KÖKLÜ BIR SEVGİDƏN DOĞAN DAVAM
Azərbaycan qadını deyəndə ağlımıza ilk olaraq zəriflik, incəlik, analıq gəlir. Amma elə qadınlar var ki, onlar bu zərifliyin içində bir dağ vüqarı, bir əsgər cəsarəti daşıyır. Belə qadınlardan biri də şairə, Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Ordusunun qadın zabiti Zəminə Xınalıdır. Zəminə Məhəmməd qızı Bayramova 21 mart 1964-cü ildə Qazax rayonunun igidlər yetirən Aslanbəyli kəndində anadan olub. Arazın sahilində, Qazaxın sazlı-sözlü mühitində böyüyən Zəminə uşaqlıqdan sözə, şeirə vurğun olub. Onun həyat yolu iki müqəddəs amala - ədəbiyyata və hərbə bağlıdır. O, uzun illərdir, Azərbaycan Ordusunda xidmət edir, Həzi Aslanov adına Ordu, İdeoloji və Mədəniyyət Mərkəzinin Kitabxana müdiri vəzifəsində çalışır. Kitabxananın səssiz divarları arasında o, tariximizi, şəhidlərimizin xatirəsini, ordumuzun şanlı keçmişini qoruyur və gələcək nəsillərə çatdırır.
Zəminə Xınalını xalqımıza daha yaxından tanıdan isə vətənpərvər şeirləridir. Onun qələmi heç vaxt susmayıb. Qələmi bəzən bir əsgər marşı kimi gurlayıb, bəzən bir ana laylası kimi pıçıldayıb. O, şəhid analarının göz yaşını, əsgərin yuxusuz gecələrini, Vətən həsrətini elə olduğu kimi, ürəkdən yazıb. Zəminə Xınalının yaradıcılığının zirvəsi isə onun müəllifi olduğu marşlardır. Dünya Azərbaycanlılarının Həmrəylik Marşı və Azərbaycan Sülhməramlı Qüvvələrinin Sülh Marşı onun sözləri ilə dillərə düşüb. Bu marşlar artıq təkcə bir şeir deyil, dövlətimizin, ordumuzun rəmzinə çevrilib.
Vətənpərvər Azərbaycan xanımının xidmətlərini Dövlətimiz yüksək qiymətləndirib. O, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı və "Qüsursuz Xidmətə görə" medalları ilə təltif olunub, Əməkdar Mədəniyyət İşçisi adına layiq görülüb. Zəminə Xınalı bu gün gənc qızlarımıza bir nümunədir. O sübut edir ki, qadın həm zərif şairə ola bilər, həm də Vətənin keşiyində dayanan cəsur əsgər. Onun həyatı bir məqalənin deyil, bir romanın mövzusudur - Qazaxın bir kəndindən başlayıb, Azərbaycan Ordusunun tarixinə yazılan bir ömür yolu.
Hər qadının həyatında bir sevgi olur, amma bəzən o sadəcə bir sevgi yox, taleyin sınağı olur. Zəminə Xınalının həyat yoldaşı Akif Bayramov da belə bir taleyin qəhrəmanı idi. Akif Bayramov Birinci Qarabağ müharibəsinin ən ağır illərində Vətən deyib cəbhəyə yollanan igidlərdən biri olub. O, təkcə Zəminə xanımın həyat yoldaşı deyildi, onun arxası, dayağı, şeirlərinin ilk oxucusu idi.
Zəminə xanım gənc yaşında həyat yoldaşını itirib. Akif Bayramov Vətən uğrunda şəhidlik zirvəsinə ucalanda arxada gənc bir qadın və balaca övladlar qaldı. O gündən sonra Zəminə Xınalının həm qələmi yetim qaldı, həm də ürəyi. Amma Zəminə xanım sınmadı. O, Akifin şəhidliyini bir yas kimi deyil, bir bayraq kimi daşıdı. Kədərini şeirə çevirdi. Hər yazdığı vətənpərvər şeirdə əslində Akifə olan sevgisini, Akifə olan borcunu yaşatdı. Bəlkə də buna görə onun şeirləri bu qədər ürəyə toxunur - çünki onlar yaşamadan yazılmayıb. Bu gün Zəminə Xınalı Azərbaycan Ordusunda xidmət edirsə, muzeydə şəhidlərin xatirəsini qoruyursa, marşlar yazırsa, bunun kökündə şəhid Akif Bayramovun ruhu dayanır. Qəhrəman Akif Bayramov ölməyib. O, Zəminə Xınalının hər misrasında, Azərbaycan əsgərinin addım səsində yaşayır. Onun yarımçıq qalan ömrü, həyat yoldaşının qələmi ilə əbədiləşib.
