Ermənistan Baş Prokurorluğu sahibkar və "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan və onunla əlaqəli şəxslərdən 105,9 milyard dram (təxminən 290 milyon ABŞ dolları) məbləğində vəsaitin, 75 daşınmaz əmlak obyektinin və digər aktivlərin müsadirə olunmasını tələb edir.
Herbiand.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun qanunsuz mənşəli əmlakın müsadirəsi işləri üzrə idarəsinin rəisi Koryun Serobyan İctimai Televiziyaya müsahibəsində bildirib.
Onun sözlərinə görə, müsadirə tələbinə İrəvanın Nor Nork rayonunda yerləşən 52 mənzil, Abovyan küçəsindəki 5 mənzil, Kotayk vilayətində yerləşən 11 mənzil də daxil olmaqla ümumilikdə 75 daşınmaz əmlak obyekti daxildir.
Bundan əlavə, bazar dəyəri ilə qiymətləndirilən daha 10 daşınmaz əmlak obyektinin, 42 nəqliyyat vasitəsinin və 38 hüquqi şəxsdəki payların da müsadirəsi tələb olunur.
Serobyan qeyd edib ki, prokurorluq bununla yanaşı, 105,9 milyard dram məbləğində ayrıca pul tələbi də irəli sürüb.
Qeyd edək ki, Qaqik Tsarukyan iyulun 7-də iki ay müddətinə həbs edilib. Ona xüsusilə külli miqdarda dələduzluğa köməklik və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (pul yuyulması) ittihamları irəli sürülüb.