Kəngərli rayonunun Şahtaxtı kənd sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Məmmədov Zaman Habil oğlunun doğum günü münasibətilə məzarı önündə anım tədbiri keçirilib.
Mərasimdə Naxçıvan MR Ali Məclisinin deputatları, Kəngərli Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, YAP Kəngərli Rayon Təşkilatının sədri və əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, hərbçilər, şəhid ailələri, qazilər, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək bildirib ki, bütün istiqamətlərdə qazanılan uğurların və əldə olunan nailiyyətlərin əsas hədəfi işğal altında olan torpaqlarımızın azad edilməsi, Azərbaycanın bütün sərhədləri boyunca üçrəngli bayrağımızın dalğalanması idi. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, xalqımızı dünyaya mübariz və qalib xalq kimi tanıdıb. Vurğulanıb ki, Vətən uğrunda canından keçən qəhrəman övladlarımız xalqımızın qəlbində əbədi yaşayacaq.
Tədbirdə çıxış edən digər natiqlər şəhidlə bağlı xatirələrini bölüşüb, onun döyüş yolundan danışıblar.
Tədbirin sonunda şəhidin məzarı ziyarət olunub, önünə tər qərənfillər düzülərək əziz xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Zaman Məmmədov 1995-ci il avqustun 3-də Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. 2002–2013-cü illərdə Şahtaxtı kənd tam orta məktəbində təhsil alıb.
2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçən Zaman Məmmədov 2016-cı ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətini davam etdirib.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Zaman Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il oktyabrın 29-da Xocavənd döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb və doğulduğu Şahtaxtı kəndində dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamları ilə Zaman Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və "III dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ruhu şad olsun.
Bəxtiyar ƏLİYEV,
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi