Ukrayna Silahlı Qüvvələri avqustun 3-nə keçən gecə Rusiyanın nəzarətində olan Krım yarımadasında, eləcə də Bryansk və Belqorod vilayətlərində yerləşən bir sıra hərbi hədəflərə zərbələr endirdiyini bəyan edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında açıqlama yayıb.
Məlumatda bildirilir ki, Krımın Novoye Jizn yaşayış məntəqəsi yaxınlığında yerləşən artilleriya briqadasının maddi-texniki təminat anbarı və təmir-bərpa bazası hədəfə alınıb.
Açıqlamaya əsasən, Bryansk vilayətinin Navlya rayonunda zərbə tipli pilotsuz uçuş aparatlarının saxlanıldığı, hazırlandığı və buraxıldığı obyekt də vurulub.
Bundan əlavə, Krımın Okunovka və Naumovka yaşayış məntəqələri yaxınlığındakı logistika anbarlarının, Belqorod vilayətinin Oktyabrski qəsəbəsində yerləşən yanacaq-sürtkü materialları bazasının, həmçinin Krımın Artemovka rayonu ərazisindəki rabitə qovşağının zərbələrə məruz qaldığı qeyd olunub.
Ukrayna tərəfi əməliyyatın nəticələri ilə bağlı əlavə məlumat verməyib. Rusiya rəsmiləri isə bu açıqlamaya hələlik münasibət bildirməyiblər.