Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkəsi üçün hazırkı mərhələdə Avrasiya İqtisadi İttifaqını (Aİİ) Avropa İttifaqı (Aİ) ilə əvəz edəcək real alternativ mövcud deyil.
Paşinyan bu fikirləri Qırğızıstanda keçirilən Aİİ Hökumətlərarası Şurasının iclasındakı çıxışı zamanı səsləndirib.
Baş nazir bildirib ki, İrəvan Aİİ və Aİ-də eyni vaxtda təmsilçiliyin mümkün olmadığını anlayır. Onun sözlərinə görə, ölkədə Avropa İttifaqına inteqrasiyanı nəzərdə tutan qanunun qəbul edilməsi Ermənistanın gələcəkdə Aİ-yə üzv olmaq niyyətini ifadə edir, lakin bu, üzvlüyə təminat vermir.
Paşinyan vurğulayıb ki, Avropa İttifaqına qoşulmaq üçün yalnız Ermənistanın iradəsi kifayət etmir. Bunun reallaşması üçün həm Aİ-yə üzv dövlətlərin razılığı, həm də Ermənistan vətəndaşlarının dəstəyi vacibdir.
O əlavə edib ki, lazımi hüquqi və institusional hazırlıq görülmədən, rəsmi üzvlük müraciəti təqdim edilmədən və namizəd ölkə statusu əldə olunmadan bu məsələ ilə bağlı referendum keçirmək məqsədəuyğun deyil.
"İnsanları faktiki mövcud olmayan seçimlər arasında qərar verməyə məcbur etmək düzgün olmazdı. Bu, həm vətəndaşlara hörmətsizlik, həm də legitim olmayan siyasi addım olardı", – deyə Paşinyan bildirib.