Rusiya-Ukrayna müharibəsi uzandıqca rus ordusunun canlı qüvvə itkiləri də artmaqda davam edir. Son məlumatlara görə, Rusiya ordusunun cəmi bir ay ərzində verdiyi itkilərin sayı 50 mini ötüb. Xüsusilə diqqət çəkən məqamlardan biri itkilərin regionlar üzrə bölgüsüdür: məlumatlara əsasən, bu itkilərin 12 mindən çoxu Başqırdıstandan cəbhəyə göndərilən şəxslərin payına düşür. Bu vəziyyət Rusiyanın milli respublikalarında, xüsusilə türk-müsəlman xalqları arasında narazılıq və ayrı-seçkilik müzakirələrini yenidən gündəmə gətirir. Bəs Moskvanın müharibə siyasəti Başqırdıstan və digər türk-müsəlman respublikalarında mərkəzi hakimiyyətə münasibətə necə təsir göstərə bilər və insan itkilərinin qeyri-bərabər bölgüsü gələcəkdə separatçı meyilləri gücləndirə bilərmi?

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Herbiand.az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsini yalnız iki dövlətin hərbi qarşıdurması kimi qiymətləndirmək düzgün olmazdı. Onun sözlərinə görə, məsələyə daha geniş kontekstdə yanaşmaq, tarixi faktları nəzərə almaqla yanaşı, Qərbin Rusiyaya qarşı zəiflətmə strategiyasını və SSRİ-nin dağılması təcrübəsini də təhlil etmək lazımdır.
“Kollektiv Qərbin Rusiyaya qarşı strategiyasını yalnız Ukraynanın hərbi imkanlarının gücləndirilməsi ilə məhdudlaşdırmaq olmaz. Bu strategiyaya Moskvaya qarşı iqtisadi sanksiyaların tətbiqi və Rusiyanın daxili zəifliklərindən istifadə etməklə onun geosiyasi imkanlarının məhdudlaşdırılması məsələləri də daxildir. Qərbin müəyyən strateji və analitik dairələrində Rusiyanın daxili zəifliklərindən, regional ziddiyyətlərindən və milli məsələlərindən istifadə edilməsi imkanları müzakirə olunur. Bu baxımdan iki sənəd xüsusi diqqət çəkir. Bunlardan birincisi ABŞ-ın RAND Corporation analitik mərkəzinin 2019-cu ildə hazırladığı “Extending Russia” hesabatı, digəri isə Polşanın OSW mərkəzinin 2026-cı ildə dərc etdiyi “Russia's Vulnerabilities” araşdırmasıdır. Hər iki sənəddə Rusiyanın iqtisadi, hərbi, siyasi və institusional zəifliklərindən istifadə etməklə ölkədə mövcud daxili problemlərin daha da dərinləşməsi ehtimalı nəzərdən keçirilir. Xüsusilə, Polşa tərəfinin yanaşmasında Moskva ilə regionlar arasındakı münasibətlərə, milli azlıqların hüquqlarına və regional iqtisadi ziddiyyətlərə diqqət yetirilir. Burada mühüm bir fərqi nəzərə almaq lazımdır: Rusiyanın beynəlxalq gücünün zəiflədilməsi ilə onun dövlət kimi parçalanması eyni strateji məqsədə xidmət etmir. Çünki Qərb dövlətlərinin hamısının Rusiyanın etnik münaqişələr zəminində zəiflədilməsi və parçalanması ilə bağlı vahid planının mövcud olduğunu demək üçün kifayət qədər təsdiqlənmiş sübut yoxdur. Bu istiqamətdə təqdim edilmiş, bütün Qərb dövlətlərinin ortaq mövqeyini əks etdirən dərin strateji sənəd də mövcud deyil. SSRİ-nin dağılması təcrübəsinin də bugünkü Rusiya üçün nəzərə alınmalı olduğunu vurğulayıb. Sovet İttifaqının süqutu mərkəzi hakimiyyətin zəifləməsi ilə milli respublikalarda suverenlik və özünüidarəetmə meyillərinin güclənməsi arasında ciddi əlaqənin olduğunu göstərdi”-deyə, o, bildirib.
