Müasir rəqəmsal dövrdə informasiya axınının sürətlənməsi və texnologiyanın həyatımızın hər sahəsinə nüfuz etməsi cəmiyyətin mütaliə vərdişlərini də köklü şəkildə dəyişdirmişdir. Sosial şəbəkələrin gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir zamanda kitabla oxucu arasındakı münasibət yeni bir müstəviyə keçir.
Bu dəyişiklik fonunda həm kitabın formatı, həm də ədəbiyyatın maddi və mənəvi dəyəri ətrafında fərqli yanaşmalar ortaya çıxır. Kağız qoxusunu saxlayan ənənəvi kitabla modern elektron vasitələr arasındakı seçim isə təkcə rahatlıq deyil, həm də mütaliə mədəniyyətinin mahiyyəti ilə bağlıdır.
Ədəbiyyatın və yazarın müasir dünyadakı mövqeyi, onun həm mənəvi missiyasını, həm də yaşayış təminatını eyni vaxtda mühüm bir müzakirə mövzusuna çevirir.
AYB üzvü, Prezident Təqaüdçüsü, “Ədalət” qəzetinin müxbiri, şairə Əntiqə Kərimzadə Herbiand.az-a açıqlamasında deyib ki, müasir dövrdə, texnikanın sürətlə inkişaf etdiyi bir zamanda, sosial şəbəkələrin fəallaşdığı bir dövrdə kitaba marağın azalması gözlənilən haldır.
“İnsanlar daha çox elektron kitablara üstünlük verirlər. Bu da müəyyən səbəblərdən irəli gəlir. Bu səbəblərdən birincisi oxucuların özlərini kitab daşıma yükündən azad etməsidir. Ancaq deyərdim ki, kitabla təmas oxucunu daha çox düşündürür və oxumaq vərdişini inkişaf etdirir.
Fikrimcə, kitab oxucunun yol yoldaşı olmalıdır”.
Əntiqə Kərimzadənin sözlərinə görə, kitab satışının azalmasını da yalnız elektron kitabların mövcudluğu ilə əlaqələndirmək olar. “Yazarın kitab satışının təşkili nəşriyyat tərəfindən həyata keçirilsə, daha məqsədəuyğun olar.
Lakin müəllifin kitab satması da öz oxucusu ilə birbaşa ünsiyyətdir. Düşünürəm ki, bu hal da qəbulolunandır. Ədəbiyyatla, yaradıcılıqla məşğul olan insanın məhz yaradıcılıq hesabına maddi tələblərini qarşılaması bir qədər sual doğuran məqamdır.
Yazıçı kağızla qidalanmır axı. Bir də bütün yazıçılar o qədər şanslı deyillər ki, əlavə biznesləri və ya hər hansı bir məşğuliyyətləri olsun”.
Aydın