Advertisment

"İdeoloji təxribatlara qarşı ayıq-sayıq olmalıyıq"-Siyasi şərhçidən çağırış

Xəbər verildiyi kimi Yeni Azərbaycan Partiyasının VIII Qurultayında hakim partiyanın lideri, Prezident İlham Əliyev mühüm mesajlar verib. Dövlət başçısı partiyanın qarşısında yeni ideoloji fəaliyyət vəzifələri müəyyənləşdirib. 

Məlumdur ki, çağımızda ideoloji və informasiya təhdidləri hərbi təhlükələr qədər ciddi xarakter daşıyır və cəmiyyətin həmrəyliyinə, dövlətə inama və tarixi yaddaşa təsir göstərə bilər. Azərbaycanın keçmişdə üzləşdiyi Qarabağ münaqişəsi və regionda baş verən proseslər ideoloji hazırlığın dövlət təhlükəsizliyi baxımından nə qədər vacib olduğunu göstərir. 

Xüsusilə sosial media, süni intellekt və saxta məzmunların sürətlə yayılması informasiya müharibəsini daha mürəkkəb və təsirli hala gətirib. Bu baxımdan cəmiyyətin, xüsusilə gənclərin dezinformasiyanı tanımaq və informasiya manipulyasiyalarından qorunmaq bacarıqları gücləndirilməlidir. 

Xarici mediada Azərbaycanla bağlı yayılan yanlış məlumatlara operativ və əsaslandırılmış cavabların verilməsi də xüsusi əhəmiyyət daşıyır. Bunun üçün analitik mərkəzlərin yaradılması və müxtəlif sahələr üzrə mütəxəssislərin bu prosesə cəlb edilməsi məqsədəuyğundur.

Məsələyə münasibət bildirən siyasi şərhçi Elman Cəfərli bildirib ki, ideoloji təxribatlara qarşı ayıq-sayıq olmaq və milli maraqları qorumaq hər kəsin, xüsusilə ziyalıların qarşısında duran mühüm vəzifələrdəndir. “Dünyəvi dövlət quruluşuna və dünyəvi təhsil sisteminə qarşı yönələn təhdidlərə vaxtında və prinsipial şəkildə münasibət bildirilməlidir.  

Ziyalılar belə məsələlərdə susmamalı, öz mövqelərini açıq şəkildə ortaya qoymalıdırlar. İkiüzlülük və münafiqlik vaxtı deyil. Həm ziyalıların rəğbətini qazanmaq, həm də mövhumatçı və gerici düşüncələrə xoş görünmək naminə mövqedən geri çəkilmək düzgün yanaşma deyil”. 

E.Cəfərli hesab edir ki, Azərbaycan müstəqilliyini və ərazi bütövlüyünü təmin etdikdən sonra dünyəvi təhsil sistemini və ideoloji məkanını da müxtəlif dağıdıcı və geriyə yönəlmiş təsirlərdən qorumağa xüsusi diqqət yetirməlidir: “Biz müstəqilliyimizi əldə etmiş, ərazi bütövlüyümüzü bərpa etmiş və dünyəvi təhsil sistemimizi formalaşdırmışıq.

İndi isə dövlətçiliyimizin əsasını təşkil edən ideoloji dəyərləri müxtəlif dağıdıcı və yad təsirlərdən qorumaq qarşıda duran mühüm vəzifələrdəndir.

Kimliyindən asılı olmayaraq, dövlətimizin milli maraqlarına və ideoloji sisteminə qarşı yönələn hücumların qarşısı alınmalıdır. 

Azərbaycan dili qorunmalı, xalqımızın yaratdığı zəngin tarixi və mədəni irsə sahib çıxılmalı, milli dəyərlərimiz gələcək nəsillərə ötürülməlidir. 

Gənclərin milli kimlik, dövlətçilik və vətənpərvərlik ruhunda formalaşdırılması isə bu istiqamətdə ən mühüm prioritetlərdən biri olmalıdır”. 

Yunis
Herbiand.az