Politoloq hesab edir ki, SSRİ-nin dağılmasında iqtisadi böhran, siyasi idarəetmənin və ideologiyanın zəifləməsi ilə yanaşı, respublika elitalarının toqquşan maraqları və milli-etnik ziddiyyətlər də xüsusi rol oynayıb: “Buna görə də həmin tarixi təcrübəni indiki Rusiya ilə bağlı təhlillərdə nəzərə almadan keçmək olmaz. Məhz bu kontekstdə Rusiya-Ukrayna müharibəsinin ölkənin daxili münasibətlər sisteminə təsiri barədə düşünmək lazımdır. Müharibə insan və iqtisadi resurslar baxımından Rusiyanın üzərinə böyük yük qoyur. Bu yükün regionlar arasında qeyri-bərabər bölüşdürülməsi isə uzunmüddətli perspektivdə ciddi sosial və siyasi nəticələrə səbəb ola bilər. Xüsusilə Başqırdıstan, Tatarıstan, Buryatiya və Tuva kimi regionların diqqət çəkdiyini bildirib. Hərbi itkilər, sosial-iqtisadi problemlər və milli-mədəni hüquqlarla bağlı məsələlər mərkəzi hakimiyyətlə yerli cəmiyyətlər arasındakı münasibətlərə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək amillərdir”.
Siyasi şərhçi bu istiqamətdə Başqırdıstan və Tatarıstanın xüsusi diqqətə layiq olduğunu vurğulayıb. O qeyd edib ki, türk respublikalarına diqqət yetirmək vacibdir və məsələni yalnız hərbi itkilərlə məhdudlaşdırmaq düzgün olmaz: “Milli kimlik, ana dili, regional iqtisadi maraqlar və siyasi özünüdərk məsələləri də mühüm əhəmiyyət kəsb edir. Əgər Moskvanın qəbul etdiyi qərarların nəticələri bu respublikalarda ciddi problemlərə yol açarsa, yerli əhalinin mərkəzi hakimiyyətə münasibətində də əhəmiyyətli dəyişikliklər baş verə bilər”.
Bununla yanaşı, politoloq yaranan narazılıqların avtomatik olaraq separatizmə çevriləcəyini düşünməyin düzgün olmadığını bildirib. Onun sözlərinə görə, belə yanaşma tələsik nəticə çıxarmaq olardı. Rusiya Federasiyasının siyasi və təhlilçi strukturları, regional elitaların mərkəzdən iqtisadi və institusional asılılığı, həmçinin respublikaların fərqli siyasi maraqları bu prosesi mürəkkəbləşdirən amillərdir:
“Burada əsas məsələ Rusiyanın yaxın perspektivdə parçalanıb-parçalanmayacağı deyil. Əsas sual müharibənin uzanacağı təqdirdə federal mərkəzin milli respublikalar üzərində siyasi, iqtisadi və ideoloji nəzarəti hansı səviyyədə qoruyub saxlaya biləcəyidir. Rusiya üçün Ukrayna müharibəsinin nəticələri yalnız hərbi vəziyyətlə ölçülmür. Müharibə ölkənin demoqrafik potensialına, iqtisadi dayanıqlığına, regional münasibətlərinə və çoxmillətli dövlət modelinə də təsir göstərir. Əgər baş verən proseslər zəncirvari şəkildə bir-birinə təkan verə və mövcud problemləri qarşılıqlı şəkildə gücləndirərsə, Rusiyanın daxili siyasi sabitliyi üçün yeni çağırışlar meydana çıxa bilər. Bu baxımdan SSRİ-nin dağılması təcrübəsi ilə indiki Rusiya arasında müəyyən tarixi paralellər aparmaq mümkündür. Bununla belə, hazırkı mərhələ ilə Sovet İttifaqının süqutu arasındakı əsas fərq Rusiyanın parçalanmasının hələlik real və birbaşa siyasi gündəmdə olmamasıdır. Əsas məsələ ölkədə mövcud olan siyasi, iqtisadi və milli bərabərsizliklərin yaratdığı gərginliyin getdikcə artmasıdır. Rusiya-Ukrayna müharibəsinin uzunmüddətli geosiyasi nəticələrini qiymətləndirərkən məhz bu daxili amilləri də nəzərə almaq lazımdır. Böyük dövlətlər bəzən xarici hərbi məğlubiyyətdən daha çox, uzunmüddətli müharibənin ölkə daxilində yaratdığı siyasi, iqtisadi və sosial problemlər nəticəsində strateji mövqelərini itirirlər”.
Yunis İsrəfilov