Advertisment

“Ucuz məktəb” modeli: modul binalar qış sınağına hazırdırmı?

Modul tipli məktəblər son illər təhsil infrastrukturunda yaranan problemlərin, xüsusilə şagird sıxlığının və məktəb çatışmazlığının aradan qaldırılması üçün alternativ həll yolu kimi diqqət çəkir. Qısa müddətdə quraşdırılması və ilkin maliyyə baxımından daha sərfəli olması bu məktəblərə marağı artırır. Bununla belə, modul məktəblərin effektivliyi yalnız tikinti sürəti və xərc meyarları ilə ölçülməməlidir. İqlim şəraiti, istilik izolyasiyası, havalandırma, yanğın təhlükəsizliyi və uzunmüddətli istismar xərcləri də nəzərə alınmalı əsas amillərdəndir. Bəs modul məktəblər ənənəvi təhsil binalarını əvəz edə bilərmi və onların ölkəmizdə tətbiqi nə dərəcədə səmərəli ola bilər?

Təhsil eksperti Rizvan Fikrətoğlu Herbiand.az-a açıqlamasında bildirib ki, modul tipli məktəblər təhsil infrastrukturunda yaranan problemlərin, xüsusilə də şagird sıxlığının və məktəb çatışmazlığının aradan qaldırılması üçün operativ həll yollarından biri hesab olunur:

“Lakin bu məktəblərə yalnız tikinti müddətinin qısa və ilkin maliyyənin aşağı olması prizmasından yanaşmaq tam düzgün deyil. Əsas məsələ həmin məktəblərin uzunmüddətli istismar zamanı təhlükəsiz, komfortlu və iqtisadi baxımdan səmərəli olmasıdır. Tikinti müddəti və maliyyə baxımından yanaşdıqda, modul tipli məktəblərin ənənəvi daş və dəmir-beton binalarla müqayisədə əsas üstünlüyü quraşdırma prosesinin daha operativ həyata keçirilməsidir. Bunun başlıca səbəbi konstruksiya elementlərinin əvvəlcədən zavod şəraitində hazırlanması və tikinti sahəsinə hazır vəziyyətdə gətirilməsidir. Nəticədə ərazidə görülən işlərin böyük hissəsini montaj və mühəndis-kommunikasiya sistemlərinin qurulması təşkil edir. Ərazidə isə əsasən quraşdırma və mühəndis kommunikasiya işləri həyata keçirilir. Modul məktəblərin quraşdırılması ölçüsündən və hazırlıq vəziyyətindən asılı olaraq bir neçə həftədən bir neçə aya qədər başa çıxa bilər. Ənənəvi məktəblərin tikintisi isə layihələndirmə, bünövrənin qurulması, daşıyıcı konstruksiyaların inşası və digər tikinti işlərini əhatə etdiyindən, adətən daha uzun müddət tələb edir. İlkin xərc baxımından modul məktəblər daha sərfəli ola bilər, lakin onların daş məktəblərdən konkret neçə dəfə ucuz olduğunu bütün layihələrə şamil etmək olmaz. Müqayisə eyni şagird tutumu, sahə, təchizat, istilik sistemi və keyfiyyət standartları əsasında aparılmalıdır. Burada vacib məqam odur ki, modul məktəblərin ucuz baş gəlməsi onun sonrakı istismar xərclərinin aşağı olması demək deyil. Mənim fikrimcə modul tipli məktəblərlə bağlı ən ciddi müzakirə məhz bu sərt iqlim şəraitində istilik və havalandırma effektivliyidir. Azərbaycanın iqlim müxtəlifliyi nəzərə alınaraq, Quba, Qusar, Şahdağ ətrafı, Daşkəsən və Gədəbəy kimi soyuq bölgələrdə inşa edilən məktəblərlə aran rayonlarındakı məktəblərin eyni texniki həllər əsasında layihələndirilməsi düzgün yanaşma deyil. Hər bir ərazinin iqlim xüsusiyyətlərinə uyğun fərdi mühəndislik və tikinti həlləri tətbiq olunmalıdır”.

