ-ın Cənubi Qafqaz siyasətinə münasibətində geri dönüşə səbəb olmayacaq: “Xüsusilə də TRİPP layihəsi ilə bağlı işlər davam etdiriləcək. Bu dəhliz Vaşinqtonun geostrateji maraqları baxımından əhəmiyyətlidir. Lakin bəzən siyasi təzyiqində bir alır kimi istifadəsi istisna edilmir. İranla bağlı isə onu deyə bilərəm ki, korrektekərin edilməsi mümkündür. Zatən indinin özündə də demokratlar İranla müharibənin və İsrailin planları kontekstində çıxış etməyin əleyhinədirlər. İsraildə 27 oktyabrda keçirilən seçkilərdən sonra da Netanyahusuz yeni kabinetin formalaşması gündəmdədir. Onun alternativləri müharibənin başladılmasının əleyhinədir. Odur ki, istər regionla, istərsə də İranla bağlı ABŞın siyasətində kardinal olmasa da bəzi yenilənmələr baş verə bilər. Nəzərə alsaq ki, prezident Tramp faktoru da qalır”.
Məhəmməd Əliyev