Advertisment

Tarix yenidən yazılır: "Fransa gücünü itirir, bu, böyük qələbədir!"

Fransanın Sakit okean hövzəsində yerləşən Yeni Kaledoniya ilə bağlı siyasi gələcək məsələsi yenidən beynəlxalq gündəmin aktual mövzularından birinə çevrilib. Uzun illərdir adada müstəqillik tərəfdarları ilə Fransa ilə siyasi bağlılığın qorunmasını istəyən qüvvələr arasında fikir ayrılıqları davam edir. Bu qarşıdurma Paris administrasiyasını regionda yeni siyasi yanaşmalar axtarmağa vadar edir. Fransa hökuməti mövcud gərginliyi azaltmaq məqsədilə adaya daha geniş özünüidarəetmə hüquqları verilməsini və yerli hakimiyyət institutlarının səlahiyyətlərinin artırılmasını nəzərdən keçirir. Bununla belə, təklif olunan muxtariyyət modelinin tərəflər arasında ortaq mövqe formalaşdırıb-formalaşdırmayacağı hələ də açıq qalır. Müstəqillik tərəfdarları üçün bu addım uzun illərdir irəli sürülən siyasi tələblərin tam reallaşması demək deyil. Digər tərəfdən, Fransa ilə əlaqələrin saxlanılmasını dəstəkləyənlər üçün geniş muxtariyyət mövcud siyasi statusun qorunmasının alternativ yolu kimi qiymətləndirilə bilər. Beləliklə, Yeni Kaledoniyanın gələcəyi təkcə Fransanın daxili siyasəti deyil, həm də Sakit okean regionunda geosiyasi maraqlar baxımından əhəmiyyət daşıyır. Əsas müzakirə mövzusu isə budur: Parisin təklif etdiyi yeni idarəetmə modeli adada siyasi kompromisə yol açacaq, yoxsa müstəqillik məsələsi uzun müddət gündəmdə qalmaqda davam edəcək?

Politoloq Tofiq Abbasov Herbiand.az-a açıqlamasında deyib ki, Fransa əvvəlki metropol statusunu və beynəlxalq nüfuzunu tədricən itirir: “Ölkədəki siyasi proseslər, hakimiyyətə gələn siyasi xadimlərin səviyyəsi və mövcud idarəçilik problemləri Fransanın mövqelərinə təsir göstərir. Eyni zamanda, Paris Korsikaya muxtariyyət verilməsinə maneçilik törətdiyi halda, Yeni Kaledoniyada xalqın apardığı mübarizə nəticəsində muxtariyyət məsələsində geri çəkilib.

Yeni Kaledoniya xalqı apardığı mübarizə və müqavimət nəticəsində rəsmi Parisi öz səsini eşitməyə məcbur edib. Fransa indi əvvəlki gücünü, öz nüfuzunu itirə-itirə gedir. Buna baxmayaraq, Fransa həm Korsikaya artıq maneçilik törədir ki, onlara muxtariyyət verməsin. Digər tərəfdən də Kaledoniya xalqı öz mübarizəsi ilə artıq rəsmi Parisi vadar etdi ki, ona muxtariyyət versin. Əlbəttə, ilk növbədə burada söhbət mədəni muxtariyyətdən gedə bilər. Bununla belə, hesab edirəm ki, indiki mərhələdə kaledoniyalılar böyük iradə və əzmkarlıq nümayiş etdiriblər. Onlar ardıcıl və məqsədyönlü mübarizə apararaq öz müqavimət hərəkatını formalaşdırıb, siyasi tələblərinin beynəlxalq ictimaiyyət tərəfindən eşidilməsinə nail olmağa çalışıblar. Əlbəttə, burada Azərbaycan dövlətinin də, Prezident İlham Əliyevin də çox böyük xidmətləri oldu. Çünki biz həmişə bu xalqın yanında idik və başa salırdıq ki, Fransanın neomüstəmləkəçi siyasəti heç vaxt insanların əzmini qıra bilməyəcək. Kaledoniyalılar buna imkan vermədilər. Ona görə də biz də onlarla bərabər sevinirdik ki, artıq müstəqillik yolunda çox vacib bir addım atılıb və çox vacib bir yüksəklik götürülüb.

Bu muxtariyyət, əlbəttə ki, gələcəkdə milli müstəqilliyin təməli rolunu oynaya biləcək bir qazancdır. Çünki birdən-birə maksimal nəticə əldə etmək bəzi hallarda çətin olur. Azsaylı xalqdır, sonra dənizaşırı yerlərdə qərar tutub. Digər tərəfdən, onların da özlərinə məxsus ənənələri var. O ənənələri də pozmaq, sındırmaq istəyən rəsmi Paris, əlbəttə ki, müxtəlif mexanizmlərə malikdir ki, onların bu mübarizəsinin qarşısını alsın, ya da onu yarımsıxılmış vəziyyətdə saxlasın”.

 

Siyasi şərhçi hesab edir ki, bu irəliləyişdən sonra dərhal siyasi müstəqilliyə can atmaq bir qədər özünü doğrultmaz.

“Bunun üçün hazırlıq getməlidir. Bunun üçün ideoloji cəhətdən insanlar gərək özləri anlasınlar ki, bu siyasi muxtariyyət ümumiyyətlə onların şəraitində nə deməkdir, onlar nəyə görə bu yola çıxırlar. Təbii ki, başqa xalqların da, başqa dövlətlərin də təcrübəsindən istifadə etməlidirlər.

İndi Fransa həmişə deyir ki, bərabərlik, azadlıq və qardaşlıq. Əgər haçansa Fransa inqilabı dünyaya bu şüarları səsləndiribsə, deməli, Fransa hələ də o dəyərlərə sadiq qalırsa, onda həm də o insanlar, o xalqlar, o toplumlar ki, bu üç dəyərdən istifadə etmək istəyirlər, niyə onların qarşısı alınmalıdır?”-deyə, o, bildirib.

Tofiq Abbasov hesab edir ki, artıq kaledoniyalılar tərəfindən böyük bir qələbə əldə olunub: “Amma tələsmək lazım deyil. Birincisi, güc toplamaq lazımdır. Digər tərəfdən, hər bir müqavimət hərəkatının özünün bir proqramı, mübarizə planı olmalıdır. Burada tələsmək olmaz. Onlar gərək ciddi şəkildə hər şeyi götür-qoy etsinlər və digər tərəfdən də bilsinlər ki, onların səsinə səs verən ölkələr, o cümlədən Azərbaycan dövləti var. Biz BMT səviyyəsində Bakı Qrupunun yaranmasına nail olduq. Elə Bakı Qrupunun özü də o kiçik dənizaşırı ölkələrin, xalqların mübarizəsinə səs verən bir qrupdur, onların səsini qaldırır, onlara platforma verir. Bu, ayıq-sayıqlıqla nümayiş etdirilir. Heç bir şey bizim diqqətimizdən qaçmır və bu platformanın özündə də Azərbaycanın həddindən artıq böyük, mən deyərdim, sabitləşdirici bir rolu var ki, Dünya Birliyi də artıq o xalqların mübarizəsinə dəstək versin və onları himayə etsin. Hesab edirəm ki, Kaledoniyalılar da artıq düz yola çıxıblar. Bu yolda onların, əlbəttə ki, böyük itkiləri də oldu, sonra böyük məşəqqətli vəziyyətləri də oldu. Ancaq hər halda indi muxtariyyətin qazanılması o deməkdir ki, bu mübarizə hələ sona yetməyib, onun davamı olmalıdır”.

 

Yunis İsrəfilov

Herbiand.az