Advertisment

Şəhidlərin doğum və anım günləri münasibətilə Kəngərli rayonunda silsilə tədbirlər keçirilib

Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış şəhid leytenant Güloğlan Nurəddin oğlu Qədimovun, əsgər Təbriz Çapay oğlu Əsgərovun və əsgər Məhəmməd Nurəddin oğlu Əliyevin doğum günləri, həmçinin əsgər İsa Mülkədar oğlu Ağayevin anım günü münasibətilə Kəngərli rayonunda silsilə tədbirlər keçirilib.
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat xidməti bildirir ki, tədbirlər çərçivəsində əvvəlcə Xok kənd qəbiristanlığında şəhidlər Təbriz Əsgərovun və Məhəmməd Əliyevin, daha sonra Qıvraq qəsəbəsində şəhid leytenant Güloğlan Qədimovun, sonda isə Qarabağlar kəndində şəhid İsa Ağayevin müqəddəs məzarları ziyarət olunub. Şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, dini icmanın sədri tərəfindən Qurani-Kərimdən ayələr oxunub, məzarları üzərinə tər qərənfillər düzülüb, dualar edilib və xatirə şəkilləri çəkdirilib.
Qıvraq qəsəbəsindəki ziyarətdən sonra Kəngərli Rayon Mədəniyyət Sarayında şəhid leytenant Güloğlan Qədimovun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən bəhs edib. O vurğulayıb ki, şəhidlərimizin misilsiz qəhrəmanlığı, rəşadətli Azərbaycan Ordusunun şücaəti və Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olunub.
İcra başçısı bildirib ki, Prezident cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdikləri yüksək diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Qeyd olunub ki, bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması və onların müraciətlərinin operativ həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Daha sonra şəhid valideynləri, Əlahiddə Ümumqoşun Ordunun zabiti və Vətən müharibəsi iştirakçısı çıxış edərək şəhidlərimizin qəhrəmanlıq yolundan danışıb, onların əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm örnək olduğunu bildiriblər.
Tədbirin bədii hissəsində şəhidlərə həsr olunmuş videoçarxlar nümayiş etdirilib, vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib, bədii kompozisiyalar təqdim olunub. Tədbir iştirakçıları qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edərək onların Vətən qarşısındakı misilsiz xidmətlərinin heç zaman unudulmayacağını vurğulayıblar.

Bəxtiyar ƏLİYEV