Son günlər sosial şəbəkələrdə insanların romantik anları, evlilik təklifləri və digər xoşbəxtliklərini əks etdirən paylaşımlar müxtəlif müzakirələrə yol açır. Belə paylaşımlara müsbət reaksiyalar və təbriklərlə yanaşı, istehzalı, qınayıcı, hətta təhqiramiz şərhlərin yazılması da diqqət çəkir. Başqalarının sevincinə qarşı nümayiş etdirilən bu cür mənfi münasibət insanların psixoloji vəziyyəti, sosial şəbəkələrin davranışlara təsiri və cəmiyyətdə empatiya anlayışı ilə bağlı suallar doğurur. Bəs insanların başqasının xoşbəxt anlarına bu qədər neqativ yanaşmasının arxasında hansı psixoloji səbəblər dayanır?
Psixoloq Vəfa Əkbər Herbiand.az-a açıqlamasında sosial şəbəkələrdə insanların başqalarının xoş anlarına qarşı sərt və təhqiramiz reaksiyalar göstərməsinin psixoloji səbəblərini izah edib:
"Gəlin belə deyək, ilk növbədə, bu cür reaksiyaların arxasında şəxsin narazılıqları və daxili münaqişələri dayanır. İnsan özünü tənha, emosional cəhətdən tükənmiş, dəyərsiz və münasibətlərində narazı hiss etdikdə, başqasının açıq xoşbəxtliyi onda daxili müqayisə və məyusluq ağrısı yaradır. Bu ağrını qəbul edib emal etməyin əvəzinə, qarşı tərəfi saxta, nümayişkaranə və ya gülməli elan etməklə vəziyyəti psixoloji müdafiə mexanizminə çevirir. İnsan öz daxilində basdırdığı tənqidi səsləri və narazılığı kənardan bir nəfərə yönəldərək, bir növ üstünlük hissi qazanmağa çalışır.
İkinci mühüm amil sosial şəbəkələrin empatiyanı zəiflətməsidir. Üz-üzə ünsiyyətdə qarşı tərəfin səsi, mimikası və incikliyi təbii tənzimləyici rol oynayır. Çünki biz bunları gözümüzlə görür və hiss edirik. Lakin ekran arxasında bu amillər itir. Şərh yazan şəxs qarşı tərəfin canlı duyğularını, onun insan olduğunu deyil, sadəcə kontent olduğunu görür. Beləliklə, həmin şəxs bir obraz kimi qəbul edilir”.
Psxioloq hesab edir ki, üçüncü amil sosial şəbəkələrin aqressiyanı artıran strukturu ilə bağlıdır: “Sosial məsuliyyət hissinin zəifləməsi daxili impulsların senzurasız ifadəsinə şərait yaradır. Bununla yanaşı, platformaların kəskin rəylərə daha çox diqqət ayırması neqativ tonun yayılmasını sürətləndirir. Bu cür şərhlər daha çox gündəmə gəlir və insanlar bununla öz eqolarını təmin etməyə çalışırlar.
Nəticə etibarilə, sosial şəbəkələrdə başqalarının xoş anlarına yazılan sərt və təhqiramiz şərhlər paylaşımı edən şəxslərin həyatından daha çox, şərhi yazan insanın daxili vəziyyətini əks etdirir. Burada məsələ həmin obraz deyil, o obraza rəy yazan insanın öz daxilində baş verən hadisələrdir”.
Yunis İsrəfilov