Son dövrlər ictimai nəqliyyatda diqqət çəkən məsələlərdən biri də gənclərin yaşlı insanlara, qadınlara və ehtiyacı olan sərnişinlərə yer vermək ənənəsinə əvvəlki qədər əməl etməməsidir. Halbuki uzun illər cəmiyyətimizdə böyüklərə hörmətin göstəricilərindən biri məhz ictimai nəqliyyatda onlara yer vermək hesab olunub. Bu davranış təkcə nəzakət qaydası deyil, həm də sosial məsuliyyət və mənəvi dəyərlərin təzahürü kimi qəbul edilib. Lakin müasir dövrdə bu ənənənin zəiflədiyi ilə bağlı fikirlər səsləndirilir. Bəs bu dəyişiklik nə ilə əlaqədardır? “Z” nəslinin fərqli dünyagörüşü və davranış xüsusiyyətləri, yoxsa gənclərin gündəlik həyatdakı gərgin iş qrafiki, sosial və psixoloji yorğunluğu onların ictimai münasibətlərinə təsir göstərir? Bu, cəmiyyətdə hörmət və nəzakət anlayışlarının dəyişməsinin göstəricisidir, yoxsa müasir həyatın yaratdığı yeni reallıqdır?
Psixoloq Fərqanə Mehmanqızı Herbiand.az-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda yaşlılara və qadınlara yer verilməsi kimi etik davranışlar əvvəlki dövrlərlə müqayisədə zəifləyib:
“İctimai nəqliyyatda diqqət etdiyimiz məsələlərdən biri də budur ki, əvvəllər böyük yaşlı insanlara, qadınlara kişilər, cavan oğlanlar yer verirdilər. İndi ictimai nəqliyyatdan istifadə etməsəm də, insanların dediklərinə görə, artıq bu münasibət əvvəlki kimi deyil.
Düşünürəm ki, zaman keçdikcə bizim avropalaşmaq istəyimiz, Avropa stilində övlad böyütmək arzumuz həddindən artıq olub. Bu da, bir növ, “avropalaşma”nın nəticəsidir. Çünki əvvəllər, məsələn, Türkiyədə və ya digər xarici ölkələrdə avtobusda insanlara yer verilmədiyini görəndə mənə qəribə gəlirdi.
Bizdə də bir vaxtlar belə müzakirələr yaranırdı ki, yaşlı qadınlara yer veriləndə bunu özlərinə təhqir hesab edənlər var. Hətta sosial şəbəkələrdə müzakirələr gedirdi ki, niyə yer versinlər, bunda nə var? Xaricdə qadınlar yer verilməsini təhqir kimi qəbul edirlər, amma bizdə belə deyil”.
Fərqanə xanımın sözlərinə görə, qadın-kişi münasibətlərini, böyük-kiçik münasibətlərini, eqo məsələsini o qədər adiləşdirdilər ki, insanlar eqo ilə narsizmi, özgüvənlə eqoizmi səhv salmağa başladılar. Nəticədə insanlarda əsasən “mənəm” obrazı formalaşdırıldı: “Sağ olsunlar bizim psixoloqlarımız, sağ olsunlar “yaşam kouç”larımız, bu istiqamətdə əllərindən gələn və gəlməyən hər şeyi etdilər. İnsanlara daim “əsas sənsən” fikrini təlqin etdilər. Halbuki insanın dəyərində əsas amillərdən biri onun sevdikləri, cəmiyyətdə tutduğu mövqedir. Bu dəyərləri məhv etdilər.
Ona görə də utanmaq hissi, etik dəyərlər, ictimai etika aradan qalxdı. Bunlar zəiflədikcə, təəssüf ki, belə mənzərələrin şahidi oluruq”.
Yunis İsrəfilov