“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat xidməti bildirir ki, şəhidlərin əziz xatirəsinin yaşadılması, qəhrəmanlıq irsinin gələcək nəsillərə ötürülməsi, eləcə də Azərbaycan və Türkiyə arasında ədəbi-mədəni əlaqələrin və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi məqsədi daşıyan “Bir şəhid, bir hekayə, bir şeir” antologiyasının V cildinin təqdimat mərasimi keçirilib.
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi və “Zərif qadınlar” ədəbi qrupunun təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, yazıçılar, Ali Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, ziyalılar və ictimaiyyət təmsilçiləri ilə yanaşı, Əlahiddə Ümumqoşun Ordunun zabit heyəti, Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyinin zabitləri, müəllimləri və kursantları, həmçinin Naxçıvan Hərbi Kollecinin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbirdə rəsmi çıxışlar dinlənilib. İlk olaraq “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid Amin Gülməmmədovun atası Mübariz Gülməmmədov, şəhid Göydağlı Ramazanın atası Əbülfət Əliyev və şəhid Raqib Hüseynovun anası Rəna xanım çıxış ediblər. Ardınca şəhid baş leytenant Toğrul Məmmədovun qardaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Üzeyir Məmmədov, Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Ali Sevim, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Zərif qadınlar” ədəbi qrupunun təsisçi-rəhbəri, yazıçı-publisist Təranə Arifqızı, layihənin rəhbəri, yazıçı Harun Yıldırım, redaktor-yazar Salih Sedat Ersöz, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Banu Həsənova və pedaqoq Samil Qəribov çıxış ediblər.
Çıxışlarda şəhidlərin şərəfli ömür yolunun, Vətən sevgisinin və döyüş qəhrəmanlıqlarının bədii ədəbiyyat vasitəsilə gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, şəhidlərin həyat hekayələrini qələmə almaq, onların mübarizə yolunu söz sənəti ilə əbədiləşdirmək milli yaddaşın qorunmasına və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edir.
Tədbirdə layihənin Azərbaycan üzrə müəlliflərindən, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sevinc Rza, eləcə də antologiyanın müxtəlif cildlərinin hazırlanmasında iştirak edən türkiyəli yazarlar Kevser Dostağüler, Şifanur Özçelik Şirin, Mecbure İnal Vela, Zeki Akalın, Emine Akkurt, Gökmen Sakin, Saliha Yavaş, Adnan Şahin və Banu Sancakın adları qeyd olunub.
Diqqətə çatdırılıb ki, Azərbaycan və Türkiyə yazarlarının birgə səyi ilə ərsəyə gələn layihə çərçivəsində indiyədək beş cild kitab hazırlanıb. Nəşrlərin üç cildi Türkiyə, iki cildi isə Azərbaycan şəhidlərinin əziz xatirəsinə həsr edilib. Layihənin rəhbəri Harun Yıldırım olan antologiyada şəhidlərin həyat yolu, döyüş şücaəti, Vətən sevgisi və xalqı qarşısında göstərdikləri fədakarlıq bədii söz vasitəsilə əksini tapıb. Bu nəşrlər qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılmasına, Azərbaycan və Türkiyə xalqları arasında mənəvi bağlılığın gücləndirilməsinə və şəhidlərimizin əziz xatirəsinin yaşadılmasına mühüm töhfə verir.
Tədbirin bədii hissəsində Azərbaycan və Türkiyə şəhidlərinə həsr olunmuş şeirlər bədii qiraət vasitəsilə təqdim edilib. Səsləndirilən poetik nümunələrdə şəhidlərin qəhrəmanlığı, Vətənə məhəbbət, milli birlik və Azərbaycan-Türkiyə qardaşlığı tərənnüm olunub.
Tədbirin sonunda şəhid ailələrinə və qonaqlara antologiyanın kitabları hədiyyə edilib. Daha sonra layihənin rəhbəri Harun Yıldırıma “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi adından plaket və hədiyyə, Azərbaycan və Türkiyədən olan digər yazarlara isə təşəkkürnamələr və hədiyyələr təqdim olunub. Tədbir xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.
*Bəxtiyar Əliyev*
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi