Advertisment

Ata tərəfindən cəngəlliyə atılan 2 yaşlı uşaq sağ tapılıb

Hundistanda polis Madya-Pradeş ştatından olan iki yaşlı oğlanı xilas edib. Uşaq qatil-ata tərəfindən cəngəlliyə atılmışdı.

Herbiand.az bildirir ki, bu barədə The Times of India qəzeti xəbər verib.

Məlumata görə, polislər mayın 2-də Vidişa vilayətinin 25 yaşlı sakinini saxladıqdan sonra uşağın axtarışına başlayıblar. Kişi arvadını öldürüb və qaçmağa çalışıb. Dindirmə zamanı cinayətkar oğlu haqqında heç nə deməsə də, polislər onun haqqında qohumlarından öyrəniblər. Məlum olub ki, hindli kişi arvadının başına daşla vurub, sonra uşağı motosikletə mindirərək cəngəlliyə aparıb. Uşağı orada qoyub, motosikleti atıb və piyada yoluna davam edib.

Polisin məlumatına görə, ərazi yırtıcılarla doludur və hətta böyük insanın orada tək qalması asan deyil. Hakimiyyət orqanları oğlanın atası tərəfindən cəngəlliyə atıldığını yalnız qaranlıq düşəndə biliblər. Onu sağ tapmaq şansı minimal idi. Lakin, mayın 3-ü səhər saat 9:00 radələrində xilasedicilər uşağı tapıblar. Polisin məlumatına görə, o, təxminən bir sutka meşədə xilas olmaq üçün yer axtarırmış.

Uşaq halsız olub və xilasedicilərin təklif etdiyi yeməyi dərhal yeyib. Onu xəstəxanaya aparıblar.

"Onun sağ qalması, sadəcə möcüzədir", - rayonun polis rəisinin müavini bildirib.

Bəxtiyar CƏFƏRLİ