Bakının Nizami rayonunda yerləşən 10 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri arasında sonu qətl ilə bitən hadisə son günlərdə hər kəsi, əsasən də yeniyetmə böyüdən valideynləri çox narahat edib.
Son dövrlərdə yeniyetmələr arasında zorakılıq hadisələrinin geniş vüsət alması nədən xəbər verir? Əlbəttə ki, cəmiyyətin ciddi sosial-psixoloji problemlərindən.
Məktəb mühitində belə zorakılıqların, münaqişələrin ağır nəticələrə gətirib çıxması ailə münasibətlərinin, emosional tərbiyənin, məktəbdəki sosial-psixoloji xidmətin, ən əsas da sosial mühitin nəzərdən keçirilməsi zərurətini doğurur.
Yeniyetməlik dövrü insanın şəxsiyyət kimi formalaşdığı,müstəqillik dönəminə yenicə girdiyi bir dövrdür. Bu dövrdə yeniyetmə həmyaşıdlarının münasibətinə, davranışına həssas yanaşa bilər. Həmçinin münaqişə zamanı emosiyalarını düzgün idarə etməkdə çətinlik çəkə bilər.
Çünki aqressiyanın çox olması özünü ifadə etməyə,problemə adekvat yanaşmağa mane olur.
Bir-birilərinə aqressiv davranışın kökündə ailə münasibətləri, məktəb mühiti, emosional vəziyyət, ən əsas da sosial mühit dayanır.
Sosial mühitin qeyri-sağlam olması məhz valideynlərin yeniyetməlırə laqeyd yanaşmasına bağlıdır. Yeniyetmənin davranışında baş verən dəyişikliklər valideynlər üçün xəbərdarlıq olmalıdır.
Davamlı aqressiyanın olması, özünə qapanma, zorakılığı dilinə gətirmə, yaxud silah xarakterli əşyalara maraq göstərmək valideynlərdə ciddi yanaşma tələb edir.
Baş vermiş faciə tək bir ailənin faciəsi olmamalıdır. Bu artıq cəmiyyətin faciəsidir. Faciənin səbəbini araşdırmaqla yanaşı, onun gələcəkdə cəmiyyətdə yetişən yeniyetmələr üçün düzgün örnək olmadığını da vurğulamalıyıq.
Əsas məqsəd bunu anlamaq deyil, gələcəkdə başqa bir yeniyetmənin həyatını itirməsinin qarşısını almaqdır. Buna görə ailə, cəmiyyət, məktəb, psixoloqlar birgə fəaliyyət göstərməlidir.

Günel Misazadə,
psixoloq