Ankaranın Etnoqrafiya Muzeyində zərgərlik sənətinin 12 minillik tarixinə həsr olunmuş sərgi açılıb.
Herbiand.az xəbər verir ki, sərgidə Türkiyə paytaxtının sakinlərinə və qonaqlarına bəşər tarixinin Paleolit dövründən Osmanlı imperiyasınadək müxtəlif mərhələlərinə aid 550 unikal zərgərlik nümunəsi təqdim olunur.
Ekspozisiya Türkiyənin 60 muzeyinin fondları əsasında formalaşdırılıb. Sərgilənən eksponatların 276-sı ictimaiyyətə ilk dəfə nümayiş etdirilir.
Ziyarətçilərə Anadolu ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuş sümük və dişlərdən, həmçinin obsidian, əqiq, kvars və qırmızı yəşəmdən hazırlanmış qədim boyunbağılar, bilərziklər və saç bəzəkləri təqdim olunur.
Tunc və Dəmir dövrlərində geniş yayılmış daş muncuqlardan istifadə Roma dövründə yeni formalar alıb. Həmin dövrdə fil sümüyü, qızıl, gümüş və bürünclə yanaşı, yarıqiymətli daşlardan da geniş istifadə olunub.
Daha sonra tökmə, döymə və metal təbəqənin işlənməsi texnikaları meydana gəlib. Şərqi Roma imperiyası və İslam dövründə isə Anadoluda zərgərlik məmulatlarının emalla örtülməsi və qızılla işlənməsi üsulları tətbiq edilib.
Ekspozisiyada zərgərlik məmulatlarının tarixən yalnız estetik bəzək əşyası deyil, həm də sosial statusun, kimliyin və iyerarxiyanın vizual göstəricisi olduğu vurğulanır.
Sərgini Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da ziyarət edib.