Süni intellektin sürətlə inkişafı həyatın müxtəlif sahələri ilə yanaşı, ədəbiyyat və jurnalistika qarşısında da yeni çağırışlar yaradır. Artıq süni intellekt vasitəsilə xəbər, məqalə, hekayə, hətta roman yazmaq mümkündür.
Bu texnoloji yeniliklər bir tərəfdən yaradıcılıq imkanlarını genişləndirir, digər tərəfdən jurnalist və yazıçı peşələrinin gələcəyi ilə bağlı ciddi suallar doğurur. Görəsən, süni intellekt gələcəkdə insanın yaradıcı təfəkkürünü, peşəkarlığını və fərdi üslubunu əvəz edə biləcəkmi?
“Süni intellektin inkişafı ədəbiyyat və jurnalistika üçün geniş imkanlar acır”. Bunu mövzu ilə bağlı Herbiand.az-a danışan Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri, yazar Sevinc Fədai deyib.
Onun sözlərinə görə, Sİ-nin inkişafı insanlığı qorxutmamalıdır: “O, informasiyanı sürətlə emal edə, məlumatları təhlil edə, mətnlər hazırlaya və insan əməyini asanlaşdıra bilər. Biz bu inkişafdan qorxmamalı, onu düzgün istifadə etməyi öyrənməliyik.
Ancaq bir məsələni unutmamalıyıq ki, məlumat yaratmaqla insana toxunmaq eyni şey deyil. Jurnalistika yalnız faktları bir araya gətirmək, ədəbiyyat isə yalnız sözləri bir-birinin ardınca düzmək deyil axı. Jurnalistika cəmiyyətin görmək istəmədiyi həqiqəti göstərmək, susdurulan insanların səsini eşitdirmək, bir problemin arxasında gizlənən insan taleyini üzə çıxarmaqdır.
Ədəbiyyat isə insanın özündə belə adlandıra bilmədiyi duyğulara sözə çevirməkdir. Süni intellekt bir insanın hekayəsini yaza bilər. Amma həmin insanın gözlərinə baxanda nə hiss etdiyimizi, bir ananın səsindəki titrəyişi, bir uşağın susqunluğunun arxasında gizlənən qorxunu bizim kimi yaşaya bilməz.
Mənim üçün insanın ruhunu, toxunuşunu, yaşanmışlığını heç nə əvəz edə bilməz. Texnologiya inkişaf etdikcə insanın özünə, hisslərinə və mənəvi dəyərlərinə ehtiyacının da daha aydın görünəcəyinə inanıram.
Süni intellekt məqalə, xəbər, hekayə və hətta roman yaza bilir”.
Bəs belə bir şəraitdə jurnalist və yazıçının yaradıcılıq fərdiliyi, peşəkarlığı və cəmiyyətdəki rolu necə dəyişəcək?
Tanınmış yazar deyib ki, gələcəkdə yenə də jurnalist və yazıçının dəyəri daha çox yazdığı sözlərin arxasında dayanan düşüncəyə, mövqeyə və insani məsuliyyətə görə müəyyənləşəcək:
“Bu gün süni intellekt bir neçə saniyə ərzində mətn hazırlaya bilər. Amma həmin mətnin cəmiyyət üçün nə dərəcədə əhəmiyyətli olduğunu müəyyənləşdirmək, onun doğura biləcəyi nəticələri düşünmək, həqiqətlə manipulyasiyanı ayırmaq və sözün məsuliyyətini daşımaq hələ də insanın üzərinə düşür. Jurnalist təkcə məlumatı çatdırmır, onun peşəkarlığı həm də doğru sualı verməkdədir. Olur ki, bir jurnalistin verdiyi sual illərlə gizlədilən həqiqəti üzə çıxara bilər.
