Advertisment

Cənubi Koreya bankları məlumat sızmalarından sonra kibertəhlükəsizliyə ayırdıqları vəsaiti artıracaqlar

Cənubi Koreyanın ən iri bankları müştəri məlumatlarının bir neçə dəfə sızması və baş verən kiberhücumlardan sonra informasiya təhlükəsizliyinə investisiyaları artırmağı planlaşdırır.

Herbiand.az “The Korea Herald” nəşrinə istinadla xəbər verir ki, ölkənin ən iri beş bankı cari ildə informasiya təhlükəsizliyinə ümumilikdə təxminən 332 milyard von vəsait ayırıb. Bu, ötən illə müqayisədə 3,8 faiz çoxdur.

Baş vermiş insidentlər fonunda banklar əlavə investisiyalar yatırmağa hazırlaşır. “KB Kookmin Bank” gələn il informasiya təhlükəsizliyinə 100 milyard vondan çox vəsait ayırmaq niyyətindədir. “Woori” mühafizə sistemlərinə çəkilən xərcləri 20 faizdən çox artırmaq və bu sahə üzrə mütəxəssislərin sayını genişləndirmək imkanını nəzərdən keçirir.

“Hana Bank” on milyardlarla von dəyərində təhlükəsizlik layihələri hazırlayır. “NH NongHyup” serverlərin mühafizəsini gücləndirməyi və süni intellekt sistemlərini sınaqdan keçirməyi planlaşdırır. “Shinhan” isə kənar ekspertləri cəlb etmək, təhdidlərin aşkarlanması sistemini təkmilləşdirmək və süni intellekt əsaslı təhlükəsizlik monitorinqi mərkəzi yaratmaq niyyətindədir.