Əslən Qazax Mahalının Qaymaqlı kəndindən olan mayor Bayramov Akif Nadir oğlu 1959-cu ildə iyunun 16-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Anası Mələk xanım Bayramova uzun illər Milli Elmlər Akademiyasında Baş Elmi İşçi kimi çalışıb. Atası Bayramov Nadir Süleyman oğlu Xalq Təsərrüfatı İnstitutunun məzunu olub. Akif Bayramov orta məktəbi Bakı şəhərində bitirib. 1981-ci ildə isə Politexnik İnstitutunu (indiki Texniki Universitet) bitirib və həmin ildə də təyinatla Türkmənistana göndərilib. Az bir müddət ərzində o yenidən Moskvaya Magistral Qaz Xətləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. Qarabağ müharibəsi başlayan zaman 1992-ci ildə Moskvada evini, işini təhvil verərək könüllü olaraq döyüşlərə qatılıb. Müdafiə Nazirinin əmri ilə ön cəbhədə Əlahiddə Zirəhli Tank Qoşunları Briqadasında Taqım Komandiri təyin olunub.
Akif Bayramov Moskvadan Azərbaycana gəldiyi vaxtlar Rusiyadan gətirdiyi avadanlıqlarla Bakı şəhər Qaradağ rayonunda Yeraltı Qazsaxlama İdarəsinin qurulmasında böyük zəhməti olub.Texnika Elmləri Namizədi olduğuna görə Azərbaycan Ali Dənizçilik Məktəbində də baş müəllim kimi döyüşçü zabitlər yetişdirilməsində böyük xidmətlər göstərib. 1992-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı idarə etdiyi tankla minaya düşüb. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhadətə ucalıb.
Akif Bayramov elə bir zabit idi ki, onu tanıyan hər kəs haqqında yalnız fəxrlə danışır.
Politexnik İnstitutunun (indiki Texniki Universitetin) professoru Vahid Əfəndiyev qəhrəman şəhidimizlə bağlı xatirələrində deyir:
“1978-ci ildə Politexnik İnstitutunda Akif Bayramov mənim tələbəm olub. Akif dərsi, savadı, vətənpərvərliyi ilə tələbə yoldaşlarından çox üstün idi. Ona görə də, o mənim ən sevimli tələbəm idi. O, mühazirələrə ciddi münasibətilə, dərin analitik dərketmə və düşüncə qabiliyyətilə qrup yoldaşlarından fərqlənirdi. Mən onun diplom layihəsinin rəhbəri olmuşam. Akif diplom layihəsini başa vurandan sonra təyinatla Türkmənistan Respublikasına göndərilmişdi. Sonralar eşitdim ki, Akif savadlı kadr olduğundan onu Moskvada Magistral Qaz Xətləri üzrə direktor müavini təyin edirlər. Həqiqətən Akiflə fəxr edirdim. Onun elmi rəhbəri də mən olmuşam. Akif Texnika Elmləri Namizədi idi. Azərbaycan vətəndaşı olaraq Moskvada yüksək vəzifədə işləyən Akifin savadlı mütəxəssis kimi yetişməsində mənim də əməyim olduğu üçün onunla fəxr edirdim.
Günlərin bir günü eşitdim ki, Akif Bayramov Moskvada yüksək vəzifəsini, evini təhvil verib, Qarabağ uğrunda gedən döyüşlərə qatılıb - Əlahiddə Zirəhli Tank qoşunlarının taqım komandiri kimi xidmət edir. Onun sorağını döyüş bölgələrindən alırdım, döyüşlərdə dəfələrlə yaralandığına baxmayaraq, amalı yalnız Vətən uğrunda qələbə idi. Onun elmi-pedaqoji fəaliyyətini nəzərə alaraq Müdafiə Naziri Akifi həm də BAHDM-də baş müəllim vəzifəsinə təyin etsə də, Akif hər zaman ön cəbhədə, tankçıların taqım komandiri olaraq, zabit kimi xidmət edirdi. Sözün əsl mənasında, döyüşün ən qızğın, ən təhlükəli yerlərində idi. Akif sanki vətən üçün, döyüş üçün dünyaya gəlmişdi.
Mayor Akif Bayramov yüksək şəxsi keyfiyyətə malik, son dərəcə tələbkar, vətənini sevən zabit idi. Döyüşlər zamanı göstərdikləri fədakarlıqlarla ölümün üzünə dik baxırdı. Akif Bayramov Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı öz tankı ilə minaya düşürük canını vətənə fəda etdi. Sevimli tələbəmə Ulu Tanrıdan rəhmət diləyirəm. Məqamı ica olsun”.
