Advertisment

Samux rayonunda “Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində növbəti anım tədbiri keçirilib

17 iyul 2026-cı il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dədə Ələsgər Ocağı" İctimai Birliyinin həyata keçirdiyi “Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində növbəti tədbir Samux rayonunun Sərkar kənd Musiqi məktəbində təşkil olunub.

Azərbaycanın görkəmli söz və saz ustadı, klassik aşıq poeziyasının ən parlaq nümayəndələrindən biri olan Aşıq Ələsgərin zəngin irsinin təbliğinə həsr edilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, elm adamları, mədəniyyət işçiləri, aşıqlar, gənclər və media nümayəndələri iştirak ediblər.

Anım mərasimi Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirin aparıcısı "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin İdarə Heyətinin üzvü Taleh Əliyev Aşıq Ələsgərin Azərbaycan ədəbiyyatı və aşıq sənətində tutduğu müstəsna mövqeyindən, onun milli-mənəvi dəyərlərimizin formalaşmasında və yaşadılmasında oynadığı roldan, zəngin poetik irsinin bugünkü və gələcək nəsillər üçün əhəmiyyətindən bəhs edib. 

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova layihənin milli-mədəni irsin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, Aşıq Ələsgərin yaradıcılığının gənclər arasında təbliğinin vacibliyini qeyd edib.

"Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli çıxışında layihənin məqsədi haqqında ətraflı məlumat verərək bildirib ki, bu cür tədbirlər böyük el sənətkarının irsinin yaşadılması, onun yaradıcılığının yeni nəsillərə çatdırılması və Azərbaycan aşıq sənətinin inkişafına töhfə vermək baxımından xüsusi əhəmiyyət daşıyır.

Tibb üzrə fəlsəfə doktoru, Dədə Ələsgər irsinin tədqiqi və təbliği mərkəzinin direktoru Hacı Abbas Bağırov Aşıq Ələsgər irsinin elmi araşdırılması istiqamətində görülən işlərdən söz açıb, bu irsin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.

Şair, publisist, ədəbiyyatşünas Salman Balakişiyev çıxışında Aşıq Ələsgərin poetik irsinin Azərbaycan ədəbi fikrində xüsusi yer tutduğunu, onun əsərlərinin bu gün də aktuallığını qoruyub saxladığını diqqətə çatdırıb.

"Dədə Ələsgər Ocağı" İctimai Birliyinin İdarə Heyətinin üzvləri şair-publisist Azadə Novruzova və Sayad Hüseynov da çıxış edərək Aşıq Ələsgərin irsinin təbliği istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb, belə tədbirlərin milli-mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfə verdiyini bildiriblər.

Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova çıxışında Aşıq Ələsgərin zəngin ədəbi irsinin gənc nəslə sevdirilməsinin və təbliğinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, İmadəddin Nəsimi və Aşıq Ələsgər Azərbaycan ədəbiyyatının mənəvi zirvələridir. Nuranə Həsənova bildirib ki, hər iki dahi söz ustadı öz yaradıcılığı ilə xalqımızın milli-mənəvi dəyərlərini yaşadaraq gələcək nəsillərə zəngin irs bəxş edib. O, layihənin Samux rayon ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandığını da diqqətə çatdırıb.

Tibb elmləri doktoru, professor, "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin İdarə Heyətinin üzvü İbadulla Ağayev Aşıq Ələsgərin yaradıcılığının mənəvi-estetik dəyərlər sistemindəki yerindən danışaraq, onun poeziyasının xalqımızın milli yaddaşının ayrılmaz hissəsi olduğunu bildirib.

Tədbirin bədii hissəsi iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Aşıqlardan Mirəli Mehdiyev, Rafiq Qubuyev, Saleh Tağıyev, Bəxtiyar Allahverdiyev və Yasin Kəlbəcərli Aşıq Ələsgərin sözlərinə yazılmış el havalarını, eləcə də klassik aşıq repertuarından seçilmiş musiqi nümunələrini məharətlə ifa ediblər. Tədbirin sonunda aşıqların birgə ifasında müxəmməs səsləndirilib və bu ifa tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Layihə çərçivəsində keçirilən anım tədbirlərinin əsas məqsədi Aşıq Ələsgərin zəngin yaradıcılıq irsini geniş ictimaiyyətə, xüsusilə gənc nəslə tanıtmaq, Azərbaycan aşıq sənətinin yaşadılmasına və inkişafına dəstək vermək, milli-mənəvi dəyərlərimizin təbliğinə töhfə verməkdir.

"Dədə Ələsgər Ocağı" İctimai Birliyi layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində silsilə anım tədbirlərini davam etdirəcək.

 

#QHT #NGO #QHTAgentliyi #Samux #DədəƏləsgərOcağı