Ekspert hesab edir ki, modul məktəblərin istilik effektivliyi istifadə olunan materialların keyfiyyətindən, divar və dam panellərinin qalınlığından, eləcə də istilik izolyasiyasından, pəncərələrin xüsusiyyətlərindən, qapıların keyfiyyətindən asılıdır: “Modul məktəblərdə müasir sendviç panellərdən, keyfiyyətli istilik izolyasiyasından və düzgün quraşdırılmış pəncərə sistemlərindən istifadə istilik itkisinin əhəmiyyətli dərəcədə azaldılmasına imkan verir. Hətta bu texnologiyalar düzgün tətbiq olunduqda, belə məktəblər bəzi hallarda keyfiyyətsiz tikilmiş ənənəvi daş binalardan daha yaxşı istilik göstəricilərinə malik ola bilər. Lakin burada iki əsas amil xüsusi əhəmiyyət daşıyır: istilik sisteminin effektivliyi və havalandırmanın düzgün təşkili. Soyuq bölgələrdə istilik sistemi ərazinin qeydə alınan ən aşağı xarici temperatur göstəriciləri nəzərə alınmaqla layihələndirilməlidir. Bu sistem yalnız sinif otaqlarının qızdırılmasını deyil, həm də istiliyin bütün otaqlara bərabər paylanmasını təmin etməlidir. Havalandırma məsələsi də xüsusi diqqət tələb edir. Belə ki, sinif otaqlarında çoxsaylı şagirdlərin eyni vaxtda olması karbon qazının və rütubətin səviyyəsinin yüksəlməsinə, nəticədə isə daxili hava keyfiyyətinin pisləşməsinə səbəb ola bilər. Buna görə də havalandırmanın yalnız pəncərələrin açılması hesabına təmin edilməsi kifayət deyil. Məktəblərdə nəzarət olunan hava mübadiləsi sistemləri, imkan daxilində isə istilik itkisini azaldan istilik bərpa qurğuları tətbiq olunmalıdır. 2026-cı ildə təsdiqlənmiş sosial binaların layihələndirmə normalarında sinif otaqları üçün havanın temperaturu 18°C, hava mübadiləsi isə saatda azı iki dəfə nəzərdə tutulur. Həmçinin hər şagird yeri üçün saatda minimum 20 kubmetr xarici hava verilməsi tələbi müəyyən edilir. Bu göstəricilər modul məktəblərin layihələndirilməsi və istismarı zamanı da nəzərə alınmalı mühüm texniki meyarlardır. Bu tələblər modul məktəblərin layihələndirilməsi zamanı da əsas texniki meyarlar kimi nəzərə alınmalıdır”.

İstismar müddətinə gəlincə, ekspert hesab edir ki, modul məktəblər üçün vahid müddət göstərmək düzgün olmaz. Çünki bu, istifadə olunan konstruksiya materiallarının keyfiyyətindən, metal elementlərin korroziyadan qorunma səviyyəsindən, istilik izolyasiyasından, dam örtüyünün davamlılığından və texniki xidmətin müntəzəmliyindən asılıdır.

