Türkiyənin Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik təşəbbüsləri beynəlxalq diqqəti yenidən Ankaranın vasitəçilik imkanlarına yönəldib. Moskva və Kiyevlə paralel dialoq kanallarını qoruyan Türkiyə mümkün sülh danışıqları üçün mühüm platforma rolunu oynasa da, tərəflər arasında dərinləşmiş fikir ayrılıqları bu istiqamətdə irəliləyişə ciddi maneələr yaradır. Xüsusilə ərazi bütövlüyü, təhlükəsizlik təminatları və müharibədən sonrakı regional nizamla bağlı ziddiyyətli mövqelər diplomatik səylərin nəticə verməsini çətinləşdirir. Ekspertlərin fikrincə, sülh perspektivi yalnız Ankaranın vasitəçilik təşəbbüslərindən deyil, həm də döyüş meydanındakı qüvvələr nisbətindən və Vaşinqtonun siyasi mövqeyindən asılı olacaq.

Ümid Partiyası İdarə Heyətinin üzvü Tamilla Qulami Herbiand.az-a açıqlamasında Türkiyənin vasitəçilik təşəbbüslərini, Rusiya-Ukrayna müharibəsinin diplomatik yolla həlli perspektivlərini və Ankaranın bu prosesdəki rolunu şərh edib: “Rusiya və Ukrayna nümayəndələrinin Türkiyənin vasitəçiliyi ilə yenidən təmaslara başlaması müharibənin diplomatik yolla həlli baxımından müəyyən ümidlər yaratsa da, bunu hələlik real sülh prosesinə keçidin başlanğıcı kimi qiymətləndirmək tezdir. Çünki tərəflərin danışıqlara maraq göstərməsi onların əsas siyasi və strateji tələblərindən geri çəkilməsi demək deyil. Hazırda Moskva müharibədən sonrakı təhlükəsizlik arxitekturasının dəyişdirilməsini, Ukraynanın hərbi-siyasi istiqamətinə məhdudiyyətlər qoyulmasını və ərazi məsələsində öz iddialarının qəbulunu istəyir. Kiyev isə ərazi bütövlüyünün qorunmasını, işğal edilmiş torpaqların taleyinin hüquqi müstəvidə həllini və gələcəkdə Rusiyanın yenidən hərbi müdaxiləsinin qarşısını alacaq etibarlı təhlükəsizlik təminatlarını əsas şərt hesab edir. Ona görə də hər iki ölkənin bu mövqeləri arasında ciddi ziddiyyət var. Əlbəttə ki, Ukrayna öz şərtlərində hərtərəfli haqlıdır. Qeyd etmək lazımdır ki, Türkiyənin bu prosesdə rolu xüsusi əhəmiyyət daşıyır. Ankara həm Moskva, həm də Kiyev ilə siyasi və iqtisadi əlaqələrini qoruyub saxlayan, Qara dəniz təhlükəsizliyi və regional sabitlik məsələlərində təsir imkanlarına malik aktorlardan biri, daha dəqiq desək, birincidir. Ərdoğanın Zelenski ilə son görüşü və Türkiyənin danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bir daha bəyan etməsi Ankaranın diplomatik təşəbbüsü davam etdirmək niyyətini göstərir. Lakin etiraf edək ki, Türkiyə tərəfləri masa arxasına gətirə bilər, onların ərazi və təhlükəsizlik məsələlərində güzəştə getməsini isə təkbaşına təmin edə bilməz. Zənnimcə, real nəticənin əldə olunması cəbhədəki hərbi vəziyyət, ABŞ-nin tərəflərə münasibətdə təzyiq və təşviq mexanizmləri, eləcə də Rusiya və Ukraynanın müharibənin davam etdirilməsinin siyasi və iqtisadi qiymətini necə dəyərləndirməsindən asılı olacaq. Burada xüsusilə də, Vaşinqtonun mövqeyi həlledicidir. Əgər ABŞ Moskvanı güzəştlərə sövq edə biləcək təsir imkanlarından istifadə etməklə yanaşı, Kiyevin təhlükəsizlik maraqlarını da nəzərə alan balanslı yanaşma ortaya qoyarsa, danışıqların nəticə vermə ehtimalı yüksək olacaq”.
Partiya funksioneri hesab edir ki, yaxın perspektivdə hərtərəfli sülh sazişindən daha çox, enerji infrastrukturlarına və Qara dənizdə hücumların dayandırılması, əsir mübadiləsi və humanitar məsələlər üzrə məhdud razılaşmaların əldə olunması real görünür.
“Noyabrda nəzərdə tutulan ABŞ-Rusiya-Ukrayna təmasları da ilkin mərhələdə bu istiqamətdə imkanların yoxlanılması baxımından əhəmiyyətlidir. Əsas məsələ budur ki, tərəflər danışıqlardan müharibədə üstünlük qazanmaq üçün taktiki vasitə kimi deyil, siyasi kompromisə aparan mexanizm kimi istifadə etməlidirlər. Əks halda, Türkiyədə və ya başqa platformada keçiriləcək görüşlər diplomatik fəallıq görüntüsü yaratmaqdan o yana keçməyəcək. Sülhün taleyini görüşlərin keçirilməsi deyil, Rusiyanın öz haqsız və maksimalist tələblərindən nə dərəcədə geri çəkilməyə hazır olması müəyyən edəcək. Görünən isə bu ki, Rusiya öz istəklərindən əl çəkənə bənzəmir. Ukraynada isə hakimiyyətdə kimliyindən asılıq olmayaraq, heç bir prezident, üstəlik də, Ukrayna xalqı öz torpaqlarından vaz keçməyəcək”.
Məhəmməd Əliyev