İran Xarici İşlər Nazirliyi Britaniya hökumətinin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) Milli Təhlükəsizlik Qanununa əsasən təhdid kimi təyin etmək qərarını pisləyərək, bunu ədalətsiz, məsuliyyətsiz və beynəlxalq hüququn fundamental prinsiplərinə, o cümlədən dövlətlərin suveren bərabərliyinə və daxili işlərə müdaxilə etməməyə zidd adlandırıb.
Herbiand.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, nazirliyin bəyanatında SEPAH-ın İran silahlı qüvvələrinin ayrılmaz hissəsi olduğu və İran ordusu ilə birlikdə ölkənin ərazi bütövlüyünü, milli suverenliyini və milli təhlükəsizliyini qorumaq vəzifəsi daşıdığı bildirilib.
Bəyanatda həmçinin qeyd olunub ki, SEPAH-ın İranın təhlükəsizliyinə və regional sülhə verdiyi töhfə, xüsusən də İŞİD-ə qarşı mübarizədəki rolu hamıya məlumdur.
Tehran Böyük Britaniyanın müstəqil dövlətin rəsmi qurumunu təhlükəsizlik təhdidi kimi təyin etmək qərarını "Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini və beynəlxalq hüququ pozan ucuz, təxribatçı cəhd" adlandırıb.