“Başqa sözlə, binanın nə qədər müddət yararlı vəziyyətdə qalacağını müəyyən edən əsas amillərdən biri tikintidə hansı keyfiyyətdə materiallardan istifadə olunmasıdır. Burada mühüm bir məqamı da nəzərə almaq lazımdır: modul tipli bina mütləq müvəqqəti və ya qısamüddətli tikili demək deyil. Bəzən bu anlayış yanlış olaraq yalnız müvəqqəti tikinti ilə əlaqələndirilir. Halbuki keyfiyyətli materiallarla inşa edilən, düzgün layihələndirilən və müntəzəm texniki xidmət göstərilən modul məktəblər uzun illər istifadəyə yararlı ola bilər. Keyfiyyətli layihələndirilən və düzgün istismar olunan modul binalar uzun müddət xidmət göstərə bilər. Lakin dövlət bu məktəblərin tikintisi zamanı istehsalçı və podratçı qarşısında bir sıra mühüm texniki tələblər qoymalıdır. İlk növbədə, konstruksiyaların normativ istismar müddəti, dam və divar panellərinin zəmanət müddəti, istilik izolyasiyasının uzunmüddətli dayanıqlılığı, metal konstruksiyaların korroziyaya davamlılığı və yanğın təhlükəsizliyi göstəriciləri dəqiq müəyyənləşdirilməlidir. Eyni zamanda, gələcəkdə təmir işlərinin aparılması və ehtiyat hissələrinin təmin olunması imkanları da nəzərə alınmalıdır. Əsas məsələ modul məktəbin yalnız istifadəyə verildiyi vaxt deyil, beş və ya on il sonra da hansı texniki vəziyyətdə olacağının təmin edilməsidir. Bunun üçün istifadəyə verilmiş modul məktəblərdə mütəmadi texniki monitorinq və keyfiyyətə nəzarət həyata keçirilməlidir. Bütün bunlarla yanaşı, modul məktəblərin bir sıra üstünlükləri də mövcuddur. Modul tipli məktəblərin əsas üstünlüklərindən biri quraşdırma prosesinin sürətli olmasıdır. Ənənəvi tikintidən fərqli olaraq, konstruksiya elementləri əvvəlcədən zavod şəraitində hazırlanır və tikinti ərazisində əsasən montaj işləri həyata keçirilir. Layihənin həcmindən, məktəbin ölçüsündən və ərazinin hazırlıq vəziyyətindən asılı olaraq, quraşdırma prosesi bəzi hallarda bir neçə həftə, bəzən isə təxminən bir ay çəkə bilər”-deyə, o bildirib.

R.Fikrətoğlunun sözləriə görə, digər üstünlük iqtisadi səmərəliliklə bağlıdır: “Xüsusilə şagird sayı az olan kəndlərdə böyük məktəb binasının tikintisi əvəzinə modul tipli məktəbin qurulması dövlət büdcəsinə qənaət etməyə imkan verə bilər. Bundan başqa, bu məktəblər çeviklik və daşınma imkanları ilə də fərqlənir. Şagird sayındakı dəyişikliklərə uyğun olaraq sinif otaqlarının sayını artırmaq və ya azaltmaq, bəzi konstruksiya elementlərini isə başqa əraziyə köçürərək yenidən quraşdırmaq mümkündür. Bu baxımdan modul məktəblər, xüsusilə əhalisi az olan və relyefi mürəkkəb yaşayış məntəqələrində təhsilin əlçatanlığının təmin edilməsi üçün məqsədəuyğun həll yolu ola bilər. Lakin modul məktəblərin üstünlükləri ilə yanaşı, müəyyən çatışmazlıqları və riskləri də mövcuddur. İlk növbədə, iqlim şəraitindən asılılıq məsələsini qeyd etmək lazımdır. İstilik izolyasiyası keyfiyyətsiz olduqda qış aylarında ciddi istilik itkisi, yayda isə sinif otaqlarının həddindən artıq qızması problemi yarana bilər. Havalandırma sistemlərinin düzgün layihələndirilməməsi də sinif otaqlarında hava keyfiyyətinin pisləşməsinə səbəb ola bilər. Eyni zamanda, dam örtüyü, birləşmə nöqtələri, metal konstruksiyalar və izolyasiya materialları mütəmadi texniki nəzarət və xidmət tələb edir”.

