Advertisment

DİM imtahanlarda buraxılış rejimini aparan namizədlərin elektron qeydiyyatına başlayır

Dövlət İmtahan Mərkəzi tərəfindən müxtəlif peşə sahələrində çalışan ictimaiyyət nümayəndələrinin imtahan prosesində buraxılış rejimini aparan əməkdaş qismində cəlb edilməsi üçün elektron qeydiyyat başlayır.

DİM-dən Herbiand.az-a verilən məlumata görə, qeydiyyat müddəti 7 yanvar 2022-ci il saat 18:00-dək davam edəcək.

Qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının vətəndaşı olan, məhkumluğu olmayan, ali və ya orta ixtisas təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda hazırda işləyən (və ya iş yerinin olub-olmamasından asılı olmayaraq pedaqoji profilli ixtisaslar üzrə bakalavr ixtisas dərəcəsi olanlar), yaşı 21-40 (buraxılış rejimini aparan əməkdaşların hazırkı bazasında olanlar üçün 21-45 yaş) arasında olan, həmçinin fiziki və psixoloji cəhətdən sağlam, COVID-19 vaksin və ya immunitet sertifikatı olan qadın əməkdaşlar müraciət edə bilərlər.

Qeydiyyat üçün ilk olaraq namizədlər Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olaraq “Şəxsi kabinet” açmalı və daha sonra verilən verilən link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat və müsahibə mərhələsi ödənişsizdir.

Qeydiyyatdan uğurla keçən namizəd DİM-ə dəvət olunaraq sənədləri yoxlanılır və təhsili, fəaliyyəti, iş təcrübəsi, fiziki-psixoloji sağlamlığı və s. keyfiyyətlərinin dəqiqləşdirilməsi ilə bağlı ilkin müsahibədən keçirilir.

Müsahibədən uğurla keçən namizədlər müvafiq təlimlərə cəlb olunacaq.