Advertisment

İtə qarşı amansızlıq qınaq doğurdu: “Cəzasız qalmamalıdır”

Bakıda bir kişinin hamilə iti çoxmərtəbəli binanın pəncərəsindən atdığı bildirilir. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və heyvansevərlərin ciddi narazılığına gətirib çıxarıb. Hadisəni törətdiyi iddia olunan şəxsə qarşı ictimai qınaqlar artır.

Son məlumata görə, hadisəni törətdiyi bildirilən Ağakişiyev soyadlı şəxs saxlanılıb və Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 25 sutka inzibati qaydada həbs edilib. Heyvanlara qarşı amansızlıq cəmiyyət üçün ciddi siqnaldır

Davamlın Turizmin inkişafına Dəstək İctimai Birliyinin sədri Nərminə Qəribova Herbiand.az-a açıqlamasında deyib ki, Qaradağ rayonunun  Müşviqabad qəsəbəsində heyvana qarşı törədilən amansızlıq cəmiyyətdə ciddi narahatlıq yaratmalıdır.

“Heyvana işgəncə vermək və onu öldürmək sadəcə heyvana qarşı törədilmiş bir qəddarlıq deyil, eyni zamanda insanın zorakılığa və mərhəmətsizliyə münasibəti baxımından ciddi siqnaldır.

Bu insanlar armızda rahat yaşayan gizli qatillərdir. Belə cinayətlərə yalnız cərimə və ya qısa müddətli inzibati həbs tədbiri ilə yanaşmaq problemin kökünü həll etməyə bilər. Heyvanlara qarşı qəsdən işgəncə verən və bundan zövq alan şəxslərin psixi vəziyyəti mütləq mütəxəssislər tərəfindən qiymətləndirilməli, qanunvericiliyin imkan verdiyi tibbi və təhlükəsizlik tədbirləri tətbiq olunmalıdır.

Məqsəd yalnız cəzalandırmaq deyil, həm də cəmiyyəti qorumaq, mümkün psixi problemləri vaxtında müəyyənləşdirmək və müalicəni təmin etməkdir. İnsanların təhlükəsizliyi ilə yanaşı, heyvanların da müdafiəsi ciddi şəkildə təmin edilməlidir.

Nərminə Qəribova hesab edir ki, bu məsələdə hüquqi məsuliyyətin qaçılmaz və adekvat olması həm də mühüm tərbiyəvi mesaj verir: “Valideynlər və uşaqlar bilməlidirlər ki, heyvana qarşı törədilən qəddarlıq “adi bir hərəkət” və ya “uşaq zarafatı” kimi qiymətləndirilməyəcək və belə davranışın hüquqi nəticələri ağır olacaq. Ancaq cəzanın sərtləşdiyi təqdirdə insanlar bu əməllərin ciddiliyinin fərqinə varacaq və daha məsuliyyətlə yanaşacaq.

Cəmiyyət heyvana qarşı zorakılığa laqeyd qalmamalıdır. Çünki mərhəmət və vicdan yalnız insana münasibətdə deyil, canlı olan hər bir varlığa münasibətdə özünü göstərir.

Heyvanlara qarşı amansızlıq cəmiyyətin görməməzliyə vuracağı məsələ deyil, qarşısı alınmalı, araşdırılmalı və qanun çərçivəsində ciddi tədbirlər görülməli məsələdir. Heç bir cana qarşı cinayət cəzasız qalmamalıdır”.

Aydın

Herbiand.az