Ekspertin fikrincə, digər mühüm məqam məktəbin şagird tutumudur: “Böyük şagird kontingenti olan təhsil müəssisələrində modul sistem hər zaman optimal həll hesab edilə bilməz. Belə hallarda ənənəvi məktəb binalarının tikintisi daha məqsədəuyğun ola bilər. Bundan əlavə, səs izolyasiyası da diqqətdən kənarda qalmamalıdır. İstifadə olunan panellərin konstruksiyasından asılı olaraq sinif otaqları arasında səskeçirmə problemi yarana bilər. Yanğın təhlükəsizliyi də ayrıca qiymətləndirilməlidir. Xüsusilə izolyasiya materiallarının yanğına davamlılığı və bütövlükdə konstruksiyanın yanğın təhlükəsizliyi müvafiq texniki ekspertizadan keçirilməlidir.

Maliyyə məsələsinə gəldikdə, modul məktəblərin ənənəvi təhsil binalarından xeyli ucuz başa gəlməsi mümkündür. Təxmini müqayisə apararkən bir ənənəvi məktəbin tikintisinə ayrılan vəsait hesabına bir neçə modul məktəb, bəzi hallarda hətta 10 modul məktəb inşa etməyin mümkün olduğu bildirilir. Lakin bu nisbəti bütün layihələrə aid etmək və təsdiqlənmiş iqtisadi göstərici kimi təqdim etmək düzgün olmaz. Çünki məktəblərin şagird tutumu, ümumi sahəsi, mühəndis-kommunikasiya sistemləri, təchizatı, yerləşdiyi ərazi və relyef şəraiti fərqlidir. Düzgün müqayisə üçün hər iki tikinti modelində bir şagird yerinə düşən ilkin xərc və 20-30 il ərzində yaranacaq ümumi istismar xərcləri hesablanmalıdır. Yalnız bu halda hansı modelin iqtisadi baxımdan daha səmərəli olduğunu müəyyən etmək mümkündür”.

Təhsil eksperti hesab edir ki, modul tipli məktəblər Azərbaycan üçün vacib və praktik infrastruktur həllərindən biridir: “Xüsusilə qəzalı vəziyyətdə olan kənd məktəblərinin əvəzlənməsi, ucqar yaşayış məntəqələrində təhsilin əlçatanlığının təmin edilməsi və şagird sıxlığının azaldılması baxımından bu təcrübənin əhəmiyyəti böyükdür. Bununla belə, modul məktəblərin tikintisini yalnız sürət və ucuzluq meyarları əsasında qiymətləndirmək doğru deyil. Unutmaq olmaz ki, məktəb sadəcə şagirdlərin dərs keçdiyi bina deyil, uşaqların günlərinin böyük hissəsini keçirdikləri təhsil və sosial mühitdir.

Bu baxımdan üç əsas prioritetə diqqət yetirilməlidir. Birincisi, modul məktəblər inşa edilərkən ərazinin coğrafi və iqlim xüsusiyyətləri nəzərə alınmalı, xüsusilə soyuq bölgələrdə gücləndirilmiş istilik izolyasiyası və effektiv havalandırma sistemləri tətbiq olunmalıdır. İkincisi, istifadəyə verilən məktəblərdə istilik itkisi, daxili hava keyfiyyəti, yanğın təhlükəsizliyi və konstruktiv dayanıqlılıq üzrə müstəqil texniki ekspertiza və mütəmadi monitorinq aparılmalıdır. Üçüncüsü, modul məktəblərin normativ istismar müddəti və ümumi xərcləri ənənəvi məktəb binaları ilə müqayisəli şəkildə qiymətləndirilməlidir.

Ən vacib məqam isə budur: dövlət üçün əsas hədəf sadəcə ucuz məktəb tikmək deyil, ayrılan vəsait hesabına uzunömürlü, təhlükəsiz və keyfiyyətli təhsil mühiti yaratmaq olmalıdır. Modul məktəblər ənənəvi məktəb binalarını tam əvəz edən model kimi deyil, düzgün ərazilərdə və müvafiq texniki standartlar əsasında tətbiq olunan alternativ təhsil infrastrukturu kimi inkişaf etdirilməlidir”.

 

Məhəmməd Əliyev

Herbiand.az