Advertisment

AYİB-in Qafqaz rəhbəri: Azərbaycanda gənc sahibkarların maliyyələşmə tələbi 1,5 mlrd. dollardır

Azərbaycanda gənc sahibkarların maliyyələşməyə potensial tələbatı 1,5 milyard ABŞ dolları həcmində qiymətləndirilir.

Herbiand.az xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə direktoru Tomas Kayris bankın yeni bazar araşdırmasının nəticələrinə istinadən bildirib.

Onun sözlərinə görə, gənc sahibkarlar Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində, yeni iş yerlərinin yaradılmasında və bizneslərin qurulmasında mühüm rol oynayırlar. Lakin maliyyə resurslarına və müvafiq dəstək mexanizmlərinə çıxış imkanlarının məhdudluğu onların qarşısında maneə yaradır.

Tomas Kayris qeyd edib ki, AYİB “Youth in Business” (“Biznesdə gənclər”) proqramı vasitəsilə bu vəziyyəti dəyişməyi hədəfləyir.

Bu istiqamətdə ilk mühüm addım Avropa İttifaqının dəstəyi ilə “AccessBank”a 20 milyon ABŞ dolları məbləğində kreditin ayrılması olub.

AYİB maliyyələşməni biznes məsləhətləri, təlimlər və digər praktiki dəstək mexanizmləri ilə birləşdirərək gənc sahibkarların biznes ideyalarını reallaşdırmasına kömək etməyi nəzərdə tutur.

Bankın əsas məqsədlərindən biri də bu imkanların paytaxtla məhdudlaşmaması və Azərbaycanın regionlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gəncləri əhatə etməsidir.

“Gənc sahibkarlara investisiya yatırmaq Azərbaycanın iqtisadi gələcəyinə investisiya yatırmaq deməkdir”, – Tomas Kayris vurğulayıb.