8 Noyabr-Zəfər Günü Azərbaycanda xalqımızın tarixi qələbəsinin və milli birliyinin təcəssümü kimi qeyd olunur. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə 30 ilə yaxın davam edən işğala son qoyaraq regionda yeni reallıqlar yaratdı.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ölkənin müasir tarixində mühüm mərhələyə çevrildi. Hərbi Yönümlü Təşkilatlar İttifaqı və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının rəhbəri, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Hebriand.az-a açıqlamasında 8 Noyabrın Azərbaycan dövlətçiliyi və xalqımızın gələcək nəsilləri üçün daşıdığı mənəvi və siyasi əhəmiyyətinə toxunub:
“8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən mühüm və şanlı səhifələrindən biridir. Bu tarixi qələbə xalqımızın uzun illər davam edən ədalətsizliyə, işğala və beynəlxalq ikili standartlara qarşı mübarizəsinin nəticəsidir.
Azərbaycan xalqı 30 ilə yaxın müddətdə beynəlxalq ədalətin bərqərar olmasını, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını və ATƏT-in Minsk qrupunun üzərinə götürdüyü missiyanı yerinə yetirməsini gözlədi.
Lakin illər keçməsinə baxmayaraq, beynəlxalq vasitəçilik mexanizmləri münaqişənin həllinə nail ola bilmədi, işğal faktı aradan qaldırılmadı. Nəticədə Azərbaycan öz suveren hüququndan istifadə edərək tarixi ədaləti özü bərpa etdi.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini ağır məğlubiyyətə uğratdı və işğal altındakı torpaqlarımızın böyük hissəsini azad etdi.
Noyabrın 10-da imzalanan üçtərəfli bəyanat nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları da hərbi əməliyyatlar aparılmadan Azərbaycana qaytarıldı.
Bu Zəfər böyük qurbanlar bahasına əldə edildi. Vətən uğrunda canından keçən şəhidlərimizə borcluyuq, sağlamlığını itirən qazilərimizin fədakarlığı isə heç vaxt unudulmayacaq. Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın həmrəyliyi və dost, qardaş dövlətlərin dəstəyi qələbəmizin mühüm amillərindən oldu. İşğaldan azad edilən ərazilərimizdə dövlət bayrağımız ucaldıldı, tarixi və dini abidələrimiz, o cümlədən məscidlərimiz yenidən xalqımıza qovuşdu”.
Poltioloq deyib ki, 2023-cü il sentyabrın 19-da başlayan və cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini ölkənin bütün ərazisində tam bərpa edib: “Əməliyyat nəticəsində qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətinə son qoyuldu və Xankəndi də daxil olmaqla bütün ərazilərdə dövlət hakimiyyəti təmin edildi.
Bununla da Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesi başa çatdı. Bununla da Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycan ərazisində mövcudluğuna son qoyuldu.
Azərbaycan 30 illik münaqişəni öz siyasi iradəsi, iqtisadi imkanları və hərbi qüdrəti hesabına həll etdi. Bu proses beynəlxalq münasibətlər sistemində Azərbaycanın özünəməxsus yanaşmasını ortaya qoydu və siyasi müzakirələrdə tez-tez “Azərbaycan modeli” kimi xarakterizə edilən təcrübənin formalaşmasına səbəb oldu.
Bu gün Zəfər Günü yalnız hərbi qələbənin deyil, milli birliyin, dövlətçilik iradəsinin və ərazi bütövlüyümüzün rəmzidir.
Qarşıda duran əsas vəzifə azad edilmiş torpaqlarımızın bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və ölkəmizin davamlı inkişafının təmin edilməsidir.
Bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə şəfa diləyir, xalqımızı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edirəm. Zəfərimiz əbədi, dövlətçiliyimiz möhkəm, birliyimiz daim olsun!”
Aydın