Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bu həftə ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) xüsusi formatda iclası keçiriləcək. İclasda qarşıdan gələn qış mövsümünə hazırlıq planlarının icra vəziyyəti müzakirə olunacaq.
Zelenski bu barədə Ukraynanın xarici ölkələrdəki səfirləri ilə keçirilən müşavirədə danışıb.
"Bu həftə regionların və icmaların dayanıqlılıq planlarının necə icra olunduğunu qiymətləndirmək üçün MTMŞ-nin xüsusi iclası keçiriləcək. Öhdəliklərini yerinə yetirməyən şəxslər bununla bağlı cavab verəcəklər. Təhlilin nəticələrinə əsasən dövlətimizin xarici siyasət istiqamətində də müvafiq tapşırıqlar veriləcək", – deyə Zelenski bildirib.
Bu arada, Ukraynanın sabiq Baş naziri (2010–2014) Nikolay Azarov TASS agentliyinə açıqlamasında ölkənin qış mövsümünə kifayət qədər hazır olmadığını iddia edib. Onun sözlərinə görə, Ukraynada nə təbii qaz, nə də enerji kömürü ehtiyatları qış tələbatını ödəmək üçün yetərlidir.
TASS-ın hesablamalarına əsasən, ilin ortalarınadək ölkənin qaz anbarlarında təxminən 7 milyard kubmetr qaz toplanıb. Halbuki qış mövsümünü problemsiz keçirmək üçün minimum 13,2 milyard kubmetr ehtiyat tələb olunur.
Məlumata görə, enerji kömürünün ehtiyatı 2,2 milyon ton təşkil edir ki, bu da yalnız yay və payız aylarının tələbatını ödəməyə kifayət edir. Bundan əlavə, Ukraynanın enerji sisteminin generasiya gücü bərpa işlərinə baxmayaraq hazırda 11–12 giqavat səviyyəsindədir. Halbuki qış aylarında ölkənin ehtiyacı təxminən 18–19 giqavat təşkil edir. Bildirilir ki, hətta yay aylarında havaların həddindən artıq isti keçməsi səbəbindən elektrik enerjisinə tələbat artır və nəticədə 1–2 giqavat həcmində enerji çatışmazlığı yaranır.