BAHDM-rəisi, I dərəcəli kapitan, Filologiya üzrə fəlsəfə doktoru Nurulla Əliyev də qəhrəmanımızı böyük qürur hissi ilə xatırlayır:
“Mayor Bayramov Qarabağ uğrunda gedən döyüşlər zamanı Əlahiddə Zirəhli Tank Qoşunlarının Taqım Komandiri kimi öndə gedən zabitlərdən olub.
Hərbi xidmət dövründə özünü bacarıqlı vətənpərvər zabit kimi aparmış, verilən tapşırıqları vaxtında yerinə yetirmişdir. Elə ona görə də dəfələrlə “Fəxri fərman”lara layiq görülmüşdür.
Döyüşlərdə, ön cəbhədə olduğu dövrlərdə mayor Bayramov Vətənə olan xidməti borcunu vicdanla yerinə yetirmiş dərin biliyə malik zabit idi.
Ürəyi Vətən eşqi ilə, Qələbə əzmi ilə döyünən mayor Akif Bayramov Qarabağ müharibəsi veteranı idi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı aldığı "Hərbi travma" dan canını Vətənə fəda etdi. Mayor Akif Bayramovun əziz xatirəsi hər bir döyüşçünün, hər bir vətənpərvər insanın qəlbində daim yaşayacaqdır. Allah rəhmət eləsin”.
Müdafiə Nazirliyi Hərbi Orkestr xidməti rəisi, baş hərbi dirijor, Respublikanın xalq artisti, professor general-mayor Yusif Axundzadə vətənpərvər Azərbaycan övladını fəxrlə anır:
“Akif müəllim vətənini, xalqını ürəkdən sevən zabit, mədəni insan və gözəl ailə başçısı idi. Akif müəllim vətən torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə minaya düşərək şəhid oldu. Onun ürəyində yalnız bir arzu var idi. Qələbə arzusu! Lakin vaxtsız ölüm onun arzularını ürəyində qoydu. O, həyatdan vaxtsız köçdü. Akif müəllimin adı onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin! Qəbri nurla dolsun!”.
Bir millətin taleyində elə ailələr var ki, onların həyat hekayəsi artıq şəxsi həyat olmaqdan çıxır, bütöv bir xalqın yaddaşına çevrilir. Zəminə Xınalı - Akif Bayramov ailəsi də məhz belə ailələrdəndir.
Akif Bayramov şəhid olanda arxada iki körpə oğul qoydu - Ayaz və Arzu. Atalarını fiziki olaraq az görsələr də, lakin Zəminə xanım onlara atalarını hər gün yaşatdı. Evdə atanın şəkli, atanın kitabı, atanın vətən sevgisi haqqında söhbətlərlə böyüdü onlar. Ona görə də başqa peşəni seçə bilməzdilər. Onlar atalarının yarımçıq qoyduğu yolu davam etdirməyi qarşılarına məqsəd qoyurlar. Əslən Qazax Mahalının Qaymaqlı kəndindən olan Akif Bayramov kimi, onlar da hərbini peşə yox, namus bildilər. Silahı Vətən üçün qaldırdılar. 44 günlük Vətən Müharibəsində atalarının can verdiyi Füzuli torpaqları da daxil olmaqla, Azərbaycan torpaqları azad olunanda, o torpaqları azad edənlərin arasında məhz Akif müəllimin oğulları da var idi. Bu, bir ailə üçün ən böyük qisas, ən böyük təsəlli idi - atanın şəhid olduğu torpağı oğulları azad etdi.
Zəminə xanım 45 kitab yazıb. Azərbaycanın ali hərbi məktəblərinin, Dünya Azərbaycanlılarının Həmrəylik Marşının, Sülhməramlı Qüvvələrin marşlarının söz müəllifidir. Amma onun ən böyük əsəri, özünün dediyi kimi, Ayaz və Arzudur. O, təkcə şairə kimi yox, həm ata, həm ana olaraq iki vətənpərvər zabit yetişdirdi. Ayaz və Arzu bu gün Azərbaycan Ordusunun zabitləridir. Onlar sübut etdilər ki, şəhidlər ölmür — onlar oğullarının çiyinlərində, addımlarında yaşayır.
Bəli, bir evdə iki oğul böyüyübsə və ikisi də zabitdirsə, demək o evdə hələ də Akif Bayramovun səsi gəlir...
Elnurə İSAXAN