Advertisment

Müdafiə Nazirliyində Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü qeyd edilib

Azərbaycanın Əməkdar elm xadimi, həkim-oftalmoloq, tibb elmləri doktoru, AMEA-nın həqiqi üzvü, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə Müdafiə Nazirliyində tədbirlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən Herbiand.az-a bildirilib ki, Azərbaycan Ordusunun bir qrup qadın hərbi qulluqçusu akademik Zərifə Əliyevanın Fəxri xiyabandakı məzarını ziyarət edib, önünə əklil qoyub və əziz xatirəsinə böyük ehtiram nümayiş etdiriblər.

Heydər Əliyev adına Hərbi İnstitutda təşkil olunan “Vətənə xidmət nümunəsi: Azərbaycanın şanlı tarixində qadının rolu” adlı xatirə gecəsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sonra Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub.

Çıxış edənlər Zərifə Əliyevanın yalnız görkəmli oftalmoloq-alim deyil, həm də yüksək mənəvi-əxlaqi keyfiyyətləri ilə seçilən, ömrünü insanlara, elmə və Vətənə həsr edən böyük şəxsiyyət olduğunu, onun həyat yolunun Azərbaycan qadınının gücünü, mərhəmətini və fədakarlığını parlaq şəkildə nümayiş etdirdiyini vurğulayıblar.

Qeyd olunub ki, bu cür tədbirlər gənc nəslin maarifləndirilməsi, milli dəyərlərin təbliği və Azərbaycan qadınının cəmiyyətimizdəki rolunun ön plana çıxarılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədbirin sonunda Azərbaycanın sevilən müğənniləri tərəfindən bədii-musiqili kompozisiya təqdim olunub.