Advertisment

Orta sinif təhlükədə: "Bu əngəllər qaldırılmasa..."

Azərbaycanda orta təbəqənin formalaşması ölkənin iqtisadi inkişafı və sosial rifahının yüksəldilməsi baxımından mühüm məsələlərdən biri hesab olunur. Orta təbəqə cəmiyyətin iqtisadi dayanıqlığının təmin edilməsində, sahibkarlığın inkişafında və sosial bərabərsizliyin azaldılmasında xüsusi rol oynayır. Lakin ölkədə gəlir bölgüsündəki fərqlər, kiçik və orta sahibkarlığın inkişafındakı çətinliklər, əməkhaqlarının alıcılıq qabiliyyəti və iqtisadi imkanların məhdudluğu bu təbəqənin genişlənməsinə mane olan amillər kimi qiymətləndirilir. Bəs Azərbaycanda orta təbəqənin formalaşmasına mane olan əsas iqtisadi amillər hansılardır və bu istiqamətdə hansı addımlar atılmalıdır?

İqtisadçı Natiq Cəfərli Herbiand.az-a açıqlamasında Azərbaycanda orta sinfin formalaşmasının və kiçik və orta sahibkarlığın inkişafının iqtisadiyyat üçün əhəmiyyətindən danışıb:

“Əsas amillər çoxdur və onları əsas və ikinci dərəcəli amillər kimi təsnifləşdirmək bir qədər çətindir. Azərbaycanda orta sinfin formalaşmasında başlıca rol biznesin, xüsusilə də kiçik və orta sahibkarlığın üzərinə düşməlidir. Lakin ölkəmizdə orta təbəqə əsasən bank sektoru, dövlət qulluğu və məmur korpusu hesabına formalaşır. Halbuki dayanıqlı və güclü orta sinfin yaranması üçün sahibkarlığın inkişafı və özəl sektorun iqtisadiyyatda payının artması mühüm əhəmiyyət daşıyır. Azərbaycanda bu baxımdan kifayət qədər fərqli və diqqətçəkən tendensiya müşahidə olunur”.

Natiq Cəfərli hesab edir ki, orta sinfin formalaşmasının sağlam iqtisadi təməl üzərində qurulması üçün kiçik və orta sahibkarlığın inkişafına mane olan bütün inzibati, iqtisadi və institusional əngəllər aradan qaldırılmalıdır: “Sahibkarlıq fəaliyyəti üçün əlverişli rəqabət mühiti yaradılmalı, özəl sektorun genişlənməsinə imkan verilməlidir. Məhz bu halda kiçik və orta biznes orta sinfin əsas dayağına çevrilə bilər. Bu istiqamətdə ardıcıl və sistemli addımlar atılarsa, yaxın bir neçə il ərzində Azərbaycanda daha geniş və dayanıqlı orta təbəqənin formalaşmasının şahidi ola bilərik”.

Yunis İsrəfilov

Herbiand.az