Rusiya Şimali Koreyadan aldığı ballistik raketlərin hesabına Ukraynaya qarşı raket hücumlarını daha uzun müddət davam etdirmək imkanı əldə edə bilər.
TWZ (The War Zone) nəşrinin yaydığı məlumata görə, Moskva getdikcə daha çox Pxenyanın təmin etdiyi raketlərə arxalanır və bununla da Ukraynanın hava hücumundan müdafiəsində, xüsusilə Patriot sistemləri üçün tutucu raket ehtiyatlarının məhdudluğu ilə bağlı zəiflikdən istifadə etməyə çalışır.
Nəşr qeyd edir ki, Şimali Koreyadan raket tədarükünün artması Rusiyaya öz hərbi-sənaye kompleksinin istehsal imkanlarından daha uzun müddət ərzində intensiv raket zərbələri endirmək imkanı verə bilər.
Ukrayna hərbi kəşfiyyatının məlumatına əsasən, Pxenyan son vaxtlar Rusiyaya əlavə 40 ədəd KN-23 və KN-24 ballistik raketi göndərib. Bundan başqa, Moskvanın ümumilikdə 120-yə qədər belə raket və altı buraxılış qurğusu əldə etməyi planlaşdırdığı bildirilir.
Məlumatda həmçinin qeyd olunur ki, Şimali Koreyanın Voronej vilayətində öz raket bölməsini yerləşdirməsi ehtimalı da nəzərdən keçirilir.
TWZ vurğulayır ki, Şimali Koreya istehsalı olan raketlər hazırda Rusiyanın istifadə etdiyi ümumi raket arsenalının nisbətən kiçik hissəsini təşkil etsə də, onların əhəmiyyəti getdikcə artır. Nəşrin qiymətləndirməsinə görə, əsas narahatlıq yalnız silah tədarükünün həcminin artması deyil, eyni zamanda Moskva ilə Pxenyan arasında hərbi-texniki əməkdaşlığın sürətlə dərinləşməsidir.