Advertisment

“Qarabağ”da böhran, yoxsa keçid dövrü? – Zirvəyə qayıdış bu şərtlə mümkündür

Son illərdə Azərbaycan futbolunun flaqmanı hesab olunan “Qarabağ”ın ölkə çempionatında nümayiş etdirdiyi qeyri-sabit və inamsız oyun artıq sual doğuran məqama çevrilib. Ağdam təmsilçisi uzun illər Premyer Liqada rəqiblərindən üstünlüyü ilə seçilib, Avropa arenasında isə Azərbaycan futbolunun adını dəfələrlə yüksəklərə qaldırıb.

Çempionlar Liqasının qrup mərhələsində və Avropa Liqasının pley-off mərhələlərində qazandığı uğurlar “Qarabağ”ı təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də tanıdıb.

Lakin hazırkı mövsümdə komandanın çıxışında ciddi eniş müşahidə olunur. Ardıcıl xal itkiləri, oyun keyfiyyətinin aşağı düşməsi və turnir cədvəlində beşinci pilləyə geriləməsi son illərin dominant “Qarabağ”ının vəziyyətini müzakirə mövzusuna çevirib. Bəs, bu geriləmənin əsas səbəbləri nədir?

İdman şərhçisi Ceyhun Rzayev Herbiand.az-a açıqlamasında “Qarabağ”ın mövcud vəziyyətini və komandanın əvvəlki mövqeyinə qayıtmaq ehtimalını dəyərləndirib.

“Qarabağ”da bildiyiniz kimi, mövsümün əvvəlində heyətdə köklü dəyişikliklər oldu. “Qarabağ” tarixində ilk dəfə komandadan bu qədər çox sayda futbolçu ayrıldı və təbii ki, onların yerinə də çoxlu sayda futbolçu dəvət olundu.

"Qarabağ” keçid dövründədir və bu futbolçuların bir-birinə uyğunlaşması gözləniləndən daha çox vaxt aparır.

“Qarabağ” öz mövqeyini qaytara bilərmi? Mən düşünürəm ki, hələ heç mövsüm yarılanmayıb, qarşıda hələ çox tur var. Əlbəttə, “Qarabağ” düzələ bilər.

Xüsusən də qış fasiləsində, çempionata fasilə yaranarkən təlim-məşq toplanışı olacaq və həmin təlim-məşq toplanışından sonra mən düşünürəm ki, bəli, “Qarabağ” əvvəlki mövqeyini çempionata qaytara bilər. Sadəcə vaxt lazımdır.

Keçid dövrü “Qarabağ”da gözləniləndən daha çox vaxt alır”.

Yunis İsrəfilov

Herbiand.az