Advertisment

Paşinyan yenidən Ermənistanın Baş naziri təyin olunub

Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın imzaladığı fərmana əsasən, Nikol Paşinyan yenidən ölkənin Baş naziri təyin edilib.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, müvafiq sənəd Prezidentin rəsmi internet səhifəsində dərc olunub. Fərmanda bildirilir ki, Ermənistan Konstitusiyasının 149-cu maddəsinin 1-ci hissəsinə uyğun olaraq Nikol Paşinyan Baş nazir vəzifəsinə təyin edilib.

Xatırladaq ki, iyunun 7-də keçirilən parlament seçkilərindən sonra formalaşan yeni çağırış parlamentin ilk iclası avqustun 2-də baş tutub. Ermənistan Konstitusiyasına əsasən, yeni seçilmiş parlamentin ilk iclası günü hökumət istefa verməlidir.

Bu səbəbdən Baş nazir Nikol Paşinyan avqustun 2-də istefa ərizəsini Prezident Vaaqn Xaçaturyana təqdim edib. Prezident hökumətin istefasını qəbul etdikdən sonra Konstitusiyanın tələblərinə uyğun olaraq parlamentdə çoxluğa malik siyasi qüvvənin irəli sürdüyü namizədi Baş nazir təyin edib.

Parlamentdə çoxluğu təşkil edən Vətəndaş Müqaviləsi Partiyası Baş nazir postuna yenidən Nikol Paşinyanın namizədliyini irəli sürüb və Prezident onun təyinatını rəsmiləşdirib.