Vahid məktəbli geyimi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Mövzu ətrafında aparılan müzakirələrdə dünyəvi təhsil prinsipləri, dini simvolların məktəbdə yeri və şagirdlər arasında sosial bərabərliyin qorunması məsələləri diqqət çəkir.
“Hərbi and” qəzetinin baş redaktoru, Hərbi Yönümlü Təşkilatlar İttifaqı və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının rəhbəri, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli də videomüraciətlə məsələ ilə bağlı mövqeyini bölüşüb.
O, bildirib ki, Azərbaycanda vahid məktəbli geyimi ilə bağlı müzakirələr fonunda dünyəvi təhsil ənənələrimizin qorunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın 150 illik dünyəvi təhsil ənənəsi var və xalqımız Şərqdə ilk dəfə demokratik respublika qurmuş xalq kimi tarixə düşüb.
E.Həsənlinin sözlərinə görə, bu zəngin tarixi irsi qoruyaraq dünyəvi təhsil modelimizi davam etdirməli və gələcək nəsillərə ötürməliyik. QHT sədri bildirib ki, Azərbaycanda vicdan və etiqad azadlığı təmin olunur, hər kəsin dini inanclarına hörmətlə yanaşılır.
Bununla belə, məktəb dünyəvi təhsil və dünyagörüşünün formalaşdığı məkandır, dini simvolların nümayişi üçün nəzərdə tutulmuş yer deyil. Vahid məktəbli geyiminin tətbiqi şagirdlər arasında sosial bərabərliyin gücləndirilməsinə, maddi imkan fərqlərinin geyim üzərindən qabardılmamasına və məktəb mühitində ayrı-seçkiliyin azalmasına xidmət edir.
“Vahid məktəbli geyimi ənənəsini qorumaqla həm dünyəvi təhsil prinsiplərimizi, həm də şagirdlər arasında bərabərlik və birlik ruhunu möhkəmləndirməliyik”-deyə, Emin Həsənli bildirib.
Aydın