Yazıçının fərdiliyi isə onun həyat təcrübəsində, dünyaya baxışında, ağrılarında, sevinclərində və özünəməxsus düşüncə tərzində formalaşır. Eyni hadisəni yaşayan iki insan belə onu fərqli hiss edir və fərqli ifadə edir. Çünki hər bir insanın daxili dünyası ayrıdır. Əsl yaradıcılıq da məhz bu fərqlilikdən doğur. Mən düşünürəm ki, süni intellektin inkişafı peşəkar jurnalist və yazıçıya olan ehtiyacı azaltmaqdan daha çox, onların qarşısına yeni bir məsuliyyət qoyacaq: hazır mətnlərin çoxaldığı bir dünyada həqiqi sözü, fərdi düşüncəni və insani səmimiyyəti qorumaq.
Çünki hər gözəl cümlə dərin düşüncənin, hər təsirli mətn isə həqiqi duyğunun nəticəsi deyil. Oxucu zaman keçdikcə mətnin arxasında kimin dayandığını, orada hansı düşüncənin və hansı ruhun olduğunu daha çox axtaracaq”.
Gələcəkdə süni intellekt jurnalistikanı və ədəbiyyatı tamamilə öz təsiri altına ala bilərmi?
Sevinc Fədai hesab edir ki, süni intellektin bu sahələrə təsiri artmayacaq: “Xəbərlərin hazırlanmasından tutmuş ədəbi mətnlərin yaradılmasına qədər bir çox proses dəyişəcək. Bəzi işlər avtomatlaşacaq, bəzi peşə vərdişləri yenilənəcək. Ancaq mən jurnalistikanın və ədəbiyyatın mahiyyətinin tamamilə texnologiyanın nəzarətinə keçəcəyinə inanmıram. Çünki insan sadəcə düşünən yox, hiss edən, xatırlayan, darıxan, itirən, sevinən və bütün bunlardan özünəməxsus nəticələr çıxaran varlıqdır.
Bir jurnalist müharibədən qayıdan insanın gözlərində gördüyü ağrını, bir yazıçı uşaqlıq evinin qoxusunu, bir ananın övladına toxunarkən yaşadığı hissi sözə çevirəndə onun yazdıqları yalnız informasiyadan ibarət olmur. Orada yaşanmış bir ömür, şəxsi yaddaş və insan təcrübəsi var. Süni intellekt bu duyğuları təsvir edə, onlar haqqında təsirli mətn yarada bilər. Amma duyğunu təsvir etməklə onu yaşamaq arasında böyük fərq var.
Mənim üçün ən vacib məsələ də budur: texnologiya insanın yerinə keçməyə çalışmamalı, insanın imkanlarını genişləndirməlidir. Biz süni intellektdən istifadə edərək daha sürətli işləyə, daha çox insana çata, daha mürəkkəb məsələləri araşdıra bilərik. Ancaq qərarlarımızın mərkəzində insan, onun ləyaqəti, hissləri və hüquqları qalmalıdır. Hərdən düşünürəm ki, bu gün texnologiya bizi bir-birimizə daha sürətli çatdırdığı halda, biz bir-birimizi dinləməyə əvvəlkindən daha az vaxt ayırırıq. Məlumat çoxalır, amma həqiqi ünsiyyət azalır. Sözlər artır, amma o sözlərin içində insanın özü görünmür. Məhz buna görə gələcəyin ən böyük ehtiyaclarından birinin insanın insana toxuna bilməsi olacağına inanıram.
Mən süni intellektin inkişafına qarşı deyiləm. Mən insanın bu inkişafın içində özünü itirməsinə qarşıyam. Ədəbiyyat da, jurnalistika da insanı anlamaq cəhdidir. İnsan öz hisslərini, ağrılarını, ümidlərini, suallarını və başqasının taleyinə duyduğu məsuliyyəti qoruduğu müddətdə bu sahələrin ruhu yaşayacaq. Texnologiya nə qədər inkişaf etsə də, inanıram ki, bir insanın digər insana səmimi şəkildə toxunması, onun həyatında iz buraxması və öz sözləri ilə başqa bir qəlbdə nəyisə dəyişməsi əvəzolunmaz olaraq qalacaq.
Çünki süni intellekt söz yarada bilər, amma o sözün bir insanın həyatında necə bir iz buraxacağını müəyyən edən yenə insandır. Bir-bitimizin həyatında insanın, onun hisslərinin, sözlərinin rolunun daha da artmasına ümid edirəm”.
Aydın
Herbiand.az