İranın azərbaycanlı prezidenti Məsud Pezeşkianın siyasi ritorikasında son dövrlər müşahidə olunan dəyişikliklər diqqət çəkir. Belə ki, əvvəllər türk dilində şeirlər səsləndirən, Azərbaycanla bağlı ifadələr işlədən və milli-mədəni kimliyinə istinad edən Pezeşkianın son çıxışlarında İrançılıq ideologiyasını daha çox ön plana çıxardığı görünür. Bu dəyişiklik onun siyasi mövqeyinin transformasiyası, yoxsa İranın hakimiyyət strukturlarının təsiri altında formalaşan siyasi taktika kimi qiymətləndirilməlidir?

Siyasi şərhçi Müşfiq Abdulla Herbiand.az-a açıqlamasında Pezeşkianın çıxışlarının əvvəlki dövrlərlə müqayisədə həqiqətən xeyli fərqləndiyini deyib: “Məsud Pezeşkian 2024-cü ildə prezident seçilib. Hökumət başçısı kimi fəaliyyətinin birinci ili – 2025-ci ilin yay aylarına qədər olan dövr daha çox yadda qalan olub. Pezeşkian ilk növbədə 16,4 milyon nəfərin səsini qazanıb və legitim bir prezident kimi yadda qalıb. Üstəlik onun legitimliyi populyarlığını bir qədər də artırıb. Seçkilərin milli müstəvidə həll olunması, yəni İranda ən böyük toplum olan Azərbaycan türklərinin namizədinin qalib gəlməsi Pezeşkianı milli bir şəxs kimi ön plana çıxarıb. Xüsusilə də o, Azərbaycan milli təfəkkür tərzinin daşıyıcısı, türk toplumunun fəal nümayəndəsi kimi siyasi portretə malik olub. Lakin son dövrlər onun zəif siyasi müstəvidə çıxış etməsi və zəif təsir bağışlaması daha çox İranın həm daxilində, həm də yerləşdiyi regionda baş verən siyasi və geosiyasi proseslərlə bağlıdır. Xüsusilə Amerika Birləşmiş Ştatları və İran arasında bu ilin fevralın 28-də başlanmış müharibədən sonra yaranmış geosiyasi konyuktura Pezeşkianın mövqelərini xeyli zəiflədib. Ayətullah Seyid Əli Xameneinin öldürülməsindən sonra hakimiyyətin faktiki olaraq İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən ələ keçirilməsi də Məsud Pezeşkianın siyasi mövqeyinə təsir edib”.
Azərbaycan siyasətçinin 2024-cü ilin iyun ayında sərt xətt tərəfdarlarının, yəni “Paydari” qrupunun lideri Səid Cəliliyə qalib gəldiyini xatırladan siyasi şərhçi deyib ki, bu qələbə İranda islahatçı qüvvələrin siyasi proseslərdə yenidən ön plana çıxmasının göstəricisi idi: “Bu da öz növbəsində həm cəmiyyətdə, həm də isteblişmentdə islahatçı qrupun “Paydari” tərəfdarlarını sıxışdırmasına və siyasi proseslərə təsir imkanlarının azaldılmasına gətirib çıxarmışdı. Ancaq İranda müharibənin başlanmasından sonra Seyid Əli Xameneinin öldürülməsi, oğlu Müctəbanın ali lider kimi təqdim edilsə də, faktiki olaraq ortada olmaması və hakimiyyətin “Gilan klanı”ndan olan bir qrup SEPAH zabiti tərəfindən qəsb edilməsindən sonra İranın daxili və xarici siyasəti başqa qrupun əlinə keçdi. Nəticədə radikal dairələr prezidentin rəhbərlik etdiyi hökuməti nəzərə almadı, onunla hesablaşmadı və Pezeşkianı və komandasını siyasi proseslərdən sıxışdırmağa çalışdı. Bu gün Pezeşkianın zəif mövqe nümayiş etdirməsi, azərbaycançılıq və Azərbaycan mərkəzli türk toplumuna bağlılıq, milli düşüncə tərzindən yayınması və tamamilə əks kursun nümayəndəsi kimi çıxış etməsi də bununla bağlıdır”. M.Abdullanın fikrincə, hazrıda İranda elə bir vəziyyət yaranıb ki, Məsud Pezeşkianın dörd illik prezidentlik müddətini sona qədər başa vuracağı şübhə doğurur: “Onu vəzifəsindən kənarlaşdıra da bilərlər, istefaya məcburi də edə bilərlər. Dəfələrlə Pezeşkianla SEPAH arasında ciddi fikir ayrılığının olduğuna və onun istefa vermək istədiyinə dair məlumatlar yayılıb. Bütün bunlar təsadüfi deyil və hökumətin fəaliyyətinə heç bir imkan verilmədiyini göstərir. Bu baxımdan Pezeşkianın hansısa milli xətt üzərində ölkənin siyasi sistemini irəliyə aparacağı, yeni islahatlar həyata keçirəcəyi və milli hüquqları təmin edəcəyi barədə deyilənlər inandırıcı görünmür. Digər bir səbəb Güney Azərbaycandakı milli qüvvələrin mövqeyi ilə bağlıdır. Güney Azərbaycandakı milli hərəkatın ayrı-ayrı nümayəndələri hesab edirlər ki, Pezeşkian ümumiyyətlə Güney Azərbaycanın azadlığı və millətlərin hüquqlarının təmin edilməsi məsələsini düşünmür, daha çox Tehran rejiminə bağlı şəxsdir. Bu baxımdan İranda millətlərin hüquqlarının Tehran mərkəzli siyasi qüvvə tərəfindən təmin olunacağı iddiaları əsassızdır. Ona görə də Məsud Pezeşkiana ümidlər azdır və hesab edilir ki, Güney Azərbaycan türklərinin ümidini ona bağlaması azərbaycanlıların taleyini daha da geriyə ata bilər. Bu baxımdan Pezeşkian siyasi cəhətdən zəif fiqur kimi təqdim olunur və legitim prezident olmasına baxmayaraq, İranın daxili siyasi proseslərinə ciddi təsirinin olmadığı bildirilir